Məhkəmə qərarları › İş №2(002)-611/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-611/2024

12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-611/2024 12.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən onun ünvanına hesablanmış 329 manat borcun ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İstehsalat Birliyinin əməkdaşları ilə bağlanmış müqavilə əsasında onun faktiki yaşadığı ünvana işıq saycağı qoyulmuşdur və o işıq sayğacından istifadə etmişdir. O, işıq sayğacında olan nasazlıqla əlaqədar dəfələrlə qaynar xəttə məlumat vermiş və nəhayət xx.xx.2023-cü il tarixdə idarədən gəlib sayğaca baxış keçirilmişdir. İşıq idarəsinin əməkdaşları baxarkən sayğacın giriş və çıxış yuvasında ərimə olmasını bildirmişlər və sayğacı götürərək yenisi ilə əvəz edəcəklərini bildrisələr də evə yeni sayğac təxminən 2 aydan sonra qoyulmuşdur. Ona işığa dair ödəniş gələndə məlum olmuşdur ki, ona borc yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət etmiş və ona rəsmi olaraq məktub göndərmişlər. Həmin məktubda qeyd edilmişdir ki, sayğacın hər iki yuvasının termiki təsir nəticəsində yandığı və istismara yarasız olduğunu, yeni sayğac quraşdırılanadək xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi sərf edilən elekrtik enerjisini 329 manat məbləğində müəyyən edilmişdir.O, tək qadındır, ailə başçısı yoxdur, özü xəstə olmaqla pensiya alır. Evdə iki nəfər olmaqla iki ay müdddətində onların qeyd edilən məbləğdə işıq enerjisindən istifadə etmələri mümkün deyildir. Onlar ayda 20-25 manat arası işıq pulu ödəmişdilər.İki ayda isə 329 manat sərf etməyi qeyri mümkündür. Cavabdeh təşkilatın özünün təqsiri səbəbindən onların evə vaxtında sayğac qoyulmamış, eyni zamanda köhnə sayğacın yararsız olmasında onların təqsiri olmamışdır. Sayğac ünvana 10 ildən artıqdır ki, quraşdırılmış, istismar müddəti artıq keçmişdir. Nəzarətçi tərəfindən də buna nəzarət edilməli idi. Onun həmin pulu ödəməyə maddi imkanı yoxdur. Onlara işıq sərfıyyatına görə yazılmış cərimə üzrə ünvan qeyri-yaşayış yeridir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o xəstədir, işləmir, təqaüdçüdür, həmin evdə 1998-ci ildən yaşayır və ev qeyri yaşayış yeridir, yəni zirzəmidir. Abonenet saldosu rəhmətlik yoldaşının adınadır. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 272884 nömrəli aktdan təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu– **********9000) mənzilə məxsus elektrik sayğacına baxış keçirilərək, məlum olmuşdur ki, elektrik sayğacının giriş və çıxış kliması əriyərək yanmışdır. Sayğacın yenisi ilə əvəz olunması və çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılması rəyi verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin bildiriş xəbərdarlığından görünür ki, X2 398,47 manat borc hesablanmışdır. İş materiallarında olan Abunə kodu **********9000 olan abunə haqqında sənəddən görünür ki, X3 cəmi borcu 398,47 manatdır. İş materiallarında olan İİ-ЖГ seriyalı 360317 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X1 arasında nikah xx.xx.1980-ci il tarixdə 19 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 021632 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 249 saylı akt ilə qeyd edilmişdir. İş materiallarında olan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Qaradağ rayon bölməsinin 1622 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan "xxxx" ASC-nin vətəndaşın müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasına dair "xxxx" ASC-yə daxil olmuş müraciətə (xx.xx.2023-cü il tarixli Ə-8512- 5/2023 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, xx.xx.2023-cü il tarixində 199 çağın mərkəzinə müraciət əsasında əməkdaşlar tərəfindən qeyd edilən ünvanda sayğaca baxış keçirilmiş, sayğacın giriş və çıxış yuvalarının əridiyi aşkarlanmışdır. Sayğac istismara yararsız olduğu üçün yenisi ilə əvəz edilmiş və çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılmışdır. Sayğacların yoxlamılması barədə tərtib edilmiş 346560 nömrəli protokolda sayğacın hər iki yuvasının termiki təsir nəticəsində yandığı və istismara yararsız olduğu barədə rəy verilmişdir. Yeni sayğac quraşdırılanadək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək sərf edilən elektrik enerjisinin hesabatı aparılmamışdır. İtirilmiş elektrik enerjisinin bərpa edilməsi məqsədilə “Elektrik enerjisindən istifadə Gaydalarfna uyğun olaraq, Rİ 272884 saylı akt tərtib edilmiş, /**********0000 saylı abunə kodu üzrə tarif fərqi nəzərə alınmaqla, 2739 kVt.s (295,45 manat) elektrik enerjisi dəyərində hesabat sənədi hazırlanmışdır. İş materiallarında olan abunə haqqında saldodan çıxarışdan görünür ki, 398,47 manat borc olduğu müəyyən olunur Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, elektrik enerjisi abonenti mənzilə qoyulmuş sayğacına "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərək sayğacın giriş və çıxış kliması əriyərək yanmışdır.Sayğac mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən itirilmiş enerji sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Cavabdeh isə məhkəmə iclasına nümayəndəsinin göndərməmiş və iddiaya dair etirazını bildirməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə 4 təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin «Qaydaları»n 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır Həmin «Qaydaları»n 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin «Qaydaları»n 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin «Qaydaları»n 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.8. İstehlakçı (məişət abonenti istisna olmaqla) aşağıdakı məlumat və hesabatları təqdim etməyə borcludur: 9.8.2. enerjitəchizatı müəssisəsinin və ya «Dövlət Enerjinəzarət» İdarəsinin tələbilə, enerjitəchizatı müəssisəsindən alınmış, subabonentlərə ötürülmüş elektrik enerjisinin miqdarını hesablayan elektrik sayğaclarının (uçot sistemlərinin) göstərişlərinin hər bir hesablaşma dövrünün sonuncu günündə 24 saatlıq qeydiyyatını aparmağa, nəticələri barədə enerjitəchizatı müəssisəsinə və «Dövlət Enerjinəzarət» İdarəsinə məlumat verməyə. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixli 272884 nömrəli akta əsasən həmin tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən aşkar olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda (abunə kodu- **********9000) mənzilə məxsus elektrik sayğacının giriş və çıxış kliması əriyərək yanmışdır. Sayğacın yenisi ilə əvəz olunması və çıxarılan sayğacın laboratoriya şəraitində yoxlanılması rəyi verilmiş və həmçinin mənzilə yeni sayğac quraşdırılanadək elektrik enerjisi birbaşa verilmişdir. Abonent saldosundan görünür ki, yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Cavabdeh qurumun iddiaçıya ünvanladığı məlumat məktubundan da göründüyü kimi, **********9000 saylı abunə kodu üzrə yeni sayğac quraşdırılana kimi (iki ay ərzində) sərf edilən elektrik enerjisinin hesabatı aparılmadan, tarif fərqi nəzərə alınmaqla borc hesablanmışdır. Hazırda iddiaçı iddia edir ki, əvvəlki aylarda həmişə onun elektirik sərfiyyatı aylıq 20-25 manat təşkil etdiyi halda, hazırda hesablanmış məbləğ iki ay üçün həddindən artıq çoxdur, müvafiq akt əsassız olduğundan, ona yazılmış borc məbləği silinməlidir. Həmçinin əlavə olaraq qeyd edir ki, sayğacın yararsız olmasında onun təqsiri yoxdur, o istehlakçıdır. Sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil, cavabdeh qurum daşımalıdır. Cavabdeh tərəf isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlı olmasına baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə heç bir münasibət bildirməmişdir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evindən kənarda quraşdırılması müəyyən edilmişdir.«Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil, enerji təchizatı müəssisəsi, yəni cavabdeh "xxxx" ASC daşımalıdır. Bundan başqa, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübut etmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadəyə görə Abonent kodu: **********90000 olan abonent X4 hesablanmış 329(üç yüz iyirmi doqquz) manat əsassız yazılmış cərimə borcu silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən mənzildə elektrik enerjisindən istifadəyə görə Abonent kodu: **********90000 olan abonent X4 hesablanmış 329(üç yüz iyirmi doqquz) manat əsassız yazılmış cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar