Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-408/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilmiş özbaşına tikintinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin dövlət fonduna qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilmiş özbaşına tikintinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin dövlət fonduna qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən dövlət mülkiyyətində olan qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsində 24 kv.m qeyri-yaşayış obyekti özbaşına tikintinin qanunsuz tikinti hesab edilməklə cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayonunun Sahil qəsəbəsi, M.Seyidov küçəsində, 319 nömrəli məktəbin qarşısında Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt edərək özbaşına olaraq 24 kv.m qeyri-yaşayış təyinatlı tikinti işləri aparmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh . ğlu Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 57 nömrəli yataqxananın yanında yerləşən fərdi yaşayış evində yaşayır, lakin Biləsuvar rayonunda qeydiyyatdadır. Cavabdeh dövlətə məxsus torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinin müddəalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və həmin qanunsuz zəbt etdiyi ərazidə heç bir dövlət qurumu ilə razılaşdırılmadan özbaşına tikinti inşa etmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,mübahisə predmeti olan torpaq sahəsinin onların balansında olmadığını, lakin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunu, cavabdehin isə heç bir rəsmi sənədləşmə aparmadan həmin torpaq sahəsini zəbt etdiyini, cavabdehin hrəkətlərinin tamamilə qanunsuz olduğunu, onun həmin torpaq sahəsinə dair heç bir hüququnun olmadığını, heç bir sənədinin olmadığını bidlirərək, bu halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və onun vəkilinin məhkəmə baxış iclaslarında verdiyi izahatlarından aydın olur ki, o iddia tələbini qəbul etmir, həmin torpaq sahəsinin iddiaçıya heç bir aiidyyatının olmadığını, özbaşına heç bir tikinti işlərini aparmadığını, qanunsuz heç bir yeri zəbt etmədiyini, iddiaçının ona qarşı belə bir iddia irəli sürmək hüququnun olmadığını, həmin torpaq sahənin heç onun balansında olmadığını bildirərək, qeyd olunan halların nəzərə alınaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdeh tərəfin izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlə Komitəsi yanında Daşınmaz Əmlakın Kadstrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş məktubdan görünür ki, həmin ərazi Qaradağ rayonu, Sahil qəsəbə inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətində olan torpaqlara aiddir. İş materiallarına google mapdan görüntülər və fotoşəkillər əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaqlardan İstifadəyə və onların Mühafizəsinə Dövlət X3 Təsdiq Edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsitorpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsini, bu hallar barədə Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsini təmin edir. Göründüyü kimi belə bir səlahiyyət yerli icra hakimiyyəti orqanlarına mənsub deyildir. Məhkəmə hesab edir ki, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Belə ki, məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi məhz dövlət mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin qanunsuz zəbt eidlməsi hallarının qarşısının alınması ilə bağlı səlahiyyətli orqan qismində məhz Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış etmişdir, habelə müvafiq orqan tərəfindən iddiaçıya qeyd olunan səlahiyyətlərin verilməsi halı aşkar edilməmişdir. Bu halda, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair müvafiq səlahiyyəti olmadığından, o hazırki iş üzrə tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Ona görə də, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilmiş özbaşına tikintinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin dövlət fonduna qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-408/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-408/2020
18.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver