Məhkəmə qərarları › İş №2(002)-3346/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3346/2022

14.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3346/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və Cavabdeh İB tərəfindən onun abunə koduna hesablanmış 518 manat borcun silinməsi, onun tərəfindən artıq ödənilmiş 30 manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qaradağ rayonu Sanqaçal qəsəbəsi Dəmiryol evi, ev 94 saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. «Azariqaz» İstehsalat Birliyi tərəfindən onunla bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasan həmin ünvana «Smart» kart ilə sayğac quraşdırılmış, həmin vaxtdan da istifadələrində olmuşdur. 2022-ci ilin may ayında Cavabdeh işçiləri tərəfindən quraşdırılmış qaz sayğacı dəyişdirilmiş və zenner qaz sayğacı quraşdırılmışdır. Həmin ilin iyun ayında isə onlara 518 manat borcun olması barədə bildiriş gəlmişdir. Ona bildirmişlər ki, 518 manat borcları vardır. Bu barədə akt tərtib edilmiş, həmin akta əsasən sayğacın mexaniki hesablama mexanizmi üzərindəki ekranın deşilməsi, sayğacın istiamara yararsız olması, sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmaması, xətalar normadan artlq olması qeyd edilmişdir. Halbuki sayğac dəyişdirilərkən 28 aprel 2022-ci il tarixli ******* saylı aktda dəyişdirilən köhnə sayğacda hər hansı bir qüsur olmamışdır. Əgər qüsur olsaydı bu aktda qeyd olunardt. Lakin bir ay sonra heç bir əsas olmadanm sayğacın ekranında deşik olması qeyd cdilmişdir. Əgər həqiqətən də orada deşik olsaydı, bu gözlə görünərdi. O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ay nəzarət olunurdu. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi. Ona hesablanmış borc əsassız və qanunsuzdur. Həmin borc əsassız olduğundan ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixdə rəsmi olaraq cavabdeh təşkilkata ərizə ilə müraciət etmiş, lakin bu günə kimi ona heç bir cavab verilməmişdir. Göründüyü kimi, onun yaşadığı ünvanda yerləşən qaz sayğacının dəyişdirilməsi zamanı heç bir nasazlıq müəyyən edilməmişdir. Heç bir əsas olmadan ona 518 manat borcun hesablanması tam əsassızdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 04/21860 saylı müqavilə bağlanmışdır. Paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı sərf etdiyi təbii qazın sərfiyyatının hesabatını aparan sayğac götürülmüşdür. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonenti kodu **********00940 saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamə adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdehə cəmi 4320 m3 (4 x 12 x 90 = 4320 m3) qazın bərpası üçün ödəniş hesablanmışdır. **********00940 saylı abonentin saldosundan görünür ki, sərf edilməsi qeyd olunan təbii qaz həcminə görə abonent koduna akt üzrə 518,40 manat borc hesablanmışdır. Qaz sayğacının yoxlanılması barədə 31 may 2022-ci il tarixli aktdan görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasında G-4 markalı, 1602AZ**********17 nömrəli sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın mexaniki hesablama mexanizmi üzərindəki ekranın deşilməsi, sayğacın istiamara yararsız olması, sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmaması, xətalar normadan artlq olması qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı hesablanmış 518,40 manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı hesablanmış 518,40 manat məbləğində cərimə istehlakçının abunə kodundan silinməli; xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı 30 manat əlavə ödəniş etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən İddiaçı hesablanmış 518,40 manat məbləğində cərimə istehlakçının abunə kodundan silinsin. xx.xx.2022-ci il tarixli ******* nömrəli akt ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar