Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-306/2025 14.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhətri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu 286 saylı məktəbin verdiyi 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı əsas təhsil haqqında şəhadətnaməsində səhvən yazılmış X9 əvəzinə X10 olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu 286 saylı məktəbin verdiyi 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı əsas təhsil haqqında şəhadətnamənin ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Lerik rayonu Kələxan kəndində doğulmuşdur. xx.xx.2006-cı il tarixdə xx.xx.1983-cü il təvəllüdlü, Cəbrayıl rayon sakini X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bakı şəhəri Yasamal rayonu 286 saylı məktəbdə 1992-ci ildən 2001-ci ilədək təhsil almışdır və 9-cu sinfi bitirmişdir. Əsas təhsil haqqında 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı şəhadətnaməni almışdır. Lakin həmin şəhadətnamədə adı Ayna əvəzinə «Günay» kimi qeyd olunmuşdur. Belə ki, məktəb sənədlərində şagird kimi adı, soyadı, atasının adı X2 qeyd olunmuşdur. Bu barədə Bakı şəhəri 286 saylı məktəbin xx.xx.2023-cü il tarixli A- 3203/23 saylı arayışında da qeyd olunmuşdur. Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı məktubda X5 attestatda adının səhv olaraq «Günay» kimi qeyd edilməsi ilə əlaqədar olaraq korlanmış attestat əvəzinə yeni attestatın verilməsini xahiş etmişdir. Həmin İdarənin xx.xx.2019-cu il tarixli 2625-01/06 saylı cavab məktubu ilə attestatın yenisi ilə əvəz olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 30 may 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 360546 saylı doğum haqqında şəhadətnamənin və xx.xx.2020-ci il tarixdə verilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənova (nikah bağlanandan sonra Xəlilova soyadını qəbul etmişdir) Ayna Zahid qızı xx.xx.1984-cü il tarixdə Lerik rayonu Kələxan kəndində doğulmuşdur. - 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı şəhadətnamədən görünür ki, zəruri məlumatlar göstərilməklə vətəndaş X6 əsas təhsil haqqında şəhadətnamə təqdim olunmuşdur. - xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 277714 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X10 arasında nikah xx.xx.2006-cı il tarixdə Cəbrayıl rayon VVADQ şöbəsində 371 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Xəlilova soyadı verilmişdir. - 2 saylı Lökbatan MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1384 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri ünvan 2 ünvanda yaşayır. - 286 saylı tam orta məktəb tərəfindən verilmiş 04 dekabr 2023-cü il tarixli A- 3203/23 saylı arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Xəlilova (Həsənova) ayna (Günay) Zahid qızı həqiqətən 1992-ci ildən 2001-ci ilədək məktəbdə təhsil almış, məktəbin bütün sinif jurnallarında şagirdin adı X2 qeyd edilmiş, müvafiq olaraq 2001-ci ildə 9-cu sinfi bitirdiyi barədə ümumi orta təhsil haqqında B seriyalı 412801 saylı şəhadətnamə almışdır. Məktəb sənədlərində şagird X2 tanınmışdır. - Bakı şəhəri üzrə Təhsil İdarəsinin 23 may 2019-cu il tarixli 2625-01/06 saylı məktubundan görünür ki, 286 saylı tam orta məktəbi 2001-ci ildə bitirdiyini iddia edən X5 adının attestatda səhv olaraq «Günay» kimi qeyd edilməsi ilə əlaqədar olaraq korlanmış attestat əvəzinə yeni attestatın verilməsi barədə məktəbin məktubuna baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış məktubda 2001-ci ilə aid sənədlərdə Ayna Həsənova adlı şagirdin adının olmadığı, Günay Həsənova adlı şagirdin isə sənədlər əsasında, həqiqətən məktəbi bitirdiyi və attestat aldığı qeyd olunmuşdur. X1 2001-ci ildə məktəbi bitirmiş X9 ilə eyni şəxs olduğunu təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Odur ki, attestatın yenisi ilə əvəz olunması üçün hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi məqsədi ilə vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarından göründüyü kimi, ərizəçi X8 verilmiş 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı şəhadətnamədə ərizəçinin adı səhvən Günay kimi yazılmışdır. Halbuki, ərizəçinin adı Aynadır və şəxsiyyətini təsdiq edən sənədlərdə düzgün qeyd olunmuşdur. Məktəbdə təhsil alan uşağın adının məktəb jurnallarına (davamiyyət, dərslərdən aldığı qiymətlər və s. qeyd edildiyi standart jurnallar) səhv yazılması hallarına çox tez-tez olmasa da, rast gəlinir. Bu, onunla bağlıdır ki, şəhərlərdə, rayonlarda, ələlxüsus da kənd yerlərində qız və oğlan uşaqlarına rəsmi şəkildə ad verilməsinə baxmayaraq, ailədə, yaxud qohum-qonşu arasında həmin uşaqlara digər adlarla müraciət olunur, bəzən uşağa verilən rəsmi ad deyil, qeyri-rəsmi ad (ikinci ad, ayama və s.) məktəbin sənədləşməsinə daxil edilir. Eləcə də, bu, digər səbəblərlə (texniki, yaxud mexaniki səhv, istinad olunan arayış və s. ilkin sənədlərdə adın səhv göstərilməsi və s.) də bağlı ola bilər. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı şəhadətnamədə ərizəçinin adında səhvə yol verilərək, Günay kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin verdiyi 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı əsas təhsil haqqında şəhadətnamə xx.xx.1984-cü il tarixdə Lerik rayonu Kələxan kəndində doğulmuş Xəlilova (qızlıq soyadı Həsənova) Ayna Zahid qızına məxsusdur. Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin verdiyi 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı əsas təhsil haqqında şəhadətnamənin xx.xx.1984-cü il tarixdə Lerik rayonu Kələxan kəndində doğulmuş Xəlilova (qızlıq soyadı Həsənova) Ayna Zahid qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin verdiyi 27 iyun 2001-ci il tarixli, B seriyalı 412801 saylı əsas təhsil haqqında şəhadətnamənin xx.xx.1984-cü il tarixdə Lerik rayonu Kələxan kəndində doğulmuş Xəlilova (qızlıq soyadı Həsənova) Ayna Zahid qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-306/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-306/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver