Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-35/2022 08.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 İldırım oğlu, İddiaçı2, İddiaçı3, Cavabdeh “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 İldırım oğlunun, İddiaçı2 və İddiaçı3 cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “səhmlərin yenidən qiymətləndirilməsinin təmin edilməsi və əvvəlki illərdə ödənilməyən dividentlərin ödənilməsi, səriştəsiz idarəetmə, müəssisənin fəaliyyəti haqqında səhmdarlara ətraflı məlumatın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 İldırım oğlu, İddiaçı2 və İddiaçı3 cavabdeh “Holcim (Azərbaycan)” ASCyə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, səhmlərin yenidən qiymətləndirilməsinin təmin edilməsi və əvvəlki illərdə ödənilməyən dividentlərin ödənilməsi, səriştəsiz idarəetmə, müəssisənin fəaliyyəti haqqında səhmdarlara ətraflı məlumatın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, məhkəmənin icraatında olan hazırki iş kommersiya mübahisəsi hesab olunur. Bu ondan irəli gəlir ki, “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə qarşı onun səhmdarları tərəfindən qaldırılmış iddia korporativ tələb olub, dividendlərin ödənilməsi və s. ilə bağlıdır. Nəticə etibarı ilə isə həmin işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də məhkəmə aidiyyətinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin edib, həmin işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 İldırım oğlu, İddiaçı2 və İddiaçı3 hər biri ayrı-ayrılıqda cavabdeh “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi ilə bağlı vəsatətin əsassız olduğunu, işə mahiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş etdilər. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 19-cu bəndinə əsasən korporativ tələblər üzrə işlərin xarakteri, özlüyündə, onların yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələblərinin predmetini mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq məhz kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər təşkil etdiyindən, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26,35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1 İldırım oğlunun, İddiaçı2 və İddiaçı3 cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “səhmlərin yenidən qiymətləndirilməsinin təmin edilməsi və əvvəlki illərdə ödənilməyən dividentlərin ödənilməsi, səriştəsiz idarəetmə, müəssisənin fəaliyyəti haqqında səhmdarlara ətraflı məlumatın verilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-35/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-35/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver