Məhkəmə qərarları › İş №2(002)-848/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-848/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-848/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaşadığı ünvan 1 ünvanında istifadə etdiyi suya görə ona əsassız hesablanmış 623,30 manat (altı yüz iyirmi üç manat otuz qəpik) borcun ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, Zəngilan rayonundan məcburi köçkün olmaqla ünvan 2 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailəsi üç nəfərdən ibarət olduğundan, habelə ərazidə kanalizasiya xətti olmadığından, sudan istifadə etməyinə görə ayda 5 manat 25 qəpik məbləğində pul ödəmişdir. Heç vaxt borcu olmamışdır, bu müddət ərzində sayğacın quraşdırılması ləngimişdir. xx xxxxxxx 2020-ci il tarixdə onun evinə sayğac quraşdırıldıqdan sonra 623,30 manat borcu olduğu bildirilmişdir. İddiaçı təşkilat tərəfindən hesablanmış həmin 623,30 manat borc tamamilə qanunsuzdur. Buna görə də o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Belə ki, iddia ərizəsində göstərilmiş borc məbləği sayğac quraşdırıldıqdan sonra səhvən nəzarətçi tərəfindən əsassız olaraq sistemə daxil edilmişdir. İddiaçının cavabdeh təşkilata heç bir köhnə borcu və cəriməsi olmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent kodu **********008:26096457 olan abonent kartından görünür ki, abonent kodu **********008:26096457 olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 623,32 manat məbləğində su təchizatı xidmətlərinə görə borcu yaranmışdır, digər aylardan fərqli olaraq xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün göstərici 1837 olaraq qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respbulikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 532 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Orucova X3 rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi, 1-ci masiv, 1-ci küçə, ev 18 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2017ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su təchizatı xidmətləri göstərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, abonent kodu **********008 olan İddiaçı yaşadığı ünvana həmin tarixdə sayğac quraşdırılmış, abonentin 14,65 manat artıq ödənişinin olduğu qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan iddiaçı üçün xx.xx.2020-ci il tarixdə su sayğacı quraşdırıldığı vaxtda hər hansı borcun olduğu qeyd olunmamış, lakin xx.xx.2020-xx.xx.2020-ci il dövrü üçün sayğac göstəricisi 1837 olaraq qeyd olunmuş, nəticədə iddia ərizəsində göstərilən borc məbləği hesablanmışdır. Həmin borcun hesablanması üçün hər hansı əsasın olmadığı, eyni zamanda cavabdeh tərəfin nümayəndəsinin iddia tələbini qəbul etdiyi nəzərə alınmaqla, 623,30 manat məbləğində borcun hesablanması əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanı üzrə (abonent kodu: **********008) hesablanmış 623,30 manat borc ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar