Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3033/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 fevral 2018-ci il tarixdə Bakı şəhəri 45 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 1S-1762 nömrəsi ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında X2 adına verilmiş Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Rövşən Rzayev küçəsi 20 saylı evin 36 saylı mənzili barəsində olan RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi R.Rzayev küçəsi 20 saylı evin 36 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin mənzili qarşılıqlı razılığa əsasən 27 fevral 2018-ci il tarixdə oğlu Üzeyir Bağırova bağışlamışdır ki, 80 yaşı var, oğlu ilə bir mənzildə yaşayır, oğlu və gəlini qoca vaxtında ona arxa olub qayğı göstərərlər. Hər şey qaydasında idi. Lakin oğlu xx.xx.2022-ci il tarixdə yaşadıqları mənzildə birdən-birə vəfat etmişdir. Oğlunun vəfatından sonra həyat yoldaşı, gəlini olan Cavabdeh mənzilin özünə məxsus olduğunu əsas gətirməklə onu yaşadığı mənzildən çıxarmaqla yaşayış sahəsindən məhrum etməyə çalışır. İndi başa düşmüşdür ki, aldanmışdır. Göründüyü kimi, cavabdeh aralarındakı razılaşmanın şərtlərini pozduğundan qanunvericiliyin tələblərinə görə bağışlama müqaviləsinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də, hazırki tələblə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. Sözügedən bağışlama müqaviləsi mərhum həyat yoldaşı X4 ilə İddiaçı arasında bağlanmışdır. Həmin müqavilənin bağlanmasından sonra Üzeyir Bağırov öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və mənzilin mülkiyyətçisi olaraq, sahibliyini həyata keçirmişdir. Qeyd edilən müqavilə onunla bağlanmamışdır. O və övladları X2 1-ci dərəcəli vərəsəsi olaraq, notariat kontoruna müraciət etmişlər və qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasını gözləyirlər. İddiaçı hazırki iddianın verilməsi üçün heç bir hüquqi əsas göstərə bilməmişdir. Həmçinin hazırki iddianın verilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti də keçmişdir. Bundan başqa, qeyd edilən iddia ümumiyyətlə əsassızdır. İddiaçı iddiasını yalnız öz mülahizəsinə uyğun əsaslandırır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi, cavabdehin etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi R.Rzayev küçəsi 20 saylı evin 36 saylı mənzilini Bakı şəhəri 45 saylı Notariat Ofisində 27 fevral 2018-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu - X3 bağışlamışdır. Həmin bağışlama müqaviləsi və digər sənədlər Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı ərazi idarəsi X2 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi R.Rzayev küçəsi 20 saylı evin 36 saylı mənzili üzərində tam pay üzrə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində 2828 saylı reyestr kitabının 263724 nömrəli vərəqində qeydiyyata almış, X3 14 mart 2018-ci il tarixdə tərtib olunmuş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli 2(002)- 1765/2022 saylı qətnaməsindən görünür ki, X2 09 may 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Tələbini bağışlama müqaviləsini oğlunun və cavabdehin ona ömrünün sonuna kimi baxacaqları şərti ilə bağladığı ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 668.1.1 və 668.1.2-ci maddələrinə əsasən daşınmaz əmlakların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariatda təsdiq edildikdə müqavilə etibarlı sayılır. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmaqla hər hansı öhdəliyin icrasından asılı edilməmiş, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Cavabdehin mərhum ərinin öz atasına, yəni hazırki iş üzrə iddiaçıya ömrünün sonuna kimi baxması barədə şərt müqavilədə nəzərdə tutulmamışdır. Əgər hədiyyə verən hədiyyə alandan ömrünün sonuna kimi özünün saxlanılmasını təmin etmək məqsədini güdürdüsə, belə halda o, ömürlük renta müqaviləsi bağlaya bilərdi. Lakin işdən görünür ki, iddiaçı hədiyyə alan qarşısında heç bir şərt qoymadan onunla bağışlama müqaviləsi bağlamışdır. Bağışlama müqaviləsi üzrə hədiyyə alan vəfat etmişdir. İş üzrə cavabdeh mərhum hədiyyə alanın həyat yoldaşı və qanun üzrə vərəsəsi olmaqla, bağışlama müqaviləsinin tərəfi deyil. Bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin hər hansı tələbi pozulmamışdır, bağışlama üzrə hədiyyə alan cavabdeh deyil, cavabdehin mərhum əridir. Bağışlama müqaviləsində hər hansı şərt nəzərdə tutulmamışdır. Digər sözlə ifadə etdikdə, bağışlama müqaviləsi hər hansı öhdəliyin icrasından asılı edilməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3033/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3033/2022
20.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver