Məhkəmə qərarları › İş №2(002)-456/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-456/2025

03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-456/2025 03.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsinə qarşı əsassız yaranmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsi tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********000) İddiaçı adına hesablanmış 1043,53 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, şəhid ailəsi üzvüdür, həyat yoldaşı və iki qardaşı şəhid olmuşdur. Həmçinin, məcburi köçkündür, özü və övladı ikinci qrup əlildir. Məcburi köçkün kimi daimi yaşayış yeri olmadığından 2012-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Taksimotor küçəsi, ev 50 ünvanında yerləşən qarajda müvəqqəti məskunlaşmışdır. Lakin yaşayış üçün tam şəraitsiz olduğundan, o cümlədən vaxtı-vaxtında su gəlmədiyi üçün həmin ünvanda 2015-ci ildən yaşamamış və sudan istifadə etməmişdir. Həmin ünvanda sayğac da olmamış, onun tərəfindən hər hansı müqavilə imzalanmamış, yalnız formal olaraq adına abonent kodu açılmışdır. Bir daha qeyd edir ki, 2015-ci ildən orada yaşamamışdır, 2015-2019-cu illərdə Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən yataqxana 5-də ailə üzvlərilə birlikdə yaşamış, 2019-cu ildən məcburi köçkünlər üçün Qobupark yaşayış kompleksində yaşamışdır. Eyni zamanda bildirmək istəyir ki, sudan yalnız Qobuparkda, öz yaşayış yerində istifadə edir, hətta Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə ondan həmin ünvanda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun tutulması qət edilmişdir. Qeyd olunanlara əsasən bildirir ki, 2015-ci ildən yaşamadığı, ona heç bir aidiyyəti olmayan ünvan 1 ünvanı üzrə 2016-cı ildən sonrakı dövr üçün onun adına tamamilə əsassız olaraq hesablanmış borc silinməlidir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı cavabdeh “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, iddia ərizəsi ilə tanış olmuşdur. İddia tələbinə etirazı yoxdur. Belə ki, həqiqətən, mübahisəli ünvanda hazırda yaşayış olmadığı cavabdeh təşkilatın əməkdaşları tərəfindən müəyyən edilmişdir. Həmçinin, həmin ünvanda sayğac olmamış, müqavilə abonent tərəfindən imzalanmamış, su borcu isə norma əsasında hesablanmışdır. Yaranmış borc 2016-cı ildən sonra yaranmış borcdur. Hazırda abonentə kodun ləğvi üçün müraciət etməsi izah olunmuşdur. Qeyd olunanlara əsasən, məsələnin məhkəmənin mülahizəsinə görə həll edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 010715 saylı şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, X2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan AA 291659 saylı xx.xx.2013-cü il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonundan məcburi köçkündür və Qaradağ rayonu ərazisində məskunlaşmışdır. İş materiallarında olan ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 020479 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 044929 saylı vəsiqənin surətindən görünür ki, X4 ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 150 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, məcburi köçkün İddiaçı 2015-ci ildən 2019-cu ildə Qobupark yaşayış kompleksində mənzillə təmin olunana qədər Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən yataqxana 5-də ailə üzvləri ilə birlikdə yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqın və X5 üzrə Dövlət Komitəsi Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 335 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Fizuli rayonundan məcburi köçkün olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobupark 2” yaşayış kompleksi, bina 21, mənzil 25 ünvanında məcburi köçkün qəsəbəsində müvəqqəti məşkunlaşmışdır. Şəhid ailəsidir, 2019-cu il tarixdən 2025-ci il tarixinə qədər bu mənzildə yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-4024/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Qobu yolu, bina 21, mənzil 25 ünvanında yaşayan İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış 250,14 manat məbləğində pul vəsaitinin (abonent kodu **********080) tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan abonent kodu **********000 olan abonent kartından görünür ki, Taksimotor küçəsi, ev 50 ünvanı üzrə abonent kodu **********000 olan İddiaçı “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsinə 2016-cı ildən hal-hazıradək 1056,83 manat məbləğində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcu yaranmışdır. İş materiallarına xx.xx.2012-ci il tarixli “su təzhizatı və tullantı sularınınn axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə əlavə edilmiş, lakin həmin müqavilə abonent tərəfindən imzalanmamışdır. İş materiallarında olan ADSEA “İri şəhərlərin X11 Xidməti” PHŞ Qaradağ rayon Sukanal İdarəsinin Hesab Fakturasından görünür ki, abonent X2 adına Qaradağ rayonu, Taksimotor küçəsi, ev 50 ünvanı üzrə 1043,53 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsinin sayğacsız abonentin yoxlanılması barədə xx.xx.2025-ci il tarixli aktından görünür ki, ünvan 3 ünvanda yaşayış olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, şəhid ailəsi üzvü və məcburi köçkün olan iddiaçı mübahisəli ünvanda yalnız 2015-ci ilədək yaşamış, su təchizatı ilə bağlı həmin ünvanda sayğac olmamış, tərəflər arasında qanunamüvafiq qaydada müqavilə bağlanmamışdır, lakin hazırda iddiaçıdan həmin ünvan üzrə 2016-cı ildən sonra sonra yaranmış borc tələb edilməkdədir. Halbuki, iddiaçı 2015-2019-cu illərdə yataqxanada məskunlaşmış, 2019-cu ildən məcburi köçkün şəhərciyində mənzillə təmin edilmişdir. İddiaçının mübahisəli ünvanda 2015-ci ildən sonra su təchizatı xidmətindən istifadə etmədiyi iş materiallarında olan yazılı sübutlarla yanaşı cavabdehin nümayəndəsinin izahatı və xx.xx.2025-ci il tarixli aktı ilə də təsdiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı istehlakçının adına əsassız olaraq hesablanmış borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən, istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 72-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən, verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin X11 Xidməti” publik hüquqi şəxsi tərəfindən ünvan 4 ünvanı üzrə (abonent kodu: **********000) İddiaçı adına hesablanmış 1043,53 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar