Məhkəmə qərarları › İş №2(002)-61/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-61/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-61/2024 16.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı nümayəndəsi (qızı) X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv olunması və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 1700 manat borcun ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal küçəsi, Qaz kəmərləri küçəsi, ev 3, mənzil 2-də olan təbii qaz xəttinə smartkart tipli qazsayğacı quraşdırılmışdı. Bu yaxınlarda təbi qazdan istifadə ilə əlaqədar çətinlik yarandığı üçün cavabdehin nümayəndələrinə zəng edərək məlumat vermişdir.Onlar onun mənzilinə quraşdırılmış qaz sayğacını açaraq apardılar və cavabdehin laboratoriyasında sayğaca baxış keçirdikdən sonra əsassız olaraq onun barəsində 1700 manat məbləğində sərfiyyat hesablanaraq onun ödənilməsini tələb etdilər. Çox qəribədir ki, mənzilə xidmət edən həmin qaz sayğacı küçədə hamının gedişgəlişi üçün açıq olan yerdə quraşdırıldığı halda və həmin qaz sayğacına heç bir müdaxilə olmadığı halda cavabdeh əsassız olaraq onun barəsində belə bir akt tərtib etmişdir. İşin hallarından da görünür ki, həmin akt onun özünün cavabdehə müraciəti əsasında tərtib edilmiş və heç bir hüquqi əsas olmadan onun barəsində belə bir cərimə hesablanmışdır. İddiaçı nümayəndəsi (qızı) X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sayğac evin kənarda yerləşdirilməklə divara bərkidilmişdir. Sayğac şüşə və dəmirlə əhatə olunaraq qorunur. Sayğac yoxlamaya aparılanda evdəkilərin heç birinə məlumat veriılməmişdir. Sonra onlara deyildi ki, sayğacda cızıq var və bunun əsasında 1700 manat məbləğində borclarının olduğu bildirildi. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixində Azemis Elektron Məhkəmə Sistemi vasitəsilə etiraz ərizəsini təqdim edərək,bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Qaradağ rayon məhkəməsinə müraciət edərək sərfiyyat üzrə yaranmış 1700,00 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən dəlillərdən irəli gələrək hesab edir ki, İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir: Belə ki, iddiaçı Əhmədov X4 İB-də **********00030 abonent kodu olmaqla qeydiyyata alınmışdır (abonent saldosu əlavə edilir). İddiaçının qeyd etdiyi məbləğ abonentin saldo və aktında əksini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci müvafiq olaraq və MPM-nin 154-cü maddəsini rəhbər tutaraq, İddiaçı Cavabdeh İB-yə qarşı iddiasına etiraz edir və iddianın rədd edilməsini xahiş etmişdir.. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-ci il tarixli ******* nömrəli aktın məzmunundan görünür ki, istehlakçı İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal küçəsi, Qaz kəmərləri küçəsi, ev 3, mənzil 2-də olan yerləşdirilmiş sayğacın müddəti bitdiyindən yeni-smart zenner tipli G-4T markalı **********98 nömrəli sayğacı ilə əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4291-1 saylı aktında qeyd edilmişdir ki, “Sayğaca baxış keçirildi. sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plasmas plomblarının üzərində və yuvasının ətrafinda əzik cızıq izləri var.Sayğac isitismara yararsızdır”. rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca müdaxilə edilmiş və dəymiş ziyan ödənilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş 31.07. 2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5- 4369-1 saylı aktına əsasən zenner tipli G-4 markalı **********540422 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan iki ədəd zavod plastmas plombunun üzərində əzik-cızıq izləri var, istismara yararsızdır rəyi verilmişdir. xx.xx.2023cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0395937nömrəli akta əsasən **********00000 saylı abonent İddiaçı itirilmiş qazın həcmi 4320 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal küçəsi, Qaz kəmərləri küçəsi, ev 3, mənzil 2 və **********00030 saylı abonent kodu üzrə İddiaçı 1555,20 manat məbləğində pul hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1036 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin xaricində yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin saldosunda cavabdeh tərəfindən iddiaçının borcu 1555,20 manat məbləğində qeyd olunduğu üçün iddia tələbi həmin hissədə təmin edilərək, cavabdeh tərəfindən iddiaçının ünvanına əsassız olaraq hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu:**********00180) qazdan istifadəyə görə hesablanmış 1555(bir min beş yüz əlli beş) manat 20(iyirmi) qəpik borc Cavabdeh tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X2 məxsus ünvan 1 ünvanına (abonent kodu:**********00180) qazdan istifadəyə görə hesablanmış 1555(bir min beş yüz əlli beş) manat 20(iyirmi) qəpik borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar