Məhkəmə qərarları › İş №2(002)-3017/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3017/2025

25.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3017/2025 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsgəndərova Zöhrə Ədalət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ondan əsassız olaraq tutduğu 1453.20 manat vəsaitin ona geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Pioner meydanı ərazi dairəsində 7 saylı evdə yaşayır. Baxmayaraq ki, istehlak etdiyi təbii qazı üzrə yaranmış borcu vaxtında ödəyir, cavabdehin əməkdaşları onu əsassız və Qanunsuz olaraq cərimələmişlər. Xüsusilə də, istehlak etdiyi təbii qaz həcmi üzrə sayğac göstəricilərini ona dəqiq bildirmədən, ona heç bir əsası olmayan əlavə vəsaitlər ödətdiriblər. 2021-ci ilin noyabr ayında ona əsassız olaraq 432 manat cərimə yazılmışdır. Bu cərimədən onun heç bir xəbəri olmadan 2022-ci ilin iyul ayında ona bunu ödətdirmişdilər. 2023-cü il ərzində 1312,68 manat həcmində təbii qazdan istifadə etdiyim halda ona 1376,39 manat ödəniş elətdiriblər. (63,71 manat artıq ödəniş). 2024-cü ilin fevral ayında bir daha əsassız olaraq 777,60 manat cərimə etmişlər və həmin cəriməni ona istehlak etdiyi təbii qazın dəyəri olaraq 2024-cü ilin sentyabr ayında ödətdirmişlər. 2024-cü il ərzində 881,62 manat təbii qazdan istifadə etməyimə baxmayaraq ona həmin ildə 1736,60 manat ödəniş elətdiriblər (854,98 manat artıq ödəniş, bundan 777,60 manat isə cərimə ödənişidir). 2025-ci ilin yanvar ayı ərzində 143,19 manat həcmində təbii qazdan istifadə etdiyinə baxmayaraq ona 245,70 manat artıq ödəniş elətdiriblər (102,51 manat artıq ödəniş). Nəticədə ona istehlak etdiyim təbii qazın dəyərindən əlavə olaraq ümumilikdə 1453,20 (bir min dördyüz əlli üç iyirmi) manat əsassız olaraq vəsait ödətdiriblər. O heç bir şəkildə təbii qaza qanunsuz olaraq qoşulmamış və sayğacdan-kənar əlavə xətti olmayıb. Hər ay mütəmadi olaraq ödənişləri **********10000 saylı istehlakçı hesabına həyata keçirmişdir. İddiaçı oğlu məhkəməyə ərizə göndərərək, iddia ərizəsində qeyd edilmişlərin onun izahatı kimi qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən əlavə xətt qoşulduğunu bildirdi. Cavabdeh İB tərəfindən xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz göndərərək bildirdi ki, Abonentin qazdan istifadə etdiyi bütün dövr ərzində smart qaz sayğacı olmamışdır (GASREP proqramı üzrə saldo əlavə olunur) 2. Bu halda istehlakçıdan onun iradəsi əleyhinə hər hansı tutmanın aparılması mümkün olan hal deyildir 3. Abonentin haqqında 2 dəfə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilib. xx.xx.2021-ci il tarixli ******* saylı akt və xx.xx.2024-cü il tarixli ******* saylı akt əasında aşağıdakı qaydada borc məbləğləri müəyyən edilərək abonentin hesabına daxil edilmişdir. Azərbaycan Mertologiya İnsititutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2021-ci il tarixli MSK-29/1710-04462-1 saylı “Sayğacın yoxlanması haqqında” aktına əsasən “sayğacın hesablama mexanizminin arasında yad cism( lent) aşkar edildi” yi qeyd olunmuşdur. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2021-cü il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 432.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Həmçinin də xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” akt əsasında dəymiş zərərin məbləği 777.60 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayınadək sayğac göstəricisi ümumiyyətlə qeydə alınmayıb. Bu da öz növbəsində sayğaca müdaxilə faktını təsdiq edən haldır. Həmçinin də 2023-cü il və 2024-cü ilin sərfiyyat məbləğlərini müqaisə edəndə yenidən sayğaca müdaxilə halını müəyyən etmək mümkün olur. Buna görə də iddiaçı öz təqsirini bildiyi üçün də sayğaca müdaxilə ilə bağlı 432 + 777.60 = 1209.30 manat borcunu ödəmişdir. İlk aktın yazılması dövründən bu günə qədər iddiaçının - Sayğac üzrə borcu – 2691.00 manat - Limitdən artıq istifadə üçün – 257.71 manat - Ödənişi 4158.01 manat təşkil etmişdir. Beləliklə, 4158.01 –(2691.00+ 257.71) = 1209.30 manat Göründüyü kimi sırf sayğac göstəricisi üzrə borcdan əlavə ödəniş 1209.30 manat təşkil etmişdir. Lakin iddiaçı “zorla” ona 1209.30 manat yox, 1453.20 manat ödətdirildiyini iddia edərək həmin məbləği mübahisəndərmişdir ki, bunun səbəbi də məlum deyildir. (fərq 243.90 manat) Eyni iddia tələbi üzrə bir neçə dəfə eyni məhkəməyə müraciət edən, hər dəfə də ona özünün könüllü ödəmiş olduğu məbləği “zor” tətbiq edilməsi nəticəsində ödədiyini iddia edən, lakin bunun haqqında heç bir sübut təqdim etməyən iddiçının iddia tələbi tamamilə əsassızdır və heç bir sübuta söykəmir Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, rəyi verilmiş və dəymiş ziyanın hesablanması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-cü il tarixli 29/1710-04462-1 №-li “Sayğacın yoxlanması haqqında” aktına əsasən yekun rəy aşağıdakı kimi olmuşdur:“ sayğacın hesablam mexanizminin arasında yad cisim (lent) aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Pioner meydanı ev 7 ünvanı üzrə **********10000 saylı abonent koduna 2024-cü il üzrə 777.60 manat məbləğində pul hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu borc məbləği ilə razılaşmamış və həmin məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, etiraz göndərmiş və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə),bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanınatəqdimetməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsiniistehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Abonentin saldosundan isə müəyyən olunur ki, həmin borc 2024-cü ili əhatə edir. Cavabdeh İB isə iddiaçıya qarşı hər hansı bir inzibati məsuliyyət tədbiri görməmiş, iddiaçı isə məhkəmə iclasında sayğaca müdaxilə etməsini və ya qanunsuz qoşulmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı və Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı oğlunun yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********10000) hesablanmış 777.60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə müəyyən edildi ki, hazırkı borc iki əsas üzrə biri 2021 il üzrə qanunsuz qoşulma üzrə 432 manat, digəri isə 2024-cü il sayğaca müdaxilə halından üzrə 777,60 manat yaranan borcdur. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Belə olan halda məhkəmə qeyd edir ki, 2024-cü il sayğaca müdaxilə halından üzrə 777,60 manat yaranan borc üzrə qeyd edilən prosedur qaydalar tətbiq olunmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı oğlunun yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********10000) hesablanmış 777.6 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar