Məhkəmə qərarları › İş №2(002)-347/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-347/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-347/2022 16.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «12 noyabr 2013cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 20 saylı binada yerləşən 10 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilməsinə dair 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və onların həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 və Cavabdeh3 2006 və 2007-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmadıqlarından, onlar cavabdehlər siyahısından çıxarılmışlar. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verir, qeyri-qanuni öz aralarında alğı-satqı edir və yaxud ümumiyyətlə həmin mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvü ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, ərazisində məcburi köçkünlər üçün inşa edilmiş, Müşfiqabad qəsəbəsində 20 saylı binanın 10 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Sonradan, Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzildə başqa bir şəxsin qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən başqa şəxsin yaşamasının qanunsuz olduğu bildirilmişdir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndlərinə, həmçinin Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Komitənin Mənzil-istismar departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 20 saylı binada yerləşən 10 nömrəli 2 otaqlı mənzilin ona verilməsi ilə bağlı 12.11.2013-cü il tarixli 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 12.11.2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.4.2, 2.4.3, 2.4.4, 2.4.9, 4.1, 4.3, 5.1, 5.3, 5.4, 5.4.1, 5.4.3, 5.4.4, 5.4.5, 5.7, 5.7.1, 5.7.2, 5.7.3-cü bəndlərinə istinad edən iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onlara verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 20 saylı binada yerləşən 10 nömrəli 2 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, Mülki Məcəllənin 157.2, Mənzil Məcəlləsinin 91, 98, 99, 100, 102-ci maddələrinə istinad edən iddiaçı, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, 12.11.2013-cü il tarixli,0 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 20 saylı binanın 10 nömrəli 2 otaqlı mənzili 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladları) Cavabdeh1 kirayə verilmişdir. Cavabdeh1 müqavilə şərtlərinə riayət etməmiş, mənzildən təyinatı üzrə istifadə etməmiş, kənar şəxsin mənzildə yaşamasına şərait yaratmış, mənzili qeyri-qanuni yolla başqa şəxsə vermiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Halbuki, Dövlət mülkiyyətində olan mənzilin hər hansı şəxslər tərəfindən alğısatqısı, bağışlanması, kirayə verilməsi mümkün deyil, mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Cavabdehə rəsmi şəkildə müraciət olunaraq, mənzili qeyri-qanuni şəkildə verdikləri şəxsin həmin mənzildən çıxarılması tələb olunsa da, cavabdeh tərəf bu tələbə məhəl qoymamışdır. Göründüyü kimi, müqavilə tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmalarına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh4 və Cavabdeh3 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 20 saylı binanın 10 nömrəli 2 otaqlı mənzilindən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 20/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış ailə üzvləri Cavabdeh4 və Cavabdeh3 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 20 saylı binanın 10 nömrəli 2 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar