Məhkəmə qərarları › İş №2(002)-46/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-46/2023

04.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-46/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, AR Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, AR Fövqəladə Hallar Nazirliyi, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS 52 ünvanında yaşayan Cavabdeh tərəfindən özbaşına, qanunsuz inşa olunmuş daş hasarın onun öz hesabına sökülməsinə, onun tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulmasına, Cavabdeh vəsaiti hesabına ərazinin əvvəlki vəziyyətinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayıram. ünvan 3nşumuz Cavabdeh yaşayır.2021 -ci ilin iyul ayında qonşum Cavabdeh evinin giriş qapısını sökmüş, qarşıya çəkərək, tikinti işləri apararkən kənd soveti və - bələdiyyə tərəfindən 'saxlanılmış, lakin ona edilən xəbərdarlıqlara baxmayaraq, tikinti işlərini davam etdirdi. Tərəfimizdən də, bir qonşu kimi ona edilmiş xəbərdarlıqların heç bir nəticəsi olmadı.Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə etmiş olduğum şikayət üzrə 11 sentyabr 2021 -ci il tarixdə “cinayət işinin başlanması ııın rədd edilməsi” barədə qərar qəbul edildi. Həmin qərarda təhqiqatçı Azər Həsənov qeyd etmişdir ki, “Tərəfimdən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, fərdi qaydada salınmış massivdə yerləşən, vətəndaş Cavabdeh qızma məxsus olduğu bildirilən fərdi həyət evinin əsas giriş hissəsinin başlanğıc hissəsimi təqribən 30-40 kv.m irəli çəkilməklə yolun hərəkət hissəsimə daxil olmuş və ərazi qanunsuz olaraq zəbt edilmişdir.”Həmçinin yuxarıda adı qeyd edilmiş qərarda o da, göstərilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 395.1- ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə həvalə edilmişdir.Göründüyü kimi, cavabdehin qanunsuz və hüquqa zidd əməlləri nəticəsində çox əlverişsiz vəziyyətə düşmüşəm.Cavabdeh aparmış olduğu tikinti işlərinin,genişləndirdiyi ərazinin və.s qanuni olub-olmaması, hər hansı sənədlərinin olması mütləq araşdırılmalıdır. Onun bu barədə heç bir sənədi yoxdur. Bu fakt öz təsdiqini 38-ci Polis Bölməsində tapmışdı. Mülki qanunvericiliyin tələblərinə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə, AR Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamın surətindən görünür ki,qanunsuz tikilmiş yaşayış evlərinin qeydiyyata alınmasıa icazə verilməsi qərara alınmışdır. Gülmama Seyran qızına məxsus ünvan 2 ünvanın yerləşən yaşayış evi 1950-ci ildə tikilmişdir.Söküntüyə düşmür-sanitar-texniki vəziyyəti normaya uyğundur. 2 otaqdan ibarət olmaqla yaşayış sahəsi 30kv.m, köməkçi sahəsi-12 kv.m, həyətdə ambarsahəsi-15,3 kv.m, toyuq hini sahəsi -12 kv.m , ayaqyolu sahəsi-3 kv.m, həyatyanı sahəsi -369,5 kv.m-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Polis İdarəsinin xx.xx.2021-ci il cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki , Qərarın təsvir hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayətişinin başlanılması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/227 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, iş üzrə iddiaçı tərəfin istifadəsində olan həyətyanı sahənin giriş-çıxış qapısının sağ hissəsində, iddiaçıya məxsus həyətyanı sahənin faktiki sərhədd hasarına bitişik, hündürlüyü 2.70 metr olan, mişar daşından inşa edilmiş hasar tikilisinin və metal materialdan darvazanın mövcud olduğu müəyyən olunur. Lakin, xx.xx.2023-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan hasar tikilisinin ünvan 2 ünvanında yerləşən ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.Mübahisə predmeti olan tikilinin ünvan 2 ünvanında yerləşən sahəyə giriş-çıxış üçün və həmin sahənin istifadəsi üçün hər hansı maneçilik yaradıb-yaradmamasının müəyyən edilməsi tikinti ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın 3-cü və 4-cü hissələri üzrə tədqiqat aparılmamışdır.ünvan 2 ünvanında yerləşən sahənin əvvəlki vəziyyəti haqqında hər hansı bir məlumat olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın 6-cı hissəsinin cavablandırılması mümkün olmamışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı 5 ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. . Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil. Belə ki, iddiaçı ilk əvvəl həmin mübahisəli evə subyektiv hüquqlarının olduğunu, yəni mübahisələndirdiyi evin ona məxsus olmasını sübut etməlidir. Həmin halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı mübahisələndirilən mənzilinin mülkiyyət hüququ ilə ona məxsus olmasını və ya onun qanuni sahibi olmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir.Həmçinin iddiaçı izahatlarında onun fərdi yaşayış evinin 6 sot sahədə yerləşdiyini bildirsə də, iş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamından görünür ki, həmin fərdi yaşayış evi 3-4 sot sahədə yerləşir beləliklə, iddiaçı tərəfindən torpaq sahəsini planı və ölçülərini təsdiqləyən sənəd(xəritə) təqdim edilmədiyindən cavabdeh tərəfindən aparılmış tikitilərin onun mülkiyyət hüquqlarını pozduğunu və hansı formada mülkiyyət hüquqlarının həyata keçırılməsinə mane olmasını sübut edə bilməmişdir. İş üzrə təyin edilmiş xx.xx.2023-cü il tarixli 10/227 nömrəli ekspert rəyindən də göründüyü kimi, cavabdeh tərəfindən tikitinlərin aprılması təsdiqlənsə də, həmin tikintilərin iddiaçıya hər hansı maneçiliklərin törədilməsi halını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, hazırki halda iddia üzrə iddiaçının subyektiv hüququ olmadığı və sübutların olmaması (kifayət olmaması) səbəbindən iddia təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, qanunsuz tikiti işlərinin aparılmasına son qoyulması,ərazinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətinə qaytarılması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar