Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3360/2025 21.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış məbləğin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış məbləğin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanaraq **********10040 saylı abonent koduna xx.xx.2023-cü il tarixli ******* saylı akta görə hesablanmış 3.110,40 manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yaşayır. Mənzildə təbii qazın hesabatları onun adınadır, təbii qazın alğısatqısı barədə müqavilə onunla bağlanmışdır. Cavabdeh İB-nin işçiləri mənzilini qazla təmin edən, çöldə, heç bir qorunma vasitəsi ilə təmin edilməmiş, onun nəzarət edə bilməyəcəyi bir yerdə quraşdırılmış qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək adı ilə açaraq aparmışlar. 2023-cü ilin aprel ayında 25920 m3 (3.110,40 manat) məbləğində itirilmiş qazın həcminin hesablanması ilə əlaqədar ******* saylı akt tərtib edilmişdir. Bildirir ki, o, akt əsasında yazılmış məbləğlə razı deyil. Hesab edir ki, borc tamamilə qanunsuz yazılmış və hesablanmışdır. Çünki, bayırda, heç bir qoruma vasitəsi ilə təchiz edilməmiş, qaydalara uyğun şəkildə quraşdırılmamış qaz sayğacına görə cavabdehlik daşımır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, məhkəmənin icraatında İddiaçı (İİH: **********10040) Cavabdeh İB-ya qarşı 3.110,40 manat borcun silinməsi tələbinə dair 2(002)-3360/2025 saylı mülki iş vardır. İş üzrə iddiaçı xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında ona əsassız olaraq 3.110,41 manat borc hesablandığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. «Sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli aktda **********5 nömrəli sayğacın çıxış plastmass borusunun deşilməsi və mənfiyə işləməsi faktı müəyyən edilmiş, həmin akta iddiaçının ailə üzvü Eyvazova Gülnar adlı şəxs özü də imza edərək bu faktın doğru olduğunu təsdiq etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Metrologiya İnstitutunun və Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2025-ci il tarixli MSK-14-2-2-3-5- 4583/Q002 saylı «Sayğacın yoxlanması haqqında» aktına əsasən «**********5 nömrəli sayğacın çıxış plastmass borusunun deşik olması, membranı hərəkətə gətirən qolların iş prinsipinə mane törətməsi mümkün hesab edilmiş, sayğacın mənfiyə işləməsi, istifadəyə yararsız olması» müəyyən edilmişdir. «Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə» Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə dəymiş zərərin məbləği 3.110,40 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı» Müqaviləsinin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Saldoya nəzər salınsa sayğaca müdaxilə edildiyi dövrdə qaz itkisinin baş verdiyi təsbit olunan dövrlə növbəti ilin eyni dövrləri arasında edilən ödənişlər arasında kəskin fərq olduğunu asanlıqla görmək olar. 2019-cu ildə illik ödəniş 10 manat, 2020-ci ildə 13 manat; 2021-ci ildə 13 manat; 2022-ci ildə illik ödəniş 24 manat təşkil etmişdir. Sayğac çıxarılandan sonrakı 2023-cü ildə isə ödəniş kəskin fərqlə 136 manat təşkil etmişdir. Göründüyü kimi, sayğaca müdaxiləyə maraqlı olan və faydalanan yeganə şəxs istehlakçı olmuşdur. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən iddiaya etirazı nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda, 29 aprel 2023cü il tarixli Qaz sayğacının yoxlamadan keçirilməsi barədə MSK-14-2-2-3-5-4583/Q002 saylı aktda, 30 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə, xx.xx.2023-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacını 20 aprel 2023-cü il tarixdə çıxarmışlar. Həmin sayğac sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına təqdim olunmuş, yoxlama zamanı G-4 markalı **********5 saylı sayğacın hesablama çıxış plastmass borusunun deşilməsi və mənfiyə işləməsi aşkar olunmuşdur. Cavabdeh İB tərəfindən aktda qeyd edilən həcmə uyğun olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itkiyə görə 3.110,40 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, sayğaca abonent tərəfindən hər hansı müdaxilə edilməmişdir, sayğac iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yararsız hala düşməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: «Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.» Qeyd olunan maddə 2022-ci ilin mayın 1-dən qüvvəyə minmişdir. Eləcə də, Qanunun 13-cü maddəsinin 8-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir: «Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.» Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu bərədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibatı Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxan olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir - 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. «Xalq» qəzeti. 6 iyul 2023-cü il. № 138. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2023-cü il, № 6, maddə 878). Göründüyü kimi, Cavabdeh əməkdaşları tərəfindən Qanunun göstərilən maddəsinin tələblərinə əməl edilməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı adına olan **********10040 saylı istehlakçı hesabına əsassız yazılmış 3.110,40 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı adına olan **********10040 saylı istehlakçı hesabına əsassız yazılmış 3.110,40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3360/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3360/2025
21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver