Məhkəmə qərarları › İş №2(002)-418/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-418/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-418/2024 06.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “ əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvana (Abonent kodu, köhnə kod: **********00000) hesablanmış 1555.20 manat sərfıyyat haqqnın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23 fevral 2023-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən yaşadığı evidə (evdən kənarda) quraşdırılmış qaz sayğacına güya ki, həyat yoldaşı X1 iştirakı ilə baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən edilmişdir. ******* nömrəli akt tərtib edilmiş və həmin akta cavabdehin 3 nümayəndəsi İslamov, Yəhyayev və Abasov imza etmiş, həyat yoldaşı isə imza etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə həmin sayğacı dəyişdirərək yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-dən ona bildiriş gəlmiş, həmin bildirişdə qaz sərfıyyatına görə 1555.20 AZN borclu olduğu qeyd edilmişdir. Qeyd edir ki, evinə qaz çəkiləndən bu yana mütəmadi olaraq qaz sərfıyyatına görə pulu daim ödəmişdir, cavabdehə heç bir borcu olmayıb, borcla bağlı heç bir mübahisə yaranmamışıdr. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyimi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə pulunu tam ödəmişdir. Bundan başqa qaz sayğacına heç bir müdaxilə və ya digər təsir etməmişdir. Eyni zamanda evdən kənarda quraşdırılan qaz sayğacına görə o, heç bir məsuliyyət daşıya bilməz. Digər tərəfdən qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt saxtadır, yəni cavabdehin nümayəndələri qeyd edilən ünvana baxış keçrimədən saxta akt tərtib ediblər. Çünki aktda qeyd edilib ki, həyat yoldaşı X1 iştirakı ilə sayğaca baxış keçirilmiş və Əliəhməd Məmmədov həmin akta imza etməkdən imtina edib. Halbuki həyat yoldaşı sayğaca baxış keçirərkən orada iştirak edə bilməzdi, çünki o, 09 iyun 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ev həyət evidir və sayğac həyətin qapısının xaricindədir.Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixdə Azemis Elektron Məhkəmə Sistemində elektron kabinət vasitəsi ilə ərizə göndərərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın məzmunundan görünür ki, sayğacın çıxış borusunda delik aşkar olunduğundan smart tipli G-4T markalı 1602AZ**********84 nömrəli sayğacı “ekranda delikt var” səbəbi ilə yenisi ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İBnin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-51167-1 saylı aktında qeyd edilmişdir ki, “13548988 nömrəli plomb kəsilərək, G-4-SM /5625 saylı qutu açıldı. Sayğaca baxış keçirildi.Sayğacın çıxış borusunda delik aşkar edilmişdir. Sayğac isitismara yararsızdır”rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə edildiyindən vurulmuş ziyan hesablanıb ödənilməsi rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********000 saylı abonent X2 itirilmiş qazın həcmi 12960 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri ,Qaradağ rayonu, ünvan 1 a ünvanı üzrə **********00000 saylı abonent kodu üzrə X2 1555,20 manat məbləğində pul hesablanmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş A-İİ seriyalı 086058 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020-ci i ltarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 240 saylı akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş İ-ЖГ seriyalı 269948 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı arasında nikah xx.xx.1975-ci il tarixdə bağlanmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1555,20 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin darvazasının kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1555,20 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1555(bir min beş yüz əlli beş) manat 20(iyirmi) qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar