Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-326/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Bakı şəhəri 8 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı binanın 114 saylı mənzili ilə bağlı Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 10 mart 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı binanın 114 saylı mənzili ilə bağlı Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 10 mart 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı evin 114 saylı mənzili 31 yanvar 1992-ci il tarixdə mərhum həyat yoldaşı X1 adına rəsmiləşmişdir. Mərhum həyat yoldaşı ilə nikahları 17 dekabr 1982-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı evin 114 saylı mənzili mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla əmlakın yarısı ona çatmalı və mərhuma məxsus hissə isə o da daxil olmaqla vərəsələr arasında pay bölgüsü aparılmalı idi. Ona məlum olmayan səbəblərdən Bakı şəhəri 8 saylı notariat ofisində 10 mart 2007-ci il tarixdə vərəsəlik şəhadətnaməsi tərtib edilərkən məlum fakt nəzərə alınmamışdır. Onun hüquqi cəhətdən savadı yoxdur. O, həmin dövrdə notariat ofisinə dəvət edilməmiş, ona hüquqları izah edilməmiş, o, bu məsələ ilə bağlı maarifləndirilməmişdir. Bu məsələ ilə əlaqədar ona hüquqları yalnız bir neçə gün əvvəl izah edilmişdir. Bundan sonra, cavabdehlərlə aparılmış razılaşmanın nəticəsi olaraq pozulmuş hüquqlarını bərpa etmək üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi xx.xx.2024-cü il tarixdə ona cavab məktubu göndərərək, ərizəsində qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməli olmasını izah etmişdir. Öncəki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən iddia ərizəsi tərtib olunarkən vərəsəliklə bağlı məsələ ətraflı qeyd olunmamışdır. Belə ki, iddiaçı hüquqi cəhətdən savadlı insan deyil. Bu səbəbdən, hazırkı izahatında iddia ərizəsində qeyd olunmayan, lakin məhkəmənin nəzərinə çatdırılmalı olan məsələləri vurğulamağı zəruri hesab edir. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı evin 114 saylı mənzili 04 mart 1988-ci il tarixli 264354 saylı orderə əsasən (əsas: rayon XDS İK-nın 24 fevral 1988-ci il tarixli 4/3 saylı qərarı) 4 nəfər ailə tərkibi (özü, arvadı İddiaçı, qızı A.Məmmədova, oğlu Cavabdeh1) ilə X3 verilmişdir. 31 yanvar 1992-ci il tarixdə mənzili ailə üzvlərinin razılığı ilə özəlləşdirilmiş və mülkiyyət hüququ qeydiyyata alınmaqla (Texniki İnventarizasiya Bürosu tərəfindən 1 saylı reyestr kitabının 5 saylı səhifəsində 125 saylı qeyd aparılmaqla), X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. Hazırki iş üzrə İddiaçı əri X4 ilə sonuncu vəfat edən tarixədək həmin mənzildə yaşamış, mənzildən təyinatı üzrə istifadə etmiş, əri və özünün vəsaiti hesabına mənzili təmir etdirmiş, mənzilin yaxşılaşdırılmasına kifayət qədər vəsait sərf etmişdir. Qanunvericiliyin tələbinə görə həmin mənzil ərlə arvadın birgə mülkiyyəti olsa da, notariat kontoru tərəfindən mübahisələndirilən şəhadətnamə təqdim olunarkən nəzərə alınmamışdır. İş üzrə cavabdehlər də qeyd edilən halı, miras əmlakda paylar müəyyən edilərkən analarının payının düzgün təyin edilmədiyini bilirlər. İddianın təmin edilməsinə etiraz etməmələri də məhz bununla bağlıdır. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəməyə teleqram vuraraq, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Ofisi məhkəməyə məktubla müraciət edərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq, mülki işə maraqlı şəxsin nümayəndəsinin işitrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh4 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdehlər iddianı etiraf etdiklərindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2007-ci il tarixli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X4 ilə X5 arasında nikah 17 dekabr 1982-ci il tarixdə Biləsuvar rayon VVADQ şöbəsində bağlanmış, nikah bağlanandan sonra arvada Məmmədova soyadı verilmişdir. - Təqdim olunmuş sənədlər toplusundan (order, qeydiyyat vəsiqəsi və s.) görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı evin 114 saylı mənzili 04 mart 1988-ci il tarixli 264354 saylı orderə əsasən (əsas: rayon XDS İK-nın 24 fevral 1988-ci il tarixli 4/3 saylı qərarı) 4 nəfər ailə tərkibi (özü, arvadı İddiaçı, qızı A.Məmmədova, oğlu Cavabdeh1) ilə X3 verilmişdir. 31 yanvar 1992-ci il tarixdə mənzili ailə üzvlərinin razılığı ilə özəlləşdirilmiş və mülkiyyət hüququ qeydiyyata alınmaqla (Texniki İnventarizasiya Bürosu tərəfindən 1 saylı reyestr kitabının 5 saylı səhifəsində 125 saylı qeyd aparılmaqla), X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. - xx.xx.2005-ci il tarixli AZ-İ seriyalı 168766 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 17 sentyabr 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 432 saylı akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən 14 fevral 2025-ci il tarixli məktubla məhkəməyə göndərilmiş notariat işində olan sənədlərdən (23 vərəqdən ibarət) görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5e saylı evin 114 saylı mənzili üzərində X2 mülkiyyət hüququ 31 yanvar 1992-ci il tarixdə qeydiyyata alınmışdır (01 saylı reyestr kitabı, səhifə 05). Mülkiyyətçi vəfat edəndən sonra, onun varisləri notariat ofisinə müraciət edərək, adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. - Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən 07/2007 saylı vərəsəlik işi üzrə xx.xx.2007-ci il tarixdə verilmiş 2V-1-24 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsələri həyat yoldaşı İddiaçı, oğlu Cavabdeh1, qızları Cavabdeh2, Cavabdeh3 və həmin dövrdə azyaşlı olan Cavabdeh4 olmaqla, hər birinin payı 1/5 nisbətində müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixdə verilmiş 2V-1-24 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlak olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5e saylı evin 114 saylı mənzili üzərində tərəflərin hüquqları (hər birinin payı 1/5 hissə olmaqla) qeydiyyata alınmışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 1175 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə notariat ofisində baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsələrinə xx.xx.2007-ci il tarixdə həmin notariat ofisi tərəfindən verilmiş 2V-1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi notariat ofisinin deyil, məhkəmənin səlahiyyətinə aiddir. Bu səbəbdən, ona bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlər məhkəməyə teleqram vuraraq iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlərin iddianı etirafını qəbul etməklə yanaşı vurğulayır ki, cavabdehlərin iddiana etiraf edib-etməmələrindən asılı olmayaraq, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 saylı qərarında formalaşdırılmış hüquqi mövqedən görünür ki, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər (qərarın 4.8-ci bəndi). Toplanmış və tədqiq olunmuş sübutlardan göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5E saylı evin 114 saylı mənzili 04 mart 1988-ci il tarixli 264354 saylı orderə əsasən (əsas: rayon XDS İK-nın 24 fevral 1988-ci il tarixli 4/3 saylı qərarı) 4 nəfər ailə tərkibi (özü, arvadı İddiaçı, qızı A.Məmmədova, oğlu Cavabdeh1) ilə X3 verilmişdir. Mənzil Müdafiə Nazirliyinin fondundan ayrılmış, X3 mənzil ayrılarkən onun ailə üzvlərinin sayı nəzərə alınmış, bu səbəbdən, ona 1, yaxud 2 otaqlı deyil, məhz 3 otaqlı mənzil təqdim olunmuşdur. 31 yanvar 1992-ci il tarixdə mənzili ailə üzvlərinin razılığı ilə özəlləşdirilmiş və mülkiyyət hüququ qeydiyyata alınmaqla (Texniki İnventarizasiya Bürosu tərəfindən 1 saylı reyestr kitabının 5 saylı səhifəsində 125 saylı qeyd aparılmaqla), X2 adına qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı əri X4 ilə sonuncu vəfat edən tarixədək həmin mənzildə yaşamış, mənzildən təyinatı üzrə istifadə etmiş, əri və özünün vəsaiti hesabına mənzili təmir etdirmiş, mənzilin yaxşılaşdırılmasına kifayət qədər vəsait sərf etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən mənzil ərlə arvadın birgə mülkiyyətləri hesab olunsa da, notariat kontoru tərəfindən mübahisələndirilən şəhadətnamə təqdim olunarkən işin bu halına diqqət yetirilməmiş, mənzilin 1/2 hissəsinin hazırki iş üzrə iddiaçının mülkiyyətində olması, qalan 1/2 hissəsinin miras əmlak kimi vərəsələr arasında payları bərabər olmaqla hüquqlarının təsbit edilməli olması nəzərə alınmamışdır. Qeyd edilən normalar nəzərə alındıqda, vərəsələrin miras əmlak üzərində payları iddiaçıya 6/10 hissə, digər vərəsələrə isə hər birinə 1/10 hissə olmaqla müəyyən edilməli idi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnaməyə əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsələrinə xx.xx.2007-ci il tarixdə verilmiş 2V-1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 vərəsələrinə xx.xx.2007-ci il tarixdə verilmiş 2V-1-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-326/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-326/2025
11.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver