Məhkəmə qərarları › İş №2(002)-709/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-709/2024

06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-709/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Mövsüm oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana yazılmış 14 noyabr 2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında Cavabdeh İB tərəfindən onun adına (ünvanına) itirilmiş qazın həcmi üçün hesablanmış 440 manat 64 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən həmin ünvana qaz sayğacı quraşdırılmışdır. Onun həyat yoldaşı özündə olan ikinci telefonu hər gün evə gələndə əskiyə büküb qaz sayğacının içinə qoymuşdur. Qaz idarəsinin əməkdaşları həmin telefonu qaz sayğacında görərək maqnit olmasını, maqnitlə sayğaca müdaxilə edildiyini bildirmişlər. Əslində qaz sayğacında telefon əskiyə bükülmüş halda olmuş və orada maqnit olmamışdır. Lakin həmin əməkdaşlar telefonu maqnit kimi qəbul edərək, bu barədə akt tərtib etmişlər. Həmin akta əsasən onu 440 manat məbləğində cərimə etmişlər. Əgər doğrudan da qaz sayğacında maqnit olsaydı bu barədə çəkiliş aparıb dəqiqləşdirərdilər və yaxud heç olmasa şəklini çəkərdilər. Çəkilən videoda ancaq qara əski olması göstərilir. Həmin əski açılıb içində nə olmasına belə baxmamışlar. Əgər həqiqətən də orada maqnit idisə, şəklini çəkib aktlaşdırmalı idilər. Hesab edir ki, qaz istismar idarəsinin əməkdaşları həmin qara rəngli əskinin içinə baxmışlar və orada telefon olmasını görmüşlər. Lakin telefon maqnit olmadığından çəkiliş zamanı həmin qara rəngli əskini açmamışlar, orada telefon və ya maqnit olmasını müəyyən etmək istəməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 Mövsüm oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun gizli işlətdiyi ikinci telefonu var. Hər gün işdən qayıdanda qara əskiyə büküb sayğacın içinə qoyur. Cavabdeh İB-nin əməkdaşları sayğaca baxış keçirdiyində telefonu müəyyən etmişlər, o da evdə bilinməsin, söz-söhbət olmasın deyə zirzəmidə olan qara maqniti gətirib əməkdaşlara təqdim etmişdir. Cavabdeh İB-nin əməkdaşları da maqniti sayğaca yerləşdirmişlər və mexanizmin dayanmadığını müəyyən etmişlər. Lakin əməkdaşlar ona bildirmişlər ki, onlara cərimə yazmalıdırlar, narazı qalsa, gedib məhkəmədə iddia qaldırar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən maqnit vasitəsi ilə sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Abonentin saldosundan da göründüyü kimi, axırıncı aylar üzrə ödəniş etməmişdir. Əməkdaşlar telefon aşkar etsəydilər, telefonu aktlaşdırardılar, iddiaçının nümayəndəsi maqnit gətirib təqdim etmişdir. Bu hal Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edildikdən sonra, sayğac sərfiyyat qeyd etməyə başlamışdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə 17 iyun 2022-ci il tarixli AKX-04159xx/xx-2022 saylı müqavilədən görünür ki, Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında istehlakçının keyfiyyətli qazla təmin edilməsi, istehlakçı tərəfindən alınan qazın dəyərini müqavilə şərtlərinə əsasən ödəməsinə dair müqavilə bağlanmışdır. İddiaçı abunə kodunun **********00010, ünvanının ünvan 3stərilmişdir. 14 noyabr 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məxsus ünvanda istifadə edilən təbii qazın həcmini ölçən sayğaca baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, qaz sayğacının hesabat aparmasını dayandırmaq məqsədi ilə sayğacın üstünə maqnit quraşdırılmışdır. Aktda dəymiş ziyanın hesablanması barədə tələb göstərilmişdir. Akt onu tərtib etmiş şəxslər tərəfindən imzalanmış, iddiaçının aktı imzalamadığı qeyd olunmuşdur. 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə adlı sənəddən görünür ki, yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən cavabdehə cəmi 3672 m3 qazın bərpası üçün ödəniş hesablanmışdır. Abonentin saldosundan görünür ki, sərf edilməsi qeyd olunan təbii qaz həcminə görə abonent koduna akt üzrə 440,64 manat borc hesablanmışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, zərərin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Lakin digər tərəfdən, qaz sayğacı olan yerə iddiaçı tərəfin bildirdiyinə görə doğrudan da mobil telefon qoyulmuş və həmin mobil telefonu iddiaçının nümayəndəsi qoymuşdur. Cavabdeh tərəfin bildirdiyinə görə sayğaca maqnit qoyulmuşdur, həmin maqniti iddiaçının nümayəndəsi onlara təqdim etmişdir, maqnit götürüləndən sonra sayğac sərfiyyatı qeyd etməyə başlamışdır. Göründüyü kimi, qaz sayğacına qaz sayğacının normal iş rejimində fəaliyyət göstərməsinə maneə yaradan kənar/yad əşya qoyulmuşdur ki, bu cür hərəkətə yol verilməsi məqbul deyil. Akta əsasən yazılmış sərfiyyata münasibətdə məhkəmə qeyd edir ki, bir qayda olaraq itirilmiş qaz sərfiyyatının həcmi hesablanarkən müəyyən hesablama qaydasından istifadə edilir və mahiyyət etibarı ilə bu cür hesablama ehtimal olanan qaz sərfiyyatının həcmini göstərir. Real olaraq işlədilən qazın həcmi isə bundan az olur. İddiaçının yaşadığı ev adi evdir, həmin evdə hər hansı iqtisadi fəaliyyətlə (çörək bişirmə və s. qaz həcmləri tələb edən fəaliyyət növü) məşğul deyil, istixana və s. tipli tikililər mövcud deyil. Adətən sadalanan yerlərdə qaz itkisinin həcmi hesablanan ziyan məbləğlərinə uyğun, bəzən isə daha çox olur. Lakin iddiaçının yaşadığı evdə 4 gözlü qaz plitəsi və su qızdırıcı kombi sistemi var. Aktın tərtib edildiyi vaxt payız ayına təsadüf edir və havanın şaxtalı keçdiyi dönəmlər deyil. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçının abunə koduna yazılmalı olan ədalətli borc məbləği 220 manat 32 qəpik təşkil edir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı abunə koduna (**********00010) 14 noyabr 2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış cərimənin (borcun) 220 manat 32 qəpik hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, akt baş vermiş fakt üzrə tərtib edilmişdir və həmin aktın ləğv edilməsi üçün qanuni əsas mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı abunə koduna (**********00010) 14 noyabr 2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış cərimənin (borcun) 220 manat 32 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar