Məhkəmə qərarları › İş №2(002)-3381/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3381/2021

30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3381/2021 30.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə və "xxxx" ASC-yə qarşı «borcun slinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə və "xxxx" ASC-yə qarşı «borcun slinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC və Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən onun adına hesablanmış 1.698 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd Qapısı, ünvan 1 ünvanda yerləşən, özünə məxsus evdə yaşayır. Ailə üzvləri ilə birlikdə mənzilindəki təbii elektrik enerjisindən istifadə edir. Fərdi istehlakçı kimi onunla müqavilə bağlanmışdır. Onlar həmin ünvanda məcburi köçkün kimi məskunlaşmışlar. X1na əsasən məcburi köçkünlər kommunal xidmətlərdən azad olunduğundan, onlar da bəzən məcburi köçkün kimi onlar üçün müəyyən olunmuş limiti aşdıqları zaman bəzi aylarda istehlak etdikləri elektrik enerjisinə görə borcları yaranırdı və onlar həmin borcu da vaxtında ödəyirdilər. 2017-ci ilin aprel-may aylarında cavabdeh təşkilat ona 2.200 manat işıq pulu borcunun olduğunu bildirmişdir. O, həmin borcun haradan yarandığını aydınlaşdırdığı zaman ona 10.02.2017-ci il tarixdə elektrik sayğaclarının dəyişdirildiyini, buna görə də həmin məbləğdə borc yazıldığını öyrənmişdir. Halbuki, ona cavabdeh təşkilat tərəfindən həmin elektrik sayğacının nə vaxt dəyişdirilməsi, həmin borcun nəyin əsasında yazılması barədə məlumat verilməmişdir. Həmçinin, 31.12.2016-cı ildə X1 ilə ölkə vətəndaşlarının bütün əvvəlki kommunal borcları ləğv olunmuş və ona həmin sərəncamdan qısa müddət sonra elektrik enerjisi sərfiyyatına görə 2.200 manat işıq pulu borcunun yazılması absurd olmuşdur. Bundan sonra cavabdeh təşkilatın ona təzyiqləri nəticəsində o, məcbur olub həmin 2.200 manat borcdan 478 manat borcu ödəmişdir və cavabdeh təşkilat ona 1.698 manat borcunun olduğunu bildirmişdir. Lakin qalan məbləği maddi imkanı olmadığından ödəyə bilməmişdir. O, yaşadığı ünvana dair ondan tələb olunan borcun silinməsi barədə dəfələrlə həm cavabdeh "xxxx" ASC-yə, həm də Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə müraciət etmişdir. Lakin onun bu müraciətləri nəticəsiz qalmış və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Mark oğlunun və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçının istehlakçı hüquqları pozulmamış, hesabatlılıq pozulmamış, iddiaçıya hesablanan elektrik enerjisi sərfiyyatı dəqiq göstərilməklə, sayğac məlumatlarına istinad edilmiş və borc məbləği real olaraq istifadə edilmiş elektrik enerjisinə görə hesablanmışdır. Bu səbəbdən, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə və "xxxx" ASC-yə qarşı «borcun slinməsi» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinə və "xxxx" ASC-yə qarşı «borcun slinməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar