Məhkəmə qərarları › İş №2(002)-3420/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3420/2024

09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3420/2024 09.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında Cavabdeh ASC tərəfindən ona hesablanmış 4147,2 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, məcburi köçkün olmaqla yeddi nəfər ailə üzvü, o cümlədən üç körpə nəvəsi ilə iddia ərizəsində göstərilən ünvanda yaşayır. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə onun evinə yeni smart kart tipli sayğac quraşdırılmış və qaz təchizatı dayandırılmışdır. O, bununla bağlı cavabdeh təşkilata yaxınlaşanda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana baxış keçirilmiş, onun xəbəri olmadan akt tərtib edilmiş, aktda sayğacdankənar xəttdən istifadə edildiyi qeyd olunmuş və akta əsasən ona bir illik dövr üçün 4147,2 manat borc hesablanmışdır. Halbuki, qaz xətti və sayğac evdən kənarda yerləşir, cavabdehin əməkdaşları demək olar ki, hər ay, ən gec iki-üç aydan bir ərazini yoxlayırlar, ona görə də həmin kənar xəttdən cəmi bir dəfə 1-2 ay ərzində istifadə etmiş, sonradan bu xətt tamamilə ləğv edilmiş və bir daha ondan istifadə etməmişdir. Akta əsasən hesablanmış məbləğin əsassız olduğunu bildirsə də, onun etirazı nəzərə alınmamış, ona borcun etirafı barədə xx.xx.2024-cü il tarixli yazılı blank verilmiş və imzalamasa qazın verilməyəcəyi bildirilmiş, o isə üç körpə nəvəsini və havanın soyuq olduğunu düşünərək hazır blankı imzalamağa məcbur olmuşdur. Hesab edir ki, akta əsasən borc əsassız şişirdilməklə hesablanmış, həmçinin o, hazır blankı imzalamağa məcbur edilmiş, hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan qaz xəttlərinə və sayğaclarına mütəmadi olaraq baxış keçirilir. İddiaçının qaz xəttinə və sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi aşkar olunmuş, həmin fakt fotoşəkillər çəkilməklə və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən "Təbii X6nın pozulması haqqında" ******* nömrəli, xx.xx.2023-ci il tarixli akt tərtib edilmiş və akta əsasən "Azəriqaz” İB-yə 4147,2 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məbləğ hesablanarkən bir illik dövr əsas götürülmüşdür. Bununla yanaşı, iddiaçı xx.xx.2024-cü il tarixli yazılı blankı imzalamaqla borcunu qəbul etmiş və borcunun müəyyən müddət ərzində hissə-hissə tutulmasını təmin etmək üçün qaz kartına ödənişlər edəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, sayğacdan kənar qazdan istifadə etməsinə görə iddiaçı özü təqsirli olduğundan, onun "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, iddiaçının qonşusudur. İddiaçı ailə üzvləri, azyaşlı nəvələri ilə birgə yaşayır. İddiaçının təbii qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etməsinə inanmır. Belə ki, cavabdeh təşkilatın əməkdaşları həmin ərazidə 2-3 aydan bir yoxlanışa gəlirlər, əgər kənar xətt olsaydı, onlar tərəfindən dərhal müəyyən olunardı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, iddiaçının qardaşıdır. İddiaçının yaşadığı ünvana 2023-cü ildə 4000 manat məbləğində cərimə yazılmış, iddiaçı onunla birlikdə Qaz İdarəsinə getmişdir. Qaz İdarəsində borc barədə yazılı blankı imzalamasa, qazın verilməyəcəyi bildirildi. İddiaçı borca etiraz etsə də, üç körpə nəvəsinə görə yazılı blankı imzalamağa məcbur oldu. Halbuki, həmin borcu qəbul etmirdi və əsassız olduğunu deyirdi, belə ki, cavabdeh təşkilatın əməkdaşları həmin ərazidə 2-3 aydan bir yoxlanışa gəlir, əgər kənar xətt olsaydı, onlar görərdi. Lakin ona məhəl qoymadılar, cəriməni yazılı qaydada qəbul etməsə, sayğac kartını verməməklə hədələdilər. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu sektoru tərəfindən verilmiş 903 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Quluyev X2 qəsəbəsi, Taksimotor parkı ünvanında altı nəfər ailə üzvü, o cümlədən üç nəvəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır və qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X6nın pozulması haqqında” aktın surətindən və fotoşəkillərdən görünür ki, abonent kodu **********00050 olan İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Taksi parkı ünvanında qaz xəttinə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan sayğacdankənar xəttlə qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* saylı “Təbii X6nın pozulması haqqında” akta əsasən abonentə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə 34560 m³ həcminə uyğun məbləğ (4147,2 manat) hesablanmışdır. İş materiallarında olan **********00050 kod nömrəli abonentin saldosundan və abonent hesabından çıxarışlardan görünür ki, abonentin 2023-cü ilin mart ayında akta əsasən 4147,20 manat (34560X0,12=4147,2) borcunun yarandığı qeyd olunmuşdur. İş materiallarında olan X1 Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 4126,76 manat məbləğində borcu qəbul etdiyi, həmin borc məbləğindən 10 manat ödədikdən sonra qalan 4116,76 manat məbləği gələcəkdə hissə-hissə ödəyəcəyi barədə ərizəni imzalamış, həmin ərizə “Azərqaz” İB tərəfindən təqdim edilmiş hazır blank doldurulmaqla tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, yazılı sübutlara, fotoşəkillərə əsasən müəyyən edildi ki, iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı aşkar edilmiş, bununla əlaqədar ******* saylı, xx.xx.2023-cü il tarixli “Təbii X6nın pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən 4147,2 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, məişət abonenti olan iddiaçıya münasibətdə hesabat dövrü 360 gün, gündəlik iş rejimi 24 saat qəbul edilməklə, qeyd olunan məbləğ müvafiq qanunvericiliyə zidd olaraq hesablanmışdır. Ona görə də, "X6"na əsasən belə hallarda məişət abonentinə münasibətdə hesabatın 12 saat olmaqla şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halı aşkar edildiyi tarixədək (mülki işin hallarına, o cümlədən tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, "X6"nda müəyyən edilmiş baxış dövrünə əsasən üç aylıq-90 gün dövr üçün) aparılmalı olduğu nəzərə alınaraq, iddia tələbi qismən, hesablanmış borcun 3628,8 manat (4x12x90x0,12=518,4 manat hissədə borc əsaslı olduğundan, 4147,2-518,4=3628,8 manat) hissəsinin silinməsi hissəsində əsaslı hesab edilməli, qalan hissədə isə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "X6"nın 3.1.10 və 3.1.11-ci bəndlərinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; azpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə cavabdeh tərəfin etirazında göstərilən dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən istehlakçının bir illik dövr üzrə təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, ona görə də həmin dəlillər əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, abonentin təqsirli olması müvafiq orqanın qərarı və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən, onun öz etirafı, həmçinin cavabdehin yoxlama dövriliyi ilə əhatə olunan üç aylıq dövrdən artıq müddətə hesablanmış məbləğin abonentdən tələb edilməsi əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bundan əlavə, izahatlar, şahidlərin ifadələri, iddiaçının ailə tərkibi barədə arayış, xx.xx.2024-cü il tarixli ərizənin “Azərqaz” İB tərəfindən təqdim edilmiş hazır blankın doldurulması ilə tərtib edilməsi, habelə işin halları və tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli ərizənin iddiaçının həqiqi iradəsinə uyğun olduğunu müəyyən etməyə əsas vermir, ona görə də həmin ərizə iddiaçının bir illik dövr üzrə təqsirini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii X6nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent kodu **********00050 olan İddiaçı hesablanmış borcun 3628,8 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar