Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3078/2023 23.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və Cavabdeh İB tərəfindən onun adına (ünvanına) itrilmiş təbii qazın 1.432 manat 25 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Onlarla Cavabdeh İB arasında bağlanmış müqaviləyə əsasən həmin ünvana «Smart» qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac 14 fevral 2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. 31 mart 2023-cü il tarixdə isə akt tərtib etmişlər ki, guya sayğaca müdaxilə edilmişdir. Halbuki aktdan onun xəbəri olmamış, eləcə də imzalamaq üçün ona təqdim edilməmişdir. Yalnız Cavabdeh İB-yə müraciət etdikdən sonra həmin aktın mövcudluğundan xəbəri olmuşdur. O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. Sayğac onun evindən kənarda yerləşir. O, gecəgündüz sayğaca nəzarət edə bilməz. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Sayğacın çıxış plasmas qoruyucusunun deşilməsi gözlə görünən xətadır və əgər sayğacda bəmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Lakin onun sayğacı istismar müddətinin bitməsi səbəbindən dəyişdirilmiş, dəyişdrilərkən də qeyd olunan nasazlıq guya aşkar edilmişdir. Heç bir əsas olmadan ona cərimə yazılması tam əsasızdır. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də, ona heç bır cavab verilməmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşdirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. Göründüyü kimi, əvvəlki sayğacın istismar müddəti bitmişdir, istismar müddəti 5 il olan sayğac müddətindən artıq işləmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə öncəki məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı X2 uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 1555,20 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar İB-nin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin mart ayında yoxlama aparılmış və aşkar olunmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 1555,20 manat həcmində ziyan vurmuşdur. Həmçinin, İBnin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin fevral ayında yoxlama aparılmış və aşkar olunmuşdur ki, iddiaçının qaz sayğacı mənfiyə işləyir, yəni 1432.25 manat həcmində borc yaranmışdır. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçı X1 təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 2987,45 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Təsadüfi deyil ki, «Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X4»nin Tədbirlər Planının 4.1.4-cü bəndində «Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi» təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlib. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalmaz tədbirlər həyata kəçirilməsi enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. «Əhalinin tabii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi barədə» 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması ücün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə istinad edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda sərf etdiyi təbii qazın sərfiyyatının hesabatını aparan sayğac götürülmüş, yeni sayğac quraşdırılmışdır. Həmin akt iddiaçı tərəfindən imzalanmışdır. 31 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda sərf etdiyi təbii qazın sərfiyyatının hesabatını aparmış, 14 fevral 2023-cü il tarixdə çıxarılan sayğacın dövlət yoxlaması zamanı sayğacın çıxış plastmass qoruyucusunun deşilməsi müəyyən edilmişdir. 31 mart 2023-cü il tarixli aktda həmçinin qeyd olunmuşdur ki, iddiaçı aktla tanış olsa da, aktı imzalamamışdır. 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə adlı sənəddən görünür ki, yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən cavabdehə cəmi 12960 m3 (6 x 24 x 90 = 12960 m3) qazın bərpası üçün ödəniş hesablanmışdır. Laboratoriyanın xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-3188-1 saylı aktında qeyd olunmuşdur ki, çıxarılmış sayğacın sayğacın çıxış plastmass qoruyucusunda deşik aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, sərf edilməsi qeyd olunan təbii qaz həcminə görə abonent koduna akt üzrə 1.555,20 manat borc hesablanmışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində deyil, evdən kənarda quraşdırılmışdır və iddiaçı sayğacın nasazlığına, zədələnməsinə, aşınmasına və bu kimi hallara görə məsuliyyət daşımır. İddiaçının həmin sayğaca müdaxilə etməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 31 mart 2023-cü il tarixli ******* saylı akt ləğv edilməli, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı həmin akt üzrə hesablanmış cərimə (borc) silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 mart 2023-cü il tarixli ******* saylı akt ləğv edilsin. Cavabdeh əməkdaşları tərəfindən İddiaçı abunə koduna həmin akt üzrə hesablanmış cərimə (borc) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3078/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3078/2023
23.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver