Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-54/2024 25.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektlərinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli, MAS-3832 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 14750 manat təşkil edir. Lizinq Alan bu müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 23% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən ayrılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə verilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçiirlməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.
2. xx.xx.2021-ci il tarixli, MAS-3832 saylı daxili lizinq müqaviləsinə 1 saylı, xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, 1 nömrəli əlavənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3832 saylı daxili lizinq müqaviləsi üzrə əldə olunan əmlak ("Khazar LX" minik markalı, rəngi ağ avtomobil) təşkil edir.
3. xx.xx.2021-ci il tarixli, MAS-3832 saylı daxili lizinq müqaviləsinə 3 saylı, xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23% hesablanmaqla 48 aylıq müddətə hər ay əsas məbləğ və mükafat məbləğindən ibarət sabit məbləğ ödənişlərini, ümumilikdə 21023 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasən, “Khazar LX" minik markalı, rəngi ağ avtomobil Cavabdeh təhvil verilmişdir.
5. 12.07.2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 1140.03 manat gecikdirilmiş əsas, 719.64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.94 manat dəbbə pulu olmaqla, cəmi 2084.61 manat məbləğində borcu vardır.
6. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 1411 №-li xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı "Daxili lizinq" müqaviləsinə əsasən "Khazar LX" markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh "Daxili lizinq" müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün 17 may 2023-cü il tarixə "xxxx" MMC-yə MAS-3832 saylı "Daxili Lizinq” müqaviləsinə əsasən ümumilkdə 1217.21 manat məbləğində gecikmə borcu yaranmışdır. Hal-hazırda daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə hər gecikdirilmiş gün üçün ümumi lizinq məbləğinin 0.3 %-i miqdarinda dəbbə pulu hesablanacaqdır. Həmçinin "xxxx" MMC-nin mülkiyyətində olan "Khazar LX" minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair ona verilmiş etibarnamənin müddəti bitmişdir. "Daxili Lizinq" müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən heç bir hüquqi əsaslar olmadan istifadə etdiyi müddət ərzində, lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxlərə dəymiş zərərə görə məsuliyyəti o daşıyır. Yuxarıda göstərilənləri rəhbər tutaraq yaranmış borcu dərhal ödəməyi və lizinq obyektinə istifadə hüququ verən sənədin alınmasını ondan tələb edir. Əks təqdirdə "Daxili Lizinq" müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcək, yaranmış borc və lizinq obyektinin qaytarılması ondan məhkəmə qaydasında tələb ediləcəkdir. İddia tələbi
7. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 iyul 2023-cü il tarixə 1140.03 manat gecikdirilmiş əsas, 719.64 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.94 manat dəbbə pulu, cəmi 2084.61 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X2 arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı "Daxili lizinq" müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, "Khazar LX" markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373.40 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu "xxxx" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3832 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən 12 iyun 2023-cü il tarixə ümumilikdə 2221.76 manat borcu yaranmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11-ci maddələrinə istinad etmişdir.
10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə iclasına ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılmasını istədiklərini bildirərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
13. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
15. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
17. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
18. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
19. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. 747.2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
21. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
22. 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2-ci maddəsinə əsasən, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
23. 748-1.13-cü maddəsinə əsasən, lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
24. 748-2.1-ci maddəsinə əsasən,lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
25. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. 748-1.9-cu maddəsinə əsasən, izinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır.
27. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
28. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
32. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
33. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
34. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b)Əsaslandırma
41. İddia qismən əsaslıdır.
42. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır.
43. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmışdır. Lizinq obyekti qismində 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq alan qismində çıxış edən cavabdeh isə bunun müqabilində 48 ay müddətində hər ay əsas məbləğ və lizinq mükafatı məbləği daxil olmaqla, 373.40 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. “Azemis” Elektron Məhkəmə Sistemindən görünür ki, tərəflər arasında lizinq müqaviləsi imzalanan zaman Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi olmamışdır.
44. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, lizinq verən tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən lizinq alan tərəfindən isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə icra etməli olduğu lizinq ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozlumuşdur. Bununla da, cavabdehin iddiaçı qarşısında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır.
45. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023cü il tarixli 1411 №-li xəbərdarlıq məktubu göndərilməklə lizinq ödənişi borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında lizinq müqaviləsinin ləğvi, lizinq predmetinin geri alınması və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır.
47. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmamış və tərəflər arasında bağlanmış xx.xx.2021-cİ il tarixli müqavilə üzrə ümumi borc deyil, xx.xx.2023-cü il tarixədək yaranmış 1217,21 manat gecikmə məbləğinin ödənilməsi tələb edilmişdir.
48. Odur ki, məhkəmə həmin pretenziya məktubunu bankın müqavilənin ləğvi barədə iradə ifadəsi kimi qiymətləndirməyərək hesab edir ki, qeyd edilən formada iradə ifadəsi olaraq kreditorun sözügedən kredit müqaviləsi üzrə yaranmış ümumi borcu tələb etdiyi iddia ərizəsi nəzərə alınmalıdır.
49. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış əsas və mükafat borcunun məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı 29 may 2021-ci il tarixli MAS-3832 nömrəli daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə yaranmış 1140.03 manat gecikdirilmiş əsas, 719.64 manat gecikdirilmiş mükafat üzrə pul vəsaitinin tutulmasını xahiş etmişdir.
50. Məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən əsas və mükafat hissədə borc məbləğini mübahisələndirilərək müvafiq ekspertiza keçirilməsi barədə vəsatət verilmişdir.
51. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8436 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3832 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) İddiaçı MMC olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə): gecikdirilmiş əsas borc üzrə 751.09 manat, mükafat borcu üzrə 669.06 manat təşkil edir.
52. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ekspert rəyində göstərilən məbləğlərdə, yəni əsas borc üzrə 751.09 manat, mükafat borcu üzrə 669.06 manat həddində təmin edilməlidir.
53. İddia tələbinin dəbbə borcu ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyət tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
54. 29 may 2021-ci il tarixli MAS-3832 nömrəli lizinq müqaviləsinin 7.2-ci bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğində gündəlik 0,3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
55. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı cərimə borcunun məbləğini (224.94 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, 30 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.
56. Məhkəmə iddia tələbinin 29 may 2021-ci il tarixli MAS-3832 nömrəli lizinq müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin müqavilənin şərtlərinə əsasən: 9.1 Lizinq verən lizinq alanı 1(bir) ay əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda bu Müqaviləəyə birtərəfli qaydada xitam verə bilər ....9.1.4 Lizinq alan lizinq ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 (on beş) təqvim gündən artıq müddətə 3 (üç) dəfədən artıq ödənişi gecikdirdikdə. 9.2. Bu müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz.
57. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır.
58. Göstərilənlərə əsasən, lizinq alan tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb hesab edir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi 29 may 2021-ci il tarixli MAS-3832 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir.
59. Məhkəmə iddia tələbinin lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin geri qaytarılması hissəsinə hüquqi qiymər verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
60. Bundan başqa, tərəflər arasında bağlanmış “Daxili Lizinq” müqaviləsinin 10.1-ci maddəsində göstərilmişdir ki, lizinq alan bu müqavilənin şərtlərini, Tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.202021-ci il tarixli Qərardadında göstərilmişdir ki, həm mülki qanunvericiliyin (bax yuxarıda 17-ci bənd), həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Lizinq ödənişlərinin ümumi məbləği, lizinq müqaviləsinə əlavə formasında, lizinq verən və lizinq alan tərəfindən təsdiq edilir. Tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin həmin şərti MM-in 748- 1.12-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, mülki qanunvericilik dörd halda lizinq verənə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu tanıyır. Bu hallardan biri, lizinq verənə lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir. MM-in lizinq müqaviləsinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən 748-1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə aldığı vəziyyətdə qaytarmalıdır. Göründüyü kimi, həm mülki qanunvericilik, həm də tərəflərin təsdiq etdiyi lizinq müqaviləsi lizinq alan tərəfindən lizinq ödənişinin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi halında hər hansı qeyd şərt olmadan, istisnasız olaraq lizinq obyektinin tam tərkibdə geri qaytarılmasını nəzərdə tutur.
62. Göründüyü kimi,Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mülki qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmamışdırsa, lizinq alanın təqsiri üzündən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, lizinq obyekti lizinq verənə qaytarılmalıdır. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində lizinq alan tərəfindən aparılmış ödənişlərin ümumi məbləği nəzərə alınaraq, ödənişə müvafiq hissədə lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilməz.
63. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, lizinq obyekti olan "KHAZAR LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801655 ban nömrəli, ağ rəngli avtomobil lizinq alandan geri alınaraq, lizinq verənə təhvil verilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
65. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 100,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100,40 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəfin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 70 manat hissəsi isə cavabdehdən, 30 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
66. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərmaş” MMC ilə bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, "KHAZAR LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801655 ban nömrəli ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 751.09 manat əsas, 669.06 manat mükafat borcu, 30 manat dəbbə pulu olmaqla, cəmi 1450.15 manat borc İddiaçı MMC-in xeyrinə ödənilməlidir.
67. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, "KHAZAR LX” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801655 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 29 may 2021-ci il tarixli MAS-3832 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 751.09 manat əsas, 669.06 manat mükafat borcu, 30 manat dəbbə pulu olmaqla, cəmi 1450.15 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin 30 manat hissəsi İddiaçı MMC-dən, 70 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova