Məhkəmə qərarları › İş №2(002)-422/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-422/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-422/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdİ: Təsviri: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar massivində olan evinə hesablanmış 899,74 manat borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır və orda yaşayır.Onun Şıxlar bağ massivində evi var, lakin orda yaşamırlar və sudan istifadıə etmirlər. Şıxlar bağ massivində evinə su sayğacı qoyulmuş və isitifadə etmədiklərinə görə heç bir pul yazılmır. Lakin sonradan onun su sayğacında 899,74 manat borc yazılması qeyd edilmişdir. Görünür həmin sayğacda nasazlıq olmuş və bu da cavabdeh təşkilatın təqsiri üzündən baş vermişdir. Sayğaca nəzarət etmək onların vəzifələri olmuş və vaxtında tədbir görülməmişdir. Cavabdeh tərəfindən onun yaşamadığı ünvan üzrə istifadə edilmədiyi halda Şıxlar bağ massivində olan evinə hesablanmış 899,74 manat borcun hansı əsasla yaranması ona məlum deyildir və bu səbəbdən hesab edir ki, həmin borc əsassızdır və ləğv edilməlidir. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Dəniz neftçisi” b/y-nın 5 saylı ev (ünvan 2 ünvanı üzrə abonent qismində çıxış edən İddiaçı (abonent kodu:**********001:********) əsassız hesablanmış 899,74 manat borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin məzmunun uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş abonent kodu **********001:26194797 olan abonent kartından görünür ki, abonent kodu **********001:26194797 olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 899,74 manat məbləğində su təchizatı xidmətlərinə görə borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş vətəndaş İddiaçı Azərsu ASC-yə ünvanlanmış məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatdadır və orda yaşayır. Onun Şıxlar bağ massivində də evi var, lakin orda yaşamırlar və sudan istifadıə etmirlər. Şıxlar bağ massivində evinə su sayğacı qoyulmuş və isitifadə etmədiklərinə görə heç bir pul yazılmır. Lakin sonradan onun su sayğacında 899,74 manat borc yazılması qeyd edilmişdir. Cavabdeh tərəfindən onun yaşamadığı ünvan üzrə istifadə edilmədiyi halda Şıxlar bağ massivində olan evinə hesablanmış 899,74 manat borcun hansı əsasla yaranması ona məlum deyildir və bu səbəbdən hesab edir ki, həmin borc əsassızdır və ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Azərsu ASC abonentlərlə iş şöbəsinin, Sukanal sistemlərinin təhlili şöbəsinin Su kəməri təsərrüfatının nəzarətçisi təsdiqləyir ki, o, həmin ünvanda olmuş və abonentin sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, borc sayğacın nasazlığı səbəbindən yaranmışdır. Tətbiq edilən hüquq normaları: Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3- cü maddəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinin “b” bəndinə görə, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir. Qanunun 30-cu maddəsinə görə, verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Qanununun 31-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Qanununun 32-ci maddəsinə görə, suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Qanunun 61.1-ci maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. MPM-nin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (İddiaçıanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında mülki iş üzrə yazılı sübutlara, o cümlədən tərəflərin izahatlarına əsasən müəyyən edildi ki, fiziki şəxs olan iddiaçı yaşayış ünvanına quraşdırılan su sayğacı düzgün işləmir və istismara yararsızdır, beləliklə, həmin yararsız sayğac əsasında iddiaçının ünvanına 899,74 manat məbləğində borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş su sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması su paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların su sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi su paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən su sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, yararsız sayğac əsasında hesablanmış borc, iddiaçı tərəfindən istifadə edilmiş su sərfiyyatını ifadə edə bilməz, bu səbəbdən həmin borc əsassız hesab edilməli və silinməlidir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdeh tərəfindən abonent qismində iddiaçıya yazılmış 899,74 manat məbləğdə olan borc əsassız olduğundan, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Dəniz neftçisi” b/y-nın 5 saylı ev (ünvan 2 ünvanı üzrə abonent qismində çıxış edən İddiaçı (abonent kodu:**********001:********) əsassız hesablanmış 899,74 manat borcu ləğv edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, “Dəniz neftçisi” b/y-nın 5 saylı ev (ünvan 2 ünvanı üzrə abonent qismində çıxış edən İddiaçı (abonent kodu:**********001:********) əsassız hesablanmış 899(səkkiz yüz doxsan doqquz) manat 74(yetmiş dörd) qəpik borcu ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elekton kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar