Məhkəmə qərarları › İş №2(002)-3772/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3772/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3772/2023 29.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair tərtib edilmiş 1967-ci il tarixli texniki pasportda «Əli-Baba Cəbrayıl oğlu» (Ali-Baba Djabrayıl oqlı) kimi qeyd olunmuş şəxsin həqiqətən də 02 may 1905-ci il tarixdə doğulmuş və 06 iyul 1965-ci il tarixdə vəfat etmiş Əlibala Cəbrayıl oğlu olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair tərtib edilmiş 1967-ci il tarixli texniki pasportun 02 may 1905-ci il tarixdə doğulmuş Əlibala Cəbrayıl oğluna məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçinin X1 02 may 1905-ci il tarixdə Qobu kəndində doğulmuşdur. Doğum tarixinə dair məlumatlar X3 sənədlərində əksini tapır və Dövlət Arxivində saxlanılır. Ərizəçinin X1 06 iyul 1965-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bundan sonra 1967ci ildə mərhum Əlibala Cəbrayıl oğlunun ailə üzvləri onun miras əmlakı məsələləri ilə məşğul olmuş və həmin dövrün qanunvericiliyinə və sənədləşmə qaydalarına əsasən mərhumun mülkiyyətində olan evə və torpaq sahəsinə «texniki pasport» verilmişdir. Ərizəçigilə məlum olmayan səbəbdən həmin sənəddə ərizəçinin atasının adı Əli-Baba Cəbrayıl oğlu kimi qeyd olunmuşdur (rus dilində Ali-Baba kimi yazılmışdır). Həmçinin həmin sənəd 1967-ci il tarixdə tərtib edildiyi üçün təbii ki, texniki pasportun qeydiyyata alınma tarixi kimi «11.1967» (fevral) tarixi qoyulmuşdur. Ərizəçi atasından qalmış və özünün istifadəsində olan həmin evi və torpaq sahəsini öz adına özəlləşdirmək qərarına gəlmişdir və vərəsəlik qaydasında mirası qəbul etmək üçün 8 saylı Notariat Kontoruna müraciət etmişdir. Notariat kontoru maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlayaraq miras əmlakı öncə mərhumun adına hüquqmüəyyənedici sənədlərin (çıxarışın, texniki pasportun) verilməsini xahiş etmişdir. Lakin, maraqlı şəxs bir neçə dəfə imtina məktubları verərək bildirmişdir ki, texniki pasportda ərizəçinin mərhum atasının adı (hüquq sahibinin adı) ilə sənədlər arasında uyğunsuzluq mövcuddur. Həmçinin texniki pasport hüquq sahibinin ölümündən sonra tərtib edilmişdir. Ərizəçi atasının adının texniki pasportda səhv yazıldığını anlayır, həmin səhvin məhkəmədən kənar qaydada aradan qaldırılması mümkün olmadığı üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Ərizədə qeyd olunan hüquqi faktın müəyyən edilməsinin ona sənədləşdirmə işlərinin aparılması üçün lazım olduğunu bildirdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizəçinin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 09 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 144457 saylı doğum haqqında şəhadətnamənin və 02 sentyabr 2010-cu il tarixdə Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Bibixanım Sahab qızıdır. - Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 1 ünvana dair 1967-ci il tarixdə texniki pasport tərtib edilərkən, ev sahibinin adı və atasının adı Əli-Baba Cəbrayıl oğlu kimi yazılmışdır. - Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 17 mart 2023-cü il tarixli arxiv arayışından görünür ki, X3 sənədlərində Əlibala Cəbrayıl oğlunun doğum tarixinə dair məlumat aşkar edilmişdir. Əlibala Cəbrayıl oğlu 02 may 1905-ci il tarixdə doğulmuşdur, atası Cəbrayıl İsmayılov, anası Bibixanım Məmmədəli qızıdır. - Bakı şəhəri 8 saylı notariat ofisinin 26 avqust 2022-ci il tarixli 1736 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, xx.xx.1965-ci il tarixdə ölmüş Əlibala Cəbrayıl oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün həmin notariat ofisinə müraciət daxil olmuş və 168/2022 saylı vərəsəlik işi açılmışdır. Əlibala Cəbrayıl oğlunun vəfat etməsi ilə əlaqədar 2022-ci ildə onun vərəsələrindən Ərizəçi notariat ofisinə müraciət etmişdir. Vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün miras qoyan Əlibala ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki evə hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport) verilməsi xahiş olunmuşdur. Hüquqmüəyyənedici sənəd (çıxarış, texniki pasport) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 1 saylı Bakı Ərazi İdarəsinin 19 yanvar 2023-cü il tarixli «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişdən görünür ki, Ərizəçi ünvan 1 ünvanda yerləşən 1486 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Müraciətlə əlaqədar bildirilmişdir ki, təqdim edilmiş texniki pasportda qeyd olunan hüquq sahibinin adı ilə xx.xx.2022-ci il tarixli 1736 nömrəli 8 saylı notariat ofisinin məktubunda göstərilən miras qoyan hüquq sahibinin adı arasında uyğunsuzluq mövcuddur. Həmçinin texniki pasport həmin məktubda qeyd olunan hüquq sahibinin ölüm tarixindən (xx.xx.1965) sonrakı tarixdə (1967) tərtib edilmişdir. Qeyd olunanlarla yanaşı, texniki pasportda qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - 07 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 193548 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əlibala Cəbrayıl oğlu 06 iyul 1965-ci il tarixdə Bakı şəhərində arterioskleroz-kardiosklerozdan vəfat etmişdir. Bu barədə 19 iyul 1965-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 55 saylı akt qeydi aparılmışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin atasının adı yuxarıda qeyd olunan texniki pasportda səhvən Əli-Baba kimi yazılmışdır. Halbuki, ərizəçinin atasının adı Əli- Baladır və digər sənədlərdə düzgün qeyd olunmuşdur. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda Ərizəçi atasının adında səhvə yol verilərək, Əli-Baba kimi yazılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1967-ci il tarixdə ünvan 1 ünvana dair tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasport 02 may 1905-ci il tarixdə doğulmuş Əlibala Cəbrayıl oğluna məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1967-ci il tarixdə ünvan 1 ünvana dair tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun 02 may 1905-ci il tarixdə doğulmuş Əlibala Cəbrayıl oğluna məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1967-ci il tarixdə ünvan 1 ünvana dair tərtib olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun 02 may 1905ci il tarixdə doğulmuş Əlibala Cəbrayıl oğluna məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar