Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3173/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ İH) 10 iyun 1977-ci il tarixli 57 saylı qərarının X4 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ İH) 10 iyun 1977-ci il tarixli 57 saylı qərarına əsasən Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Füzuli küçəsi 46 saylı evin 22 saylı mənzili 13 iyul 1977-ci il tarixli 167151 saylı orderlə mərhum X3na verilmişdir. Həmin qərarın surəti dövlət arxivində öz əksini tapmışdır. Evin orderinə ailə üzvü kimi anası X8, bacısı Aybəniz, qardaşı Rəşad və o, qeyd edilmişdir. X3 02 noyabr 1981-ci il tarixdə, anası X8 20 iyul 1994-cü il tarixdə, qardaşı Rəşad isə 20 dekabr 2020-ci il tarixdə vəfat etmişlər. Hazırda həmin mənzili özəlləşdirmək istəyir, lakin arxiv arayışında mənzil 22 əvəzinə «45» kimi yazılmışdır. Lakin bütün sənədlərdə, o cümlədən orderdə mənzil 22 kimi yazılmışdır. Mənzilin nömrəsində olan bu uyğunsuzluğa görə evin sənədləşdirilməsi mümkün olmamışdır. Hazırki hüquqi faktın müəyyən edilməsi ona mənzilin özəlləşdirilməsi üçün lazımdır. Həmin qərar hüquqmüəyyənedici sənəddir, evin sənədləşdirilməsi üçün əsasdır və o, bunu başqa yolla təsdiq edə bilmir. Həmin sənəddə olan uyğunsuzluğun düzəldilməsi üçün Maraqlı şəxsnə müraciət etsələr də, İH tərəfindən düzəliş edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 30 aprel 2024-cü il tarixli məktubu ilə ərizəçi X2 təqdim olunmuş, Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ RİH) 10 iyun 1977-ci il tarixli 57 saylı iclas protokolundan (qərarından) görünür ki, 4-cü blokda, 5-ci mərtəbədə, sahəsi 35,72 m2 olan 3 otaqlı mənzil X4 verilmişdir. Yuxarıda qeyd olunan protokolda (qərarda) mənzilin nömrəsi səhvən «45» kimi yazılmışdır. Halbuki, ərizəçinin atasına təqdim olunmuş mənzilin nömrəsi 22 olmuşdur. - 13 iyul 1977-ci il tarixli 167151 saylı orderdən görünür ki, Qaradağ rayon XDS İKnın (indiki Qaradağ RİH) 10 iyun 1977-ci il tarixli 57 saylı protokoluna əsasən Bakı şəhəri Qaradağ rayonu stansiya Ələt, Füzuli küçəsi 46 saylı evin 22 saylı mənzili (blok 4, mərtəbə 5, otaqların sayı 3, sahəsi 35,72 m2) 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, övladları) X4 verilmişdir. - Ölüm haqqında şəhadətnamələrdən (xx.xx.1981, İİ-JQ № 320161; xx.xx.1994, İİ- JQ № 454666) görünür ki, Sleyman Xəlilov 2 noyabr 1981-ci il tarixdə, həyat yoldaşı Səkinə Xəlilova 20 iyul 1994-cü il tarixdə vəfat etmişlər. - 09 yanvar 2021-ci il tarixli AZ-İİ seriyalı 124638 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 (ərizəçinin qardaşı) 20 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. - Maraqlı şəxs 31 may 2024-cü il tarixli, 5-13/1-X-13-091/24 saylı məktubundan görünür ki, X1 müraciətinə İcra Hakimiyyətində baxılmışdır. Ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyənləşdirilməsini həyata keçirdiyi izah edilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin atasına verilmiş mənzilin nömrəsi yuxarıda qeyd olunan - Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ RİH) 10 iyun 1977-ci il tarixli 57 saylı iclas protokolunda (qərarında) səhvən 45 kimi yazılmışdır. Halbuki, həmin mənzilin nömrəsi 22-dir və digər sənədlərdə (orderdə) düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, yuxarıda adı çəkilən protokolda (qərarda) ərizəçinin atasına verilmiş mənzilin nömrəsində səhvə yol verilərək, 45 kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ İH) 10 iyun 1977-ci il tarixli 57 saylı qərarı X4 (ərizəçinin atasına) məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ İH) 10 iyun 1977-ci il tarixli 57 saylı qərarının (Bakı şəhəri Qaradağ rayonu stansiya Ələt, Füzuli küçəsi 46 saylı evin 22 saylı mənzili (blok 4, mərtəbə 5, otaqların sayı 3, sahəsi 35,72 m2) 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, övladları) X4 verilməsi barədə) X4 (ərizəçinin atasına) məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qaradağ rayon XDS İK-nın (indiki Qaradağ İH) 10 iyun 1977-ci il tarixli 57 saylı qərarının (Bakı şəhəri Qaradağ rayonu stansiya Ələt, Füzuli küçəsi 46 saylı evin 22 saylı mənzili (blok 4, mərtəbə 5, otaqların sayı 3, sahəsi 35,72 m2) 6 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, övladları) X4 verilməsi barədə) X4 (ərizəçinin atasına) məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3173/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3173/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver