Məhkəmə qərarları › İş №2(002)-634/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-634/2022

25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-634/2022 25.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili X6, digər iddiaçı X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətdə olan evin çardağında nəfəslik yerinin açılmasına müdaxiləyə qadağa qoyulması və çənin sökülməsi tələbi barədə ilk iddiası və Cavabdeh1, Cavabdeh2 İddiaçı, X2 qarşı tikintinin sökülməsi və həyətlərinə olunmuş müdaxilədən həyətin azad edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətdə olan evin çardağında nəfəslik yerinin açılmasına müdaxiləyə qadağa qoyulması və çənin sökülməsi tələbi barədə ilk iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, həyətlərinin çardağında nəfəslik (havaçəkən) yerin açılması və həmin yerə plastik pəncərə qoyulmasına müdaxiləyə qadağa qoyulması, hasara yaxın qoyulmuş su çəninin sökülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu iddiaçılar İddiaçı, X2 qarşı tikintinin sökülməsi və həyətlərinə olunmuş müdaxilədən həyətin azad edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, tikinti norma və qaydalarına riayət olunmadan cavabdehlərə məxsus hasarın üzərində cavabdehlərin razılığı olmadan inşa olunmuş tikilinin iddiaçıların hesabına sökülməsi və həyətlərinə cavabdehlərin razılığı olmadan açılmış pəncərənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, 2021-ci ilin iyun ayında ünvan 1 ünvanında yerləşən evi almışdır. Hazırda həmin ev onun mülkiyyətindədir. Ev ikimərtəbəli olmasına baxmayaraq eyvansızdır, həyəti yoxdur, həyət ancaq çardağın altındakı ərazidən ibarədir, ora isə rütubətli və havasız bir tuneli xatırladır. Hasarın hündürlüyü 3,75 metrdir, çardaq hasarın üstünə oturdulmuşdur. Evdə bir-iki gün yaşadıqdan sonra qeyd etdiyi səbəblərdən müəyyən olunmuşdur ki, nəmişlikdən və havasızlıqdan evdə qalmaq olmur, bu səbəbdən evə tam köçə bilməmişlər. Bildirir ki, çardaq bahalı materialdan hazırlanmışdır, oradan nəfəsliyin açılması çətindir, evin sol tərəfindəki hasarı isə endirmək mümkün deyildir, həmin hasar qonşunun evinin arxa divarıdır. Ona görə də sağ qonşu olan cavabdehlərin həyətinə çardağın ən hündür yerindən hündürlüyü 40 sm, eni 1,5 m olan nəfəslik açmışdır. Həmin nəfəslik çox hündürdə yerləşdiyindən qonşunun həyəti qətiyyən görsənmir. Lakin cavabdehlər əvvəl razılıq versə də, sonradan onların evdə olmadığından istifadə edərək həmin nəfəliyin yerini daş hasarla bağlamış və nəfəsliyin hasarın görünüşünü pozduğunu bildirmişlər. Halbuki, həmin nəfəslik yerinin onlara hər hansı maneçiliyi yoxdur. Digər tərəfdən, yerin nəm çəkməsinə həmin hasarın yanında cavabdehlər tərəfindən qoyulmuş su çəni də səbəb olur. Ona görə də həmin su çəni sökülməlidir ki, divarlar nəm çəkməsin. Həmçinin qeyd edir ki, cavabdehlər nəfəsliyin açılmasına etiraz etməsələr, su çəni ilə bağlı tələbini geri götürməyə hazırdır, əsas tələbi nəfəsliklə bağlıdır. Lakin cavabdehlər nəfəsliyə qəti etiraz etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia barədə isə bildirir ki, qarşılıqlı iddia ərizəsində göstərilən hallar əsassızdır. Belə ki, aldıqları evin, o cümlədən çardağın və pəncərənin tikintisi evin əvvəlki sahibi tərəfindən 10 il əvvəl həyata keçirilmiş, bütün bunlara cavabdehlərin razılığı olmuş, bu vaxta qədər hər hansı etiraz edilməmişdir. Qeyd olunanlara əsasən, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı vəkili X11 və digər iddiaçı X5 İddiaçı izahatına uyğun izahat verdilər və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, ilk iddia tələbinə qəti etiraz edir. Belə ki, iddiaçı iddia ərizəsində 2021-ci ilin iyun ayında ünvan 2 ünvanında yerləşən evi aldığını, evin ikimərtəbəli olmasına baxmayaraq eyvanının və həyətinin olmamasını, həyətin ancaq çardağın altındakı ərazidən ibarət olmasını, çardağın altındakı yerin isə rütubətli və havasız olduğunu, çardağın hasarın üstünə otuzdurulduğunu, evin havasız və nəmişlik olduğunu, bu şəraitin ailəsinin səhhətinə pis təsir etdiyini və bu səbəbdən evə köçə bilmədiyini göstərmişdir. İddiaçı həm də bildirir ki, guya onun həyətinə nəfəsliyin açılmasına onun razılığı olmuşdur, lakin bu tam yalandır, iddiaçı özbaşına olaraq, onun razılığı olmadan ümumi hasarın üstündən onun həyətinə üç ədəd pəncərə açmağa çalışır. Hesab edir ki, hazırkı iddia tələbi ilə iddiaçılar onlara məxsus olmayan əmlak üzərində qanunsuz hərəkətlərə yol vermələrinə məhkəmədən haqsız dəstək umurlar. İddiaçı həmin evi alan zaman həyətinin olmamasını öz gözləri ilə görmüş və bunu qəbul etmişdir. Lakin hazırda qonşunun hesabına öz şəraitini qanunsuz yolla istədiyi kimi yaxşılaşdırmaq istəyir. Bunun üçün iddiaçı müxtəlif vasitələrdən istifadə edir, hətta Lökbatan qəsəbə nümayəndəliyində çalışan qohumunun və digər şəxslərin vasitəsi ilə onlara təsir etmək istəyir. Hətta maddi imkanlarının geniş olduğunu bildirərək pulunun gücü ilə istədiyinə nail olacağını deyir. İddiaçı həyətinin üzərindəki çardağı sökməklə həyətə işığın və havanın gəlməsini rahatlıqla təmin edə bilər, lakin o, qonşuya ziyan vurmaq istəyir. Əslində iddiaçıların əsassız iddiası olmasaydı, onun qarşılıqlı iddia vermək fikri yox idi. Lakin bu iddiadan sonra iddiaçıların evinin tikintisi zamanı yol verilən qanunsuzluğun aradan qaldırılmasını tələb edir. Belə ki, həmin evin əvvəlki sahibi ilə yaxşı münasibətləri olmuş, təqribən 8 il əvvəl həmin ev və onun çardağı hasarın üzərində inşa edilmişdir. Aparılan tikinti zamanı heç bir tikinti norma və qaydalarına əməl edilməmiş, cavabdehlərin mülkiyyətində olan əraziyə müdaxiləyə yol verilmişdir, həmin vaxt bunlara etiraz etməmiş, həmçinin keçmiş qonşunun xahişi ilə evin ikinci mərtəbəsindən onun həyətinə pəncərə açılmasına icazə vermişdir. Hazırda isə hasarın üzərində qanunsuz inşa edilmiş tikilinin və həyətinə açılmış həmin pəncərənin sökülməsini tələb edir. İddiaçı tərəfin su çəni ilə bağlı yazdıqları da həqiqətə uyğun deyildir. Belə ki, həmin su çəni uzun illərdir ki, öz həyətində hazırda durduğu yerdə olmuşdur, onun iddiaçılara hər hansı maneçiliyi yoxdur, çən dolduqda suyun kanalizasiyaya axması üçün boru xətti mövcuddur. Əlavə olaraq qeyd edir ki, hazırda onun və digər cavabdeh olan bacısının sahibliyində olan ev mərhum anasına məxsus olmuşdur, indiyə kimi vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirilməmişdir, lakin yaxın dövrdə bu məsələni həll edəcəklər. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat verdi və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri və yerli baxış (yerində müayinə) haqqında protokolu tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xaqani küçəsi, ev 25C İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə 07.12.2021-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xaqani küçəsi, ev 25C İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı MKİS tərəfindən verilmiş 10.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, ev 7, mənzil 54 ünvanında yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimyyəti Başçısının müavini tərəfindən Hacıyeva Briliant Yaşar qızına ünvanlanmış 02.12.2021-ci il tarixli məktubun surətindən görünür ki, qonşu ilə aralarında yaranan mübahisəli məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. İş materiallarında olan 26.02.1973-cü il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışının və qeydiyyat vəsiqəsinin surətlərindən görünür ki, Lökbatan qəsəbəsi, Xəqani küçəsi, ev 27 X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 1990-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Lökbatan qəsəbəsi, Xəqani küçəsi, ev 27 X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 410 saylı, 04.04.2022-ci il tarixli arayışdan görünür ki, Hacıyev X14 qəsəbəsi, Xəqani küçəsi, ev 27 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 411 saylı, 04.04.2022-ci il tarixli arayışdan görünür ki, Hacıyeva X7 qəsəbəsi, Xəqani küçəsi, ev 27 ünvanında qeydiyyatdadır. İş materiallarında olan yerli baxış (yerində müayinə) haqqında protokoldan göürünür ki, baxış zamanı iddiaçıların yaşadığı 25C saylı evin ayrıca giriş darvazasının olduğu, həyətə daxil olduqda həyətin üzərinin çardaqla (texniki pasporta görə talvarla) örtülü olduğu, talvarın altında olan sağ divarın üst hissəsindən 27 saylı evin həyətinə üç ədəd nəfəsliyin açıldığı, sonradan isə hörüldüyü, həmçinin sağ divarda nəm izləri aşkar edildi. İddiaçılar 25C saylı evi bu şəkildə, heç bir nəfəslik olmadan aldıqlarını bildirdilər. Həmçinin qeyd etdilər ki, ev və talvar əvvəlki ev sahibi tərəfindən təqribən 10 il əvvəl inşa edilmişdir. Hazırda həyətlərinin üzərindəki talvardan nəfəslik açmaları çətindir, ona görə nəfəsliyin qonşunun həyətinə açılmasını istəyirlər. Baxış zamanı cavabdehlərin yaşadığı 27 saylı evin ayrıca giriş qapısının olduğu, həyətə daxil olduqda sol hasar divarının üst hissəsindən bu həyətə üç ədəd nəfəsliyin açıldığı, sonradan isə hörüldüyü, həmçinin həyətin içində sol divarın yanında dəmir dirəklər üzərində su çəninin olduğu, çənin altının quru olduğu, çən dolduqda suyun axması üçün boru xəttinin mövcud olduğu aşkar edildi. Cavabdehlər sol hasar üzərində talvarın və 25C saylı evin 2-ci mərtəbəsindən onların həyətinə baxan pəncərənin təqribən 8 il əvvəl inşa edildiyini bildirdilər. Həmçinin qeyd etdilər ki, əvvəllər buna etiraz etməsələr də, yeni qonşunun onları məhkəməyə verməsindən sonra hazırda hasar üzərindəki talvarın və 25C saylı evin 2-ci mərtəbəsindən onların həyətinə baxan pəncərənin sökülməsini istəyirlər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçılar Lökbatan qəsəbəsi, Xaqani küçəsi, 25C saylı evi hazırda mövcud vəziyyətdə 2021-ci ildə almışlar, aldıqları zaman evin həyəti çardaqla örtülü olmuşdur. Hazırda iddiaçılar həyətə hava və günəş işığının daxil olması məqsədilə çardağın altındakı sağ divardan cavabdehlərin həyətinə nəfəsliyin açılmasını, ora plastik pəncərənin qoyulmasını, habelə qonşu həyətdə yerləşən, ayrıca dəmir dirəklər üzərində quraşdırılmış su çəninin sökülməsini tələb etməkdədir. Məhkəmə həmin iddia tələbinin hüquqdan su-istifadə xarakteri daşıdığını və qonşuların bir-birinə qarşılıqlı hörmət öhdəliyinə zidd olduğunu müəyyən edir. Çünki öz həyətinin üzərindəki çardağın bahalı materialdan hazırlandığını qeyd etməklə, həyətə hava və günəş işığı axınını ümumi hasarı sökməklə qonşunun razılığı olmadan onun həyətinə plastik pəncərə qoyulması ilə təmin etmək barədə iddia tələbi, eyni zamanda ümumi hasara aidiyyəti olmayan, qonşu həyətdə yerləşən hər hansı müstəqil qurğunun, o cümlədən su çəninin sökülməsi barədə iddia tələbi əsaslı hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Bununla yanaşı, ilk iddia ilə bağlı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf ümumi hasara aidiyyəti olmayan, qonşu həyətdə yerləşən hər hansı müstəqil qurğunun, o cümlədən su çəninin sökülməsi tələbi yerinə, onun həyətinə qonşu həyətdən suyun axıb-axmadığının müəyyən edilməsi, varsa həmin axıntının qarşısının alınması və dəymiş ziyanın aradan qaldırılması tələbini irəli sürə bilər. Bundan əlavə, məhkəmə qarşılıqlı iddia tələbini də iki səbəbdən əsassız hesab edir. Birincisi, cavabdehlər mərhum analarının mülkiyyətində olmuş evi və həyətyanı sahəni indiyə kimi vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirməmişlər, hazırda həmin daşınmaz əmlaka münasibətdə mülkiyyətçi deyillər, onların mülkiyyət hüququna əsaslanmaqla həmin qarşılıqlı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İkincisi, cavabdehlərin öz izahatlarına əsasən 8 il əvvəl ümumi hasarın üzərində inşa edilmiş tikiliyə və qonşu evin ikinci mərtəbəsindəki pəncərəyə onlar tərəfindən razılıq verilmiş, indiyə kimi hər hansı etiraz bildirilməmiş, qonşu tərəfindən həmin qaydada çıxarış və texniki pasport alınmışdır. Belə olan halda, cavabdehlərin hazırda həmin tikilinin və pəncərənin sökülməsi tələbini irəli sürməsi yuxarıda qeyd olunan əsaslarla qonşuların birbirinə qarşılıqlı hörmət öhdəliyinə zidd hesab olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətdə olan evin çardağında nəfəslik yerinin açılmasına müdaxiləyə qadağa qoyulması və çənin sökülməsi tələbi barədə ilk iddiası və Cavabdeh1, Cavabdeh2 İddiaçı, X2 qarşı tikintinin sökülməsi və həyətlərinə olunmuş müdaxilədən həyətin azad edilməsi tələbi barədə qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar