Məhkəmə qərarları › İş №2(002)-460/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-460/2024

14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-460/2024 14.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtiib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən abonent kodu **********04567 olan istehlakçı hesabına əsassız olaraq hesablanmış 1002,24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evlərində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur, həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və abonent kodu verilmişdir. 2021-ci ilin sonunda qaz sayğacı quraşdırılmışdır, ondan əvvəl sayğac olmamış, sayğac quraşdırılandan sonra hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmişdir. Lakin Cavabdeh əməkdaşları xx.xx.2021-ci il tarixində ünvana gələrək güya onun təbii qazdan qeyri-qanuni (sayğacdan kənar xətt vasitəsilə) istifadə etdiyini bildirmişlər. Akta əsasən onun ünvanına həmin tarixə 1002,24 manat həcmində borc hesablanmış və onun **********04567 saylı istehlakçı hesabına borc kimi qeyd edilmişdir, hesablanmış borc məbləğindən həmin vaxt 400 manat ödəmişdir. Fotoşəkillərdə olan ev həqiqətən onun yaşadığı evdir, lakin qeyd edir ki, həmin dövrdə evdə az yaşayış olmuşdur. Hesab edir ki, akta əsasən hesablanmış borc əsassızdır. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixində Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilmiş və təbii qazdan sayğacdan kənar, kənar xətt vasitəsilə qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Bu barədə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş, müvafiq qaydalara əsasən abonentə 1002,24 manat borc hesablanmış və abonent tərəfindən həmin vaxt borcun 400 manatı ödənilmişdir. Sonradan ünvana sayğac quraşdırılmışdır. Akta əsasən həmin məbləğ abonentin təbii qazdan kənar xətt vasitəsilə qanunsuz istifadə etdiyi üçün hesablanmışdır və tamamilə qanunidir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin rəis müavini vəzifəsində işləyir. O, digər əməkdaşlar ilə birlikdə ünvanlara baxış keçirərkən iddiaçıya məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və xx.xx.2021-ci il tarixində bu barədə akt tərtib olunmuşdur. Təbii qazdan sayğacsız, kənar xətt vasitəsilə istifadə olunduğu həmin vaxt çəkilmiş fotoşəkillərdə də əks olunmuşdur, hətta iddiaçının əmisi təbii qazdan özbaşına istifadə olunduğunu təsdiq etmiş, daha sonra iddiaçı özü cavabdeh təşkilata müraciət edərək 400 manat məbləğində ödəniş etmişdir. Akta əsasən borc Komissiya tərəfindən hesablanmışdır. Məhkəmə, izahatları və şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən və fotoşəkillərdən görünür ki, abonent kodu **********04567 olan İddiaçı məxsus Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evləri ünvanında qaz xəttinə baxış keçirilmiş və baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən abonentə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat götürülməklə 9396 m³ həcmində məbləğ hesablanmışdır. İş materiallarında olan **********04567 kod nömrəli abonentin saldosundan və çıxarışdan görünür ki, abonentin 2021-ci ildə akta əsasən 1002,24 manat borcunun yarandığı qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "Azəriqaz" İB tərəfindən abonent İddiaçı xx.xx.2021-ci il tarixdə ******* saylı akta əsasən (9396 m³) 1002,24 dəymiş ziyan hesablanmışdır. 1002,24 manat borc müdaxilə nəticəsində yaranan borcdur, 400 manat isə abonentin öz iradəsilə ödənilən məbləğdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, yazılı sübutlara, fotoşəkillərə əsasən müəyyən edildi ki, iddiaçının fərdi yaşayış evinə çəkilmiş təbii qaz xəttinə 2021-ci ilin noyabr ayında baxış keçirilərkən təbii qaz xəttinə sayğacdan kənar, özbaşına qoşulma faktı aşkar edilmiş, bununla əlaqədar xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, akta əsasən 1002,24 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, məişət abonenti olan iddiaçıya münasibətdə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat götürülməklə, qeyd olunan məbləğ müvafiq qanunvericiliyə zidd olaraq hesablanmışdır. Ona görə də, "Qazdan istifadə Qaydaları"na əsasən belə hallarda məişət abonentinə münasibətdə qaz işlədicilərinin orta günlük iş rejiminin 12 saat götürülməli olduğu nəzərə alınaraq, iddia tələbi hesablanmış borcun yarısı həddində, yəni 501,12 manat hissəsində əsaslı hesab edilməli, qalan hissədə isə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-3cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən abonent kodu **********04567 olan İddiaçı hesablanmış borcun 501,12 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar