Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3729/2025 18.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 382 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 360 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur. Həmin evdə o, ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh İB ilə aralarında bağlanmış müqaviləyə əsasən yaşadıqları ünvana qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı evin kənarında quraşdırılmışdır. 09 iyun 2020-ci il tarixdə qaz sayğacının üst hissəsinin sınmış olduğunu görüb bu barədə aidiyyəti üzrə məlumat vermişdir. Qaz idarəsindən gəlib baxış keçirmişlər və sınmış qaz sayğacını yeni qaz sayğacı ilə əvəz etmişlər. Bu barədə akt tərtib edilmişdir. Bundan sonra həmin sayğac laboratoriyaya göndərilmiş və xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda qaz sayğacının dövlət yoxlanışında mexanizminin qoruyucu örtüyünün plombuna müdaxilə edildiyi göstərilmiş və 382 manat məbləğində cərimə edilmişdir. Sayğaca o və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üst hissəsinin sınması onun təqsiri üzündən olmamışdır. Kim tərəfindən sındırıldığını da o, bilmir. Buna nəzarətçi nəzarət etməli idi. Sayğac evdən kənarda yerləşdirilmişdir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı, nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Lakin heç bir əsas olmadan onlara 382 manat cərimə yazılmışdır. Həmin cərimənin əsassız hesablanması barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də, heç bir cavab verilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsinin tələb hissəsi və iddia ərizəsinin əksər hissəsi düzgün yazılsa da, mətndə bir yerdə səhvən cərimənin 777,60 manat olduğu qeyd edilmişdir. Həmin abzas səhv yazılmışdır. Güman edir ki, iddia ərizəsinin tərtib edilməsi üçün müraciət etdiyi şəxs ərizəni digər ərizədən nümunə kimi istifadə etməklə yazmışdır və ərizənin qeyd edilən abzasının bu işə aidiyyəti olmadığına diqqət yetirməmişdir. Qeyd edilən texniki səhvin nəzərə alınmasını, eləcə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə verərək, iddiaya cavabdeh təşkilat tərəfindən yazılı münasibət bildirildiyini, eyni zamanda sübutların məhkəməyə təqdim edildiyini, əlavə sübutlar təqdim edilməyəcəyindən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilən ərizəni nəzərə alıb işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə iddiaya etiraz təqdim edərək etirazında göstərmişdir ki, iş üzrə iddiaçı xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında ona əsassız olaraq 382 manat borc hesablandığını iddia edərək həmin borcun silinməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2020-ci il tarixdə istehlakçının ünvanında 1202AQ**********1 saylı qaz sayğacı çıxarılmış, əvəzinə yeni «Zenner» tipli **********8 saylı qaz sayğacı quraşdırılmışdır. Bu haqda «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. SOCAR Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2020-ci il tarixli MSK-29/1710-01782- 2 saylı «Sayğacın yoxlanılması haqqında» aktına əsasən «1202AQ**********1 saylı sayğacın mexaniki zərbə nəticəsində qoruyucu örtüyünün ön hissəsinin və LCD ekranının sındırılması, zavod seriya nömrəsinin oxuna bilməməsi, əsas çap vərəqinin zədələnməsi, nəticədə informasiyanın oxunmasının mümkün olmaması» müəyyən edilmişdir. «Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə» Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixdə həmin ilin iyul ayının 09-da quraşdırılmış **********8 saylı qaz sayğacının hesablama mexanizmi qırıldığı üçün həmin sayğac çıxarılmış, yerində **********6 saylı sayğac quraşdırılmışdır. Bununla bağlı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. SOCAR Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2020-ci il tarixli MSK-29/1710-02678-1 saylı «Sayğacın yoxlanılması haqqında» aktına əsasən «**********8 saylı sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdə olduğundan, sərfiyyatı qeyd etmir. Hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlar sınıqdır» kimi qüsurlar müəyyən edilmişdir. «Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə» Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Lakin iddiaçı məhz qeyd olunan aktlar əsasında hesablanmış borc məbləğini mübahisələndirdiyini qeyd etmiş olsa da, naməlum səbəbdən 144 + 216 = 360 manat məbləğində deyil, 382 manat borc məbləğinin silinməsini xahiş etmişdir. Digər tərəfdən, ödəniş cədvəllərinə nəzər yetirdikdə mübahisələndirilən dövrdə istehlakçının sayğaca müdaxiləsinin nəticəsini əyani surətdə görmək olar. Belə ki, müdaxilənin qeydə alındığı dövrdən, yəni 2020-ci ildə istehlak olunan qazın dəyəri 47,60 manat, müdaxilə aradan qaldırıldıqdan sonrakı dövrdə 2021-ci ildə isə 89,82 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İByə qarşı 382 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçı barəsində xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib edilmiş və ona 144 manat və 216 manat olmaqla, cəmi 360 manat məbləğində borc yazılmışdır. Həmin borcun yazılmasına əsas olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə istehlakçının ünvanında olan 1202AQ**********1 saylı qaz sayğacı çıxarılmış, yeni «Zenner» tipli **********8 saylı qaz sayğacı quraşdırılmış, bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş, SOCAR Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2020ci il tarixli MSK-29/1710-01782-2 saylı «Sayğacın yoxlanılması haqqında» aktına əsasən «1202AQ**********1 saylı sayğacın mexaniki zərbə nəticəsində qoruyucu örtüyünün ön hissəsinin və LCD ekranının sındırılması, zavod seriya nömrəsinin oxuna bilməməsi, əsas çap vərəqinin zədələnməsi, nəticədə informasiyanın oxunmasının mümkün olmaması» müəyyən edilmiş, xx.xx.2020-ci il tarixdə həmin ilin iyul ayının 09-da quraşdırılmış **********8 saylı qaz sayğacının hesablama mexanizmi qırıldığı üçün həmin sayğac çıxarılmış, yerində **********6 saylı sayğac quraşdırılmış, bununla bağlı da «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş, SOCAR Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2020-ci il tarixli MSK-29/1710-02678-1 saylı «Sayğacın yoxlanılması haqqında» aktına əsasən «**********8 saylı sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdə olduğundan, sərfiyyatı qeyd etmir. Hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlar sınıqdır» kimi qüsurlar müəyyən edilmiş, «Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə» Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata əsasən yuxarıda qeyd edilən hər iki hal üzrə qüsurlar sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Rəylər əsasında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə dəymiş zərərin məbləği 216 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə dəymiş zərərin məbləği 144 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Qeyd etmək lazımdır ki, mübahisələndirilən borc məbləği 2020-ci ildə tərtib edilmiş aktlar əsasında yazılmışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin faktiki hallarından görünür ki, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının məhz İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərər vurma hadisəsinin (hadisələrinin) məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Göründüyü kimi, iddia əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar üzrə İddiaçı abunə koduna hesablanmış 360 manat məbləğində cərimə silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar üzrə İddiaçı abunə koduna hesablanmış 360 manat məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3729/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3729/2025
18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver