Məhkəmə qərarları › İş №2(002)-764/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-764/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-764/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə edilməsi hüququna xitam verilməsi tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən olunması, həmin əmlakın 2/3 hissəsinə payın müəyyən edilməsi və həmin pay hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə edilməsi hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.500 manat pul kompensasiyası verilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilindən istifadə etmək hüququnun itirilməsi və xitam verilməsi, mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 fevral 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. 19 mart 2014-cü il tarixdə Ayan adlı qızları doğulmuşdur. Ona məxsus olan və 08.07.2013-cü il tarixdə aldığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 13 saylı evin 12 saylı 1 otaqlı mənzilində pasport qeydiyyatındadırlar və birgə yaşamışlar. Xasiyyətlərinin tutmaması və ailədə özünü qeyrisəmimi aparması səbəbindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə 19 fevral 2019-cu il tarixdə Cavabdeh ayrılmışdır. Birlikdə yaşamaları mümkün olmadığına görə özünə məxsus və ailə qurmazdan əvvəl aldığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 13 saylı evin 12 saylı mənzilindən çıxmışdır və hazırda kirayədə qalır. 31 yanvar 2021-ci il tarixdə həmin mənzildə yaşayan azyaşlı qızı X4 ilə görüşmək üçün həmin mənzilə gələrkən orada tanımadığı kişinin evdə alt paltarında olmasını görmüş və keçmiş həyat yoldaşının azyaşlı qızının yanında artıq hərəkətlərlə məşğul olması ona aydın olmuş və Qaradağ RPİ 10-cu PB-yə şikayət etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 13/12 saylı evin 1 otaqlı ümumi sahəsi 33,62 m2 olan mənzili adına 2013-cü ildə rəsmiləşdirilmişdir. Hazırda onun mülkiyyətindədir. Aralarındakı nikahın ləğv olunmasına baxmayaraq, Cavabdeh və azyaşlı qızı X4 həmin ünvanda yaşayırlar. Bu, bir mülkiyyətçi olaraq onun mənzil hüququnun pozulmasını ehtiva edir. Həmin mənzilin yerləşdiyi ərazidə 1 otaqlı orta təmirli yaşayış üçün zəruri əşyalarla təchiz edilmiş mənzilin kirayə haqqı 150 manat təşkil edir. O, həmin 1 otaqlı mənzili ailə qurmazdan əvvəl 25.000 manata 2013-cü ildə almışdır. Cavabdehin onun mənzilindən istifadə hüququna xitam verilməsi üçün 36 ay x 150 manat = 4.500 manat məbləğində kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin müəyyən müddətə 3 il ərzində həmin rayonda eyni şəraitli mənzildə kirayə yaşamağa kifayət edər. Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən olunması, həmin əmlakın 2/3 hissəsinə payın müəyyən edilməsi və həmin pay hissəsinə mülkiyyət hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilinin X5 ilə onun birgə nikahda olduqları və birgə ailə təsərrüfatı idarə etdikləri dövrdə alınmış əmlak olaraq müəyyən edilməsi, birgə nikahdan doğulan uşağın onun himayəsində qalmasının diqqətə layiq hal kimi qiymətləndirilməklə mənzilə olan payının 2/3 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla İddiaçı arasında 08 fevral 2014-cü il tarixdə rəsmi nikah qeydiyyata alınsa da, cavabdehlə onların ailə münasibətləri, birgə ailə təsərrüfatı aparmaları rəsmi nikah tarixindən ən azı bir il öncəki tarixə təsadüf edir və bunun da sübutu onların münasibətlərindən doğulmuş 19 mart 2014-cü il təvəllüdlü övladları X3 var olmasıdır. İddiaçı onun istifadə hüququnun olduğunu bildirdiyi mübahisəli mənzil, hesab edir ki, İddiaçı ilə onun birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə əldə olunmuş vəsait hesabına alınmış əmlak olaraq müəyyən olunmalıdır və həmin mənzilin (uşağın onun yanında qalması baxımından) 2/3 hissəsinə onun payı müəyyən edilməli və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Belə ki, sözügedən mənzilin pulunu əvvəla onun anası vermişdir. Bundan başqa, həmin mənzil yuxarıda qeyd etdiyi kimi cavabdehlə onun faktiki nikah münasibətlərində olduqları, birgə təsərüfatı idarə etdikləri dövrdə alınmışdır. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və onun namayəndəsi və vəkili X6 məhkəmə iclasında ilk iddia tələbini qəbul etmədilər, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 08.07.2013-cü il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 13 saylı evin 12 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1927 saylı reyestr kitabının 177734 saylı vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2021-ci il tarixli 155/69 saylı arayışdan görünür ki, İddiaçı ilə X2 arasında nikah 08 fevral 2014-cü il tarixdə 72 saylı akt qeydi ilə bağlanmış, nikah bağlandıqdan sonra arvada Həbibova soyadı verilmişdir. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 aprel 2014-cü il tarixli AZ-İİİ seriyalı 296668 saylı doğum haqqında arayışdan görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş 19.03.2014-cü il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmamış uşaqları var. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(002)- 472/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, 19.03.2014-cü il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 aprel 2019-cu il tarixli, AZ-İ seriyalı 313321 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 25 aprel 2019-cu il tarixdə 69 saylı akt qeydi ilə ləğv edilmişdir. Məhkəmə ilk öncə qarşılıqlı iddiaya münasibət bildirərək, qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia əsassızdır və rədd edilməlidir. Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcələnin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İş materiallarında olan hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, mənzil İddiaçı tərəfindən nikaha daxil olanadək alınmışdır və tərəflərin ümumi birgə mülkiyyəti sayılmır. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə ilk iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə cavabdehin mənzildən istifadə hüququ olmadığından (yaranmadığından) ilk iddianın təmin edilməsi mümkün deyil. Belə ki, Cavabdeh tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan qanunvericiliyə görə mübahisəli mənzildən istifadə hüququ yoxdur. Cavabdehin mənzildə qeydiyyatda olması ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə vurğulayır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz, əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə mənzildən istifadə edilməsi hüququna xitam verilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən olunması, həmin əmlakın 2/3 hissəsinə payın müəyyən edilməsi və həmin pay hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia ərizəsi üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. İlk iddia üzrə iddiaçıya izah edilməlidir ki, hazırkı mülki iş üzrə ilk iddia cavabdehə kompensasiya ödənilməklə mənzildən çıxarılma ilə bağlı olduğundan, hazırkı iddianın rədd edilməsi ona cavabdehə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə hüquqi maneə yaratmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə edilməsi hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən olunması, həmin əmlakın 2/3 hissəsinə payın müəyyən edilməsi və həmin pay hissəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia ərizəsi üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar