Məhkəmə qərarları › İş №2(002)-3348/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3348/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3348/2025 30.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı «kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 10/6 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 Yaşayış kompleksi ev 10-da yerləşən 6 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X2 digər cavabdeh qismində mülki işə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 10 fevral 2021-ci il tarixli 10/6 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş «Qobu-Park 1» yaşayış kompleksində yerləşən 10 nömrəli evin 3 otaqlı 6 nömrəli mənzili ilə təmin edilmişdir. Daha sonra, Qaradağ rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Bu barədə həmin mənzilə dair abonentin qaz, işıq və sayğac göstəriciləri və akt əlavə olunmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 6 nömrəli mənzildə yaşamalarını bərpa etmədikləri halda onlarla bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi barədə onları xəbərdar etməsinə baxmayaraq, nəticəsi olmamışdır. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara verilmiş mənzildə yaşamadıqları müəyyən edildiyindən, Qaydanın 3.2 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, Qaydaların 3.7-ci bəndinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı kirayə müqaviləsinin 5.7-ci bəndinə istinad edən iddiaçı qeyd etmişdir ki, cavabdeh X3 həmin mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Öncəki məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, mübahisəli mənzilə dair onunla iddiaçı təşkilat arasında yaşayış sahəsi ilə bağlı mənzil kirayə müqaviləsi bağlanılsa da o, işi ilə əlaqədar olaraq həmin mənzildə deyil, başqa yerdə yaşayır. Həmin mənzildə isə faktiki olaraq heç kəs yaşamır. Çünki işlədiyi təşkilat həmin ərazidən kənarda yerləşir və onun üçün oradan işə gedib-gəlmək çox çətindir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 10 fevral 2021-ci il tarixli 10/6 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş «Qobu-Park 1» yaşayış kompleksində yerləşən 10 nömrəli evin 3 otaqlı 6 nömrəli mənzili ilə təmin edilmişdir. Təqdim edilmiş aktlar və abonent soldolarından (təbii qaz, elektrik enerjisi və içməli su) göründüyü kimi, cavabdehlər onların istifadəsinə verilmiş mənzildən təyinatı üzrə istifadə etmir, yəni, həmin mənzildə yaşamırlar. Mənzildə təbii qazdan, elektrik enerjisindən və içməli sudan demək olar ki, istifadə edilmir. İddiaçı cavabdehlərə rəsmi şəkildə müraciət edərək, cavabdehlərdən mənzildən təyinatı üzrə istifadə etmələri, həmin mənzildə yaşayışlarını bərpa etmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Lakin mənzildə yaşayış bərpa edilməmiş, mənzil təyinatı üzrə istifadə edilməmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş Qaydalara və «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən: sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə; sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə; digər yaşayış sahələri verilmədən çıxarılırlar. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehlər onların müvəqqəti istifadələrinə verilmiş mənzildən təyinatı üzrə istifadə etmirlər, mənzildə yaşayış yoxdur, bunun bariz nümunəsi kommunal xidmətlərdən istifadə edilməməsi və borc yaranmamış olmasıdır. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsi olan mənzil boş qalmışdır. Halbuki, xüsusi təyinatlı mənzil sahəsi ilə təmin olunmasını gözləyən eyni kateqoriyaya mənsub şəxslərin sayı kifayət qədər çoxdur və mənzildə buna doğrudan ehtiyacı olan digər Azərbaycan vətəndaşları, ailə yaşaya bilərdi. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 10/6 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 Yaşayış kompleksi ev 10-da yerləşən 6 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 10/6 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 Yaşayış kompleksi ev 10-da yerləşən 6 nömrəli mənzildən çıxarılsın. Mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar