Məhkəmə qərarları › İş №2(002)-374/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-374/2022

01.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-374/2022 01.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** nömrəli 29 oktyabr 2021-ci il tarixli aktın ləğv edilməsi və "xxxx" ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 77.60 manat borcun ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ********** nömrəli 29 oktyabr 2021-ci il tarixli aktın ləğv edilməsi və "xxxx"ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 77,60 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında bağlanmış müqavilə əsasında 2012-ci il tarixdə hazırda yaşadığı ünvan 1 ünvana elektron qaz sayğacı qoyulmuşdur. Həmin vaxtdan onlar qaz sayğacından istifadə etmişlər. Bundan sonra guya sayğacın istismar müddəti başa çatdığından dəyişdirilərək mexaniki sayğac quraşdırılmışdır. Sonradan onun iştirakı olmadan akt tərtib edilmiş, sayğac laboratoriyaya göndərilmişdir. Guya müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Yivli birləşmənin korroziyaya uğrayıb, sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmaması qeyd edilmişdir. Sayğac ondan evdən kənarda quraşdırılmış və onun həmin sayğaca müdaxilə etməyi mümkün deyildir, eyni zamanda sayğaca nəzarət idarə tərəfindən edilməli idi. Aktdan da görünür ki, o sayğaca heç bir müdaxilə etməmişdir. Lain ona əsassız olaraq 77,60 manat borc hesablanmışdır. Bundan başqa, onun yaşadığı ünvanda yerləşən qaz sayğacının dəyişdirilməsi zamanı heç bir nasazlıq müəyyən edilməmişdir. Heç bir əsas olmadan ona 77,60 manat borcun hesablanması tam əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iddianı qəbul etmədiyini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı və cavabdehin nümayəndəsi X1 izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: 29.10.2010-ci il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvana aid qaz sayğacına dövlət yoxlamasından hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir rəyi verilib. 28.10.2021-ci il tarixli aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********3099170X04106 saylı, 14 oktyabr 2021-ci il tarixli telefonoqramına əsasən 14 oktyabr 2021-ci il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan Fransa istehsalı, G4 markalı, İtron tipli Smart Payment” qaz sayğacı 21 oktyabr 2021-ci il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (MM-in 560.3 və 560.3.5.2-ci maddələri). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Digər tərəfdən iddiaçıya məxsus olan sayğaca edilmiş kənar müdaxilənin məhz iddiaçının özü tərəfindən törədilməsi barədə cavabdehin dəlilləri ilə məhkəmə razılaşa bilmir. Belə ki, aktda sayğacın hesablama mexanizminə keçən qazın həcmini qeyd etmədiyi göstərilsə də, sayğacın yivli birləşməsinin məhz cavabdehin qanunazidd hərəkətləri nəticəsində korroziyaya uğraması mötəbər sübut və dəlillərlə təsdiq olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı olan cavabdeh məsuliyyət daşımadığından və qeyd olunan akt cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan həmin borcun silinməsi barədə iddiaçının dəllilləri əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ********** saylı akt ləğv edilməli, İddiaçı adına hesablanmış 77,60 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ********** saylı akt ləğv edilsin. İddiaçı adına hesablanmış 77,60 manat borc silinsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar