Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-421/2023 02.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması (real bölünməsi)» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması (real bölünməsi)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evin 0,066160 ha torpaq sahəsinin vərəsələr arasında naturada ayrılması (real bölgüsü) barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evin 0,066160 ha torpaq sahəsinin tərəflər arasında naturada ayrılması (real bölgüsü) barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı1 72 yaşı var, xəstəlikdən əziyyət çəkir. Ona görə də, mülkiyyətlərində olan əmlakı uşaqlarının arasında bərabər bölməklə hərəsinə düşən payın ayrılmasını təklif etmişdir ki, gələcəkdə vəfat edəndən sonra aralarında mübahisə olmasın. Qızları buna razı olsalar da, cavabdeh olan oğulları bununla razılaşmırlar. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar. Qanunvericiliyin tələblərinə görə tərəflər arasında razılaşma olmadıqda məhkəmə əmlakın naturada ayrılması (real bölgüsü) barədə qərar qəbul edə bilər. İddiaçıların nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 3-cü Lökbatan küçəsi 14 saylı evin 1/8 hissəsi İddiaçı5, 1/8 hissəsi İddiaçı1, 1/8 hissəsi İddiaçı3, 1/8 hissəsi X6, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. 2/8 hissəsi açıq saxlanılmışdır (X1 adına olan). Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə evin və torpaq sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli 10/2488, 9/2703 saylı ekspert rəyindən göründüyü kimi, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən ünvan 1 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında paylara uyğun (7 hissə) bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir (qərardadın 1, 2 və 3-cü sualları üzrə). ünvan 1 ünvanda yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 58.000 manat (71,40 m2 x 812 manat), likvid dəyəri isə 5 % azalma əmsalı tətbiq edilməklə təqribən 55.100 manat (58.000 manat – 5 %) məbləğində müəyyən olunur (qərardadın 4 və 5-ci sualları üzrə). Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün deyil. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması (real bölünməsi)» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması (real bölünməsi)» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-421/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-421/2023
02.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver