Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-634/2025 10.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış kommunal borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında onun adına hesabına əsassız yazılmış 777,60 manat borcun silinməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 3 nəfər ailə üzvüləri ilə birlikdə yaşayır. Həmin evə aralarında bağlanmış müqaviləyə əsasən “Smart” kart qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı xx.xx.2023-cü il tarixdə istismar müddəti bitdiyinə görə yeni “Smart” kart qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Dəyişdirilmiş qaz sayğacında heç bir qüsur olmamış və plomb üstündə olmuşdur. 22 avqust 2023-cü il tarixdə isə akt tərtib etmişlər və bu barədə rəy verilmişlər. Rəydə qeyd edilir ki, guya sayğacın çıxış plasmas borusu kənar təsirdən deşilibdir. Aktdaonun tanış olaraq güya imza etmədiyi qeyd edilmişdir. Halbuki həmin aktdan onun xəbəri olmamış, eləcə də oa imzalama üçün təqdim edilməmişdir. Həmin akt formal olaraq tərtib edilmişdir. O, vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli idi və hər ayda nəzarət olunurdu. Əgər sayğacda hər hansı 'bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Sayğaca müdaxilə edilməsi mümkün deyildir. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı bir qüsur olmamışdır. Əgər sayğacda həmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Onun sayğacı istismar müddətinin bitməsi səbəbindən dəyişdirilmiş, dəyişdirlərkən də qeyd olunan nasazlıq aşkar edilməmiş və heç bir əsas olmadan ona cərimə olaraq 777,60 manat borc yazılmışdır. Hər ay işlətdiyi qazı kart vasitəsilə ödəmiş və onun heç bir borcu olmamışdır. O, evdə 3 gözlü qazdan, hamam otağında isə pitiminutkadan istifadə etmişdir. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də ona heç bir cavab verilməmişdir.(məktubu və qəbzi ərizəsinə əlavə edir.) O, sayğaca heç bir müdaxilə etməmiş, sayğac evin çöl hissəsində yerləşirilmiş, sayğac dəyişdirilərkən plombu üzərində olmuş, plomba hər hansı bir müdaxilə olmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd qetdi ki, ev onun adınadır, çıxarışı var. Ev bina evi olmaqla üç otaqlıdır və həmişə üç nəfər yaşamışdır. Sayğac evin kənarındadır. Cavabdeh İB məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərək, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirkı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz göndərərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinə 2(002)-634/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə etiraz (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən) İddiaçı (bundan sonra İddiaçı) iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixində ******* saylı akt əsasında Cavabdeh İB-yi tərəfindən onun adına (ünvanına) 777,60 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00140 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1702AZ**********56 sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya Laboratoriyalar”ına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5- 4704/Q003 saylı Akta əsasən “sayğacın çıxış plastmas borusu deşilib” qaz itkisi,müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X1nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 m3 təşkil etmişdir. Hesablanmış 777,60 manat dəymiş ziyan 2024-cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmış ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirir ki, **********00140 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. 443.2ci maddəsinə əsasən “Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. 1091.1-ci maddəsinə əsasən “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazını bildirir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4704/Q003 saylı aktında qeyd edilmişdir ki, “sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu kənar təsirdən deşilib. Xəta normadan artıqdır.Sayğac xətayla işləyir. Minimal sərfiyyatda keçın qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu kənar təsirdən deşilmiş rəyi verilmiş və dəymiş ziyanın hesablanması nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4704/Q003 saylı aktına əsasən “sayğacın çıxış plastmas borusu deşilib”. xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə **********00140 saylı abonent İddiaçı qazın həcmi 6480 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə **********00140 saylı abonent kodu üzrə İddiaçı 777,60 manat məbləğində pul hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu borc məbləği ilə razılaşmamış və həmin məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə iclasında iddia tələbini müdafiə etdi. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, etiraz göndərmiş və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə(və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə),bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanınatəqdimetməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsiniistehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci maddəsi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Abonentin saldosundan isə müəyyən olunur ki həmin borc 2023-cü ili əhatə edir. Cavabdeh İB isə iddiaçıya qarşı hər hansı bir inzibati məsuliyyət tədbiri görməmiş, iddiaçı isə məhkəmə iclasında sayğaca müdaxilə etməsini və ya qanunsuz qoşulmasını etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin kənarında yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı və Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00140) hesablanmış 777,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00140) hesablanmış 777,60(yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-634/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-634/2025
10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver