Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-337/2021 03.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 26 yanvar 2020-ci il tarixli nikahın pozulması, 20.08.2020-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması, 20.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, cavabdeh ilə 26 yanvar 2020ci il tarixdə ailə qurmuş, birgə nikahdan 20.08.2020-ci il tarixli Zeynəb adlı uşaqları doğulmuşdur. Ailə quran gündən xasiyyətləri tutmamış, bir-birlərini başa düşə bilməmişlər. Cavabdehlə həyata baxışları müxtəlifdir. Cavabdehin ailəyə biganə münasibəti ucbatından daim aralarında söz-söhbət, narazılıq olmuşdur. Cavabdeh ailəsi ilə maraqlanmır, tez-tez onu təhqir edir, söyür, evə maddi cəhətdən köməklik göstərmir. Bütün bunlar ailənin dağılmasına gətirib çıxarmışdır. Uşaq onun himayəsindədir. Artıq xeyli müddətdir ki, ər-arvad münasibətləri kəsilmişdir. Birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Cavabdeh uşağın saxlanılmasına görə ona heç bir maddi yardım etmir. Özü heç bir yerdə işləməməklə azyaşlı uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Məhkəmə tərəfindən barışmaları üçün onlara verilmiş 3 (üç) aylıq müddət ərzində barışmamışlar. Hazırda nikahın pozulmasında təkid edir və iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, hazırda iddia tələblərini qismən qəbul edir. Belə ki, iddiaçı ilə nikahının pozulmasına, uşağın iddiaçının yanında qalmasına razıdır, lakin hər ay uşağa 170 (yüz yetmiş) manat alimentin tutulmasına etiraz edir, Belə ki, hazırda işləməməklə heç bir gəliri yoxdur, iş axtarır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 384342 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 26.01.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Məcidova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 523256 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20.08.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məcidova Zeynəbin atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 (üç) ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinin tələbinə əsasən, ər-arvad arasında saziş olmadıqda, eləcə də, bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və alimentin tutulmasını müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barışıq üçün verilmiş vaxt başa çatdıqdan sonra iddiaçının nikahın pozulmasında təkid etməsi, tərəflərin nikahın pozulmasına və uşağın anasının yanında qalmasına qarşılıqlı razılığı, yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, iddiaçının işləməməsi, cavabdehin əmək qabiliyyətli olması nəzərə alınaraq iddia tələbi təmin edilməli, tərəflər arasında olan nikah pozulmalı, nikah pozulduqdan sonra uşağın anasının yanında qalması müəyyən edilməli, 20.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 26.01.2020-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 317 nömrəsi ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra 20.08.2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilsin. 12 noyabr 2020-ci il tarixindən başlayaraq 20.08.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-337/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-337/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver