Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3041/2025 06.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - 19 noyabr 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun övladıdır. X2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 şizofreniya - paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı ilə üçüncü dərəcəli əlildir. Təəssüf ki, oğlu psixi xəstədir, özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı vardır. Oğluna xüsusi qulluq olmaqla, ona kiminsə baxması zəruridir və övladına qəyyum təyin edilməlidir. Bu səbəbdən, X2nun fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi zəruridir. Hazırda oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ona oğlunun üzərində qəyyum təyin olunması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə iclasında ərizə tələbini qəbul etdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi 19 noyabr 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 anasıdır (əsas: xx.xx.1991-ci il tarixdə verilmiş XVİ- JQ seriyalı 381356 saylı doğum haqqında şəhadətnamə). İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin xx.xx.2025-ci il tarixli 3282 saylı rəyindən görünür ki, X4 şizofreniya paranoid forma, psixi qüsur halı müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Səhhəti onun məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən də göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 noyabr 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3041/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3041/2025
06.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver