Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3229/2024 27.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 12000 (on iki min) manat kompensasiya ödənilməklə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, ev 59 onun xüsusi mülkiyyətindədir. O, həmin evə dair xx.xx.1996-cı il tarixdə qeydiyyat vəsiqəsi almış, 2017-ci ildə qeydiyyat vəsiqəsini çıxarışla əvəz etmişdir. Yaşayış evi ötən əsrin 50-60-cı illərində inşa edilmiş köhnə tikili olmaqla təmirsiz və şəraitsiz vəziyyətdədir. Qeyd edilən yaşayış evində o, cavabdehlərlə birgə yaşayır. Cavabdeh1 onun oğlu, digər cavabdehlər isə Fəhradın həyat yoldaşı və uşaqlarıdır. İddiaçı özü 1940-cı il təvəllüdlüdür, 84 yaşı vardır, təqaüddə və xəstə olan adamdır. Vəziyyəti ilə bağlı övlad qayğısına və mənəvi dəstəyə ehtiyacı vardır, qalan ömrünü öz evində sakit şəraitdə yaşamaq istəyir. Buna baxmayaraq, uzun müddətdir cavabdehlər ona nəinki maddi və mənəvi dəstək olmur, özünə məxsus evdə normal yaşamasına imkan vermirlər, hətta onu evdən qovacaqları ilə hədələyirlər. Artıq bu hallara dözümü yoxdur. Dörd otaqlı yaşayış evinin faktiki bir otağında yaşamağa məcbur edilmişdir, bu yaşında yeməyini belə özü bişirir, hər gün cavabdehlər tərəfindən təhqir olunur. Aralarında olan münaqişəyə görə tez-tez polisə müraciət etməli olurlar. Oğlu Fəhrad evin çıxarışını gizlətdiyinə görə polisə şikayət etmiş, polisin təzyiqi ilə çıxarış özünə qaytarılmışdır. Cavabdehlər onun qohumlarının belə onu ziyarət etməsinə icazə vermirlər. Şəraitin dözülməz olduğunu nəzərə alaraq, 12000 manat kompensasiya ödəməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçının yaşı, səhhəti, mülkiyyətçi olması, tərəflər arasında münaqişəli vəziyyətin dözülməz olması nəzərə alınaraq, iddia təmin edilməlidir. Həmçinin, yaşayış evi onsuz da köhnə tikili olmaqla şəraitsizdir, təklif edilən kompensasiya cavabdehlərə oxşar şəraitdə uzun müddət yaşamağa imkan verir. Əvvəlki məhkəmə işində tədqiq edilmiş ekspert rəyinə əsasən, həmin şəraitdə evin illik kirayə haqqı 1200 manat, hazırda məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlak Agentliyinin arayışına əsasən aylıq 200-250 manatdır. Cavabdeh tərəfin təqdim etdiyi kirayə müqavilələri isə saxtadır, belə ki, onlar tərəfindən hər hansı kirayə mənzil tutulmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, digər cavabdehlər olan ailə üzvləri ilə birlikdə 1990-cı illərdən həmin evdə yaşayır. Başqa yaşayış yerləri yoxdur. Atası olan iddiaçı həqiqətən onlarla yola getmir, oğlu Arifdən teztez polisə şikayət edir, hətta onun özündən evin çıxarışına görə polisə şikayət etmişdir. Hazırda təklif edilən kompensasiya məbləği ilə qəti olaraq razı deyildir. Lakin atası tərəfindən 25-30 min manat məbləğində kompensasiya ödənilərsə, ailəsi ilə birlikdə evdən istifadə hüquqlarına xitam verilməsinə razı olar. Ərazidə kirayə qiyməti barədə maklerə müraciət etmiş, makler ona müqavilə blankları vermiş, o isə onları dolduraraq məhkəməyə təqdim etmişdir, faktiki olaraq hazırda kirayə ev tutmamışdır. Qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh4 izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı daim ailədə münaqişə yaradır, ən xırda məsələyə görə onun barəsində polisə şikayət edir. Başqa yaşayış yerləri yoxdur. Hazırda təklif edilən kompensasiya məbləği ilə qəti olaraq razı deyildir. Lakin iddiaçı tərəfindən 25-30 min manat məbləğində kompensasiya ödənilərsə, cavabdehlər həmin evdən istifadə hüquqlarına xitam verilməsinə razı olar. Qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 038505 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 07 nömrəli reyestr kitabında xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 368 nömrəli reyestr kitabının 34418 nömrəli vərəqində xx.xx.2017-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evdə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlak Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci massiv tərəfdə yerləşən həyət evlərinin kirayə haqqı təxminən 200-250 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1448/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı 6000 (altı min) manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iş materillarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 13 iyul 2023cü il tarixli, LP-107/2023 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evin müvafiq şəraitinə uyğun həmin ərazidə və həmin şəraitdə evin illik kirayə haqqı dəyəri 1200-1560 manatdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-856/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı oğunun Cavabdeh1 qarşı kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1448/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan İ-ZJ seriyalı, 959955 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı il tarixdə Amasiya rayonunda anadan olmuşdur. Onun atası İddiaçıdur. İş materiallarında olan AZ-T seriyalı, 054888 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 20 aprel 1990-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Musayeva” soyadı verilmişdir. İş materiallarında olan XVİİ-JQ seriyalı, 443817 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli evlərin kirayə müqaviləsindən görünür ki, Vəli Əhmədov Cavabdeh4 aylıq kirayə haqq 500 manat olan mənzili kirayə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli evlərin kirayə müqaviləsindən görünür ki, Fəyaz Fəttayev Cavabdeh1 aylıq kirayə haqq 450 manat olan mənzili kirayə vermişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evin mülkiyyətçisi İddiaçıdur, cavabdehlər isə onun oğlu və oğlunun ailə üzvləri olmaqla 1990-cı illərdən həmin evdə yaşayırlar. İzahatlar və iş materiallarında olan sübutlar, o cümlədən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1448/2023 saylı qətnaməsi təsdiq edir ki, mülkiyyətçi olan, 84 yaşlı iddiaçının özünə məxsus evdə yaşamasına cavabdehlər tərəfindən ciddi maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur, münaqişə nəticəsində iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Digər tərəfdən, həmin ərazidə eyni şəraitə uyğun evlərin kirayə haqqı barədə Daşınmaz Əmlak Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışı, "xxxx" MMC-nin 13 iyul 2023-cü il tarixli, LP-107/2023 nömrəli rəyini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq məhkəmə müəyyən edir ki, iddiaçının hazırda təklif etdiyi kompensasiya məbləği cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki evə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehlərin formal olaraq bağladığı kirayə müqavilələri, həqiqətdə onlar tərəfindən hər hansı kirayə mənzil tutulmadığından və reallığı əks etdirmədiyindən, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» X2 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 59 saylı evdən istifadə hüquqlarına iddiaçı tərəfindən cavabdehlərə 12000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3229/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3229/2024
27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver