Məhkəmə qərarları › İş №2(002)-310/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-310/2022

11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-310/2022 11.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Firmasının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Firmasına, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin Cavabdeh2 adına qeydiyyata alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Firması tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin alğı-satqısına dair Cavabdeh2 verilmiş yeni müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında göstərilən mənzilin Cavabdeh2 adına qeydiyyata alınması barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış 31 iyul 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 sentyabr 2004-cü il tarixdə Cavabdeh2 ilə rəsmi nikah qeyd etdirərək evlənmiş və birgə yaşayış dövründə onların 2006-cı ildə iki uşaqları doğulmuşdur. Evləndikdən sonra, 29 avqust 2005-ci il tarixdə, birgə nikah dövründə "xxxx" Firması ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzil alınmışdır. Həmin mənzilin alınması barədə "xxxx" Firması ilə 29 avqust 2005-ci il tarixdə müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. "xxxx" Firmasının 20 dekabr 2008-ci il tarixli maliyyə arayışı da onun adına yazılmışdır. Cavabdeh2 ilə bir müddət bir yerdə yaşasalar da, sonradan aralarında narazılıqlar yaranmış və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli, 2(002)-629/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh2 nikah qeydi ləğv edilmişdir. 2020-ci ildə onun Cavabdeh2 qarşı əmlak bölgüsü barədə iddia ərizəsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, Cavabdeh2 cavabdeh "xxxx" Firması vasitəsi ilə bütün sənədləri onun adına qeydiyyata alınmış göstərilən mübahisəli mənzili qanunsuz olaraq öz adına rəsmiləşdirmiş və 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Yuxarıda göstərildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin İİ məhəlləsində inşa edilən 1 girişli, 10 mərtəbəli, 36 mənzilli yaşayış binasında 3-cü mərtəbəsində ümumi sahəsi 52 m2 olan bir otaqlı 12 saylı mənzilin alınması barədə "xxxx" Firması ilə 29 avqust 2005-ci il tarixli müqavilə onunla bağlanmış, onun tərəfindən imzalanmış və mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 İddiaçı iddia ərizəsinə dair etiraz təqdim edərək, etirazında göstərmişdir ki, İddiaçı çıxarışın ləğvinə dair iddia tələbi tam əsassız və yanlış iddia tələbidir. Belə ki, iddiaçının bundan əvvəl sözügedən mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair iddia tələbinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılıb hüquqi qiymət verilmişdir. Hər iki Məhkəmə Kollegiyasının mövqeyi belə olmuşdur ki, iddiaçı ona qarşı əmlakın bölgüsü tələbi üzrə sözügedən müdahisəli mənzilə iddia etmək üçün 3 illik iddia müddətini ötürmüşdür və həmin mənzilə iddia etmək hüququnu itirmişdir. Belə ki, həmin mübahisəyə baxılan zaman İddiaçı işə baxan məhkəmə tərkibini yanıldaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli «birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair işin baxılmamış saxlanması barədə» qərardadını məhkəmə tərkibindən gizlətmiş və bununla da məhkəmə tərkibinin iddia müddətinin axımını düzgün müəyyən edə bilməməsinə nail olmuşdur. Lakin onlar tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qərardadı Ali Məhkəməyə təqdim edildikdən sonra, Ali Məhkəmə ədalətli və obyektiv qərar qəbul edərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etmişdir. O cümlədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası da Ali Məhkəmənin qərarındakı göstərişlərə riayət edərək, İddiaçı birgə nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi, həmin mənzildən iddiaçının payına düşən 1/2 hissəsinin dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi barədə qətmanə qəbul etmişdir. Bu səbəbdən, hesab edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək sözügedən mübahisəli mənzilə hazırkı iddiaçının payının müəyyən olunmaması barədə məhkəmə qərarları olduğu halda iddiaçının bu cür iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməsi məhkəmənin boşuna vaxtını almaqdan başqa bir şey deyil. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti isə hazırkı iddia tələbi üçün görünüş yaratmaqdan başqa bir şey deyil. Adi insan məntiqi yertər anlasın ki, Azərbaycan Respublikası Ali Məhkəməsi bir mübahisə üzrə iki fərqli mövqe nümayiş etdirməz. Bunu anlamaq üçün nə hüquqşünas, nə də vəkil olmağa ehtiyac yoxdur. Sonda onu da qeyd etmək istəyir ki, iddiaçı məcburi şəkildə uşaqlarına ödədiyi 600 manat alimentdən onun imtina etməsi üçün 3 ildir ki, bu cür əsassız iddialarla çıxış edib məhkəmələrə və vəkillərə xərclədiyi pulu alimentə ödəsə idi, hazırda aliment vermək öhdəliyindən azad olunmuş olardı. Təəssüf. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Firmasının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, İddiaçı "xxxx" Firmasına və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi ilə bağlı qeyd edirlər ki, İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, şərti olaraq «A» binasında, 3-cü mərtəbədə, 1 otaqlı, ümumi sahəsi 52 m2 olan, 12 nömrəli izolə olunmuş mənzil İddiaçı satılmışdır. Həmin Müqaviləyə 1 saylı əlavəyə əsasən mənzilin ümumi dəyəri 15.600 ABŞ dolları müəyyən olunmuş və müqavilə bağlanan gün 2.500 ABŞ dolları ilkin ödəniş edilmişdir. İlkin ödəniş edildikdən sonra yerdə qalan 13.100 ABŞ dolları məbləğində pul vəsaiti hissə-hissə ödənilmiş və 08 oktyabr 2008-ci il tarixdə sonuncu ödəniş edilmişdir. Qeyd edirlər ki, 2019-cu ilin iyul ayında Cavabdeh2 "xxxx" Firmasına müraciət edərək bildirmişdir ki, İddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin onun adına dəyişdirilməsinə razıdır, İddiaçı burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini hal-hazırda onlara təqdim edə bilmir, İddiaçı həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir, İddiaçı mənzilə dair mülkiyyət hüququna dair tezliklə çıxarış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir. Bildirirlər ki, həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən çoxmənzilli binalarda olan mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kütləvi şəkildə aparılırdı və həmin Fərmanın qüvvədə olma müddəti 01 yanvar 2020-ci il tarixədək müəyyən edilmişdir. Məhz bu səbəbdən də, 2019-cu ildə "xxxx" Firması tərəfindən inşa olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 2-ci məhəllədə inşa edilən 1 bloklu 36 mənzilli «A» binasında yerləşən mənzillərə də çıxarışlar verilməsinə başlanılmışdır. Həmçinin qeyd edirlər ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikahın pozulmasından onların məlumatları olmamışdır. Buna görə də, Cavabdeh2 yuxarıda qeyd olunan sözləri ilə (İddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin onun adına dəyişdirilməsinə razıdır, İddiaçı burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini hal-hazırda onlara təqdim edə bilmir, İddiaçı həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir, İddiaçı mənzilə dair mülkiyyət hüququna dair tezliklə çıxarış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir) "xxxx" Firmasının rəhbərliyini inandırmış, eləcə də, "xxxx" Firmasının rəhbərliyinin Cavabdeh2 ilə İddiaçı arasında olan nikahın pozulmasından məlumatı olmadığına görə, buna görə də, onların ər-arvad olduğunu bildiyinə görə İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqaviləni Cavabdeh2 adına dəyişdirərək 04 iyul 2019-cu il tarixli müqavilə bağlanmış və maliyyə arayışı verilmişdir. Qeyd edirlər ki, Cavabdeh2 tərəfindən həmin mənzilə görə "xxxx" Firmasına hər hansı məbləğdə ödəniş edilməmiş, həmin maliyyə arayışı mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün tələb olunduğuna görə Cavabdeh2 adına verilmiş və Cavabdeh2 verilmiş maliyyə arayışı İddiaçı tərəfindən mənzilin dəyəri kimi ödənilmiş ödənişlər əsasında tərtib edilmişdir. Təxminən 2020-ci ilin sonlarında onlara məlum olmuşdur ki, Cavabdeh2 ilə İddiaçı arasında olan nikah 2014-cü ildə pozulmuş və Cavabdeh2 "xxxx" Firmasının rəhbərliyini aldadaraq 2019-cu ilin iyul ayında həmin mənzilə dair müqavilənin öz adına dəyişdirilməsinə nail olmuşdur. Qeyd olunan iddia ərizəsi üzrə mülki işə baxılarkən qeyd olunan xüsusatların nəzərə alınmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Bəbir qızı və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh "xxxx" Firmasının nümayəndəsi və vəkili X2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 29.08.2005-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Firmasının direktoru (İcraçı) X3 ilə İddiaçı (sifarişçi) arasında – Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi İİ məhəllədə inşa edilən 1 bloklu, 36 mənzilli, 10 mərtəbəli, şərti olaraq «___» binasında İİİ mərtəbədə 1 otaqlı, ümumi yaşayış sahəsi 52 m2 olan 12 saylı izolə olunmuş mənzilin satılması və bunun müqabilində mənzilin hər 1 m2-nin dəyərini razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə ödənilməsi barədə müqavilə bağlanmışdır. - 20.12.2008-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən mənzilə görə 14.040 manat məbləği "xxxx" Firmasına ödənilmişdir. - 04 iyul 2019-cu il tarixli maliyyə arayışında isə "xxxx" Firması tərəfindən qeyd olunmuşdur ki, mübahisə predmeti olan mənzil üçün Cavabdeh2 11.310 manat ödəniş etmişdir. - 04 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, buna heç bir əsas olmadığı halda, İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilə Cavabdeh2 adına dəyişdirilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Əliyar Gülbabayev küçəsi 30C saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3099 nömrəli reyestr kitabının 289420 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin faktiki hallarından aşkar şəkildə görünür ki, "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmaqla bağlandığından, etibarsızdır. Eləcə də, mənzilə görə təyin olunmuş məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi qeyd olunmuş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı da etibarsızdır. Çünki, cavabdehin məhkəməyə yazılı şəkildə təqdim etdiyi ərizədə mənzilə dair müqavilənin "xxxx" Firması ilə İddiaçı arasında hələ 29.08.2005-ci il tarixdə bağlanması, mənzilə görə müəyyən olunmuş 14.040 manat pul vəsaitinin İddiaçı tərəfindən "xxxx" Firmasına ödənilməsi, buna dair iddiaçıya 20.12.2008-ci il tarixli maliyyə arayışı verilməsi, üçüncü şəxs Cavabdeh2 Firmaya verdiyi həqiqətə uyğun olmayan məlumatlara inanaraq iddiaçı ilə bağlanmış müqavilənin üçüncü şəxslə bağlanması, üçüncü şəxs Cavabdeh2 Firmaya hər hansı ödəniş etməməsi, üçüncü şəxsə maliyyə arayışının iddiaçı tərəfindən edilmiş ödənişlərə istinad olunaraq verilməsi və s. xüsusatlar etiraf olunur. Bundan başqa, iş materiallarında olan sənədlərdən də yuxarıda qeyd olunan faktiki hallar bariz şəkildə görünür. Göründüyü kimi, "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə görə təyin olunmuş məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi qeyd olunmuş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı birmənalı şəkildə etibarsızdır. Üçüncü şəxs Cavabdeh2 "xxxx" Firmasına öz maraqlarının təmin edilməsi üçün yalan məlumat verməklə, bağlandığı andan etibarsız olan müqavilənin bağlanmasına və maliyyə arayışı almasına nail olmuşdur. Cavabdeh "xxxx" Firması üçüncü şəxsin verdiyi məlumata inanaraq, iddiaçı ilə əlaqə saxlamadan, üçüncü şəxsin verdiyi məlumatları yoxlamaq imkanı olmasına baxmayaraq, üçüncü şəxsin verdiyi yanlış məlumat əsasında etibarsız müqavilə bağlamış, üçüncü şəxs pulunu ödəmədiyi halda mənzilin pulunun üçüncü şəxs tərəfindən ödənilməsinə dair etibarsız maliyyə arayışı vermişdir. Cavabdeh Firma qeyd olunanları etiraf edir. Üçüncü şəxs öz etirazının əsası kimi eyni tərəflər arasında olan digər mübahisə üzrə məhkəmə aktlarına istinad edir. Lakin, məhkəmə qeyd edir ki, hazırkı iddianın əsasları əqdlərin etibarsızlığı ilə bağlı olmaqla, üçüncü şəxsin istinad etdiyi məhkəmə aktları hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Məhkəmə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla bağlı qeyd edir ki, həmin çıxarış etibarsız əqd olan müqavilə və maliyyə arayışına istinadən verildiyindən, ləğv edilməlidir. Belə ki, müqavilə etibarsız olmaqla, onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməz. Məhkəmə hesab edir ki, iddia təmin edilməklə yanaşı, hazırkı mülki iş üzrə xüsusi qərardad çıxarılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iş üzrə üçüncü şəxs Cavabdeh2 cavabdeh "xxxx" Firmasına yanlış, həqiqətə uyğun olmayan məlumatlar (İddiaçı həmin mənzilə dair bağlanmış 29 avqust 2005-ci il tarixli müqavilənin onun adına dəyişdirilməsinə razıdır, İddiaçı burda olmadığına görə mənzilə dair müqavilənin onun adına dəyişdirilməsinə dair razılıq ərizəsini hal-hazırda onlara təqdim edə bilmir, İddiaçı həmin razılıq ərizəsini Firmaya təqdim edəcəkdir, İddiaçı mənzilə dair mülkiyyət hüququna dair tezliklə çıxarış alınması üçün müqavilənin onun adına dəyişdirilməsinə etiraz etmir məzmunlu) verməklə, mahiyyət etibarı ilə iddiaçının adına, iddiaçı ilə bağlanmış və dəyəri iddiaçı tərəfindən ödənilmiş mənzil üzərində əlavə hüquqlar əldə etmək üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin və təqdim olunmuş maliyyə arayışının öz adına dəyişdirilməsinə nail olmuşdur. Məhkəmə hesab edir ki, xüsusi qərardad məhz üçüncü şəxs olan Cavabdeh2 barəsində çıxarılmalıdır. Belə ki, cavabdeh Firma üçüncü şəxsin verdiyi məlumatın həqiqi olduğuna inanmış, iddiaçı ilə üçüncü şəxsin aralarında ailə münasibətlərinin kəskinləşdiyini və tərəflərin nikahlarının pozulmasından xəbəri olmamış, hər hansı bir maddi və sair maraqları olmadan, Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli, 529 nömrəli Fərmanına əsasən çoxmənzilli binalarda olan mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün, heç nədən şübhələnməyərək və iddiaçı ilə üçüncü şəxsin verdiyi məlumatın doğru olub-olmamasını yoxlamadan, qeyd olunan müqaviləni və maliyyə arayışını üçüncü şəxsin adına dəyişdirmişdir. Bunun nəticəsində, üçüncü şəxs etibarsız müqavilə və maliyyə arayışına əsasən mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmuş, bununla da iddiaçının Konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən, xüsusi qərardad məhz üçüncü şəxs Cavabdeh2 barəsində çıxarılmalıdır. Xüsusi qərardadın cavabdeh Firma barəsində çıxarılması üçün əsaslar yoxdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə görə təyin olunmuş məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi qeyd olunmuş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, 30 C saylı evin 12 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Firması ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2019-cu il tarixli müqavilə və mənzilə görə təyin olunmuş məbləğin Cavabdeh2 tərəfindən ödənilməsi qeyd olunmuş 04 iyul 2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 30 C saylı evin 12 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş 31 iyul 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar