Məhkəmə qərarları › İş №2(002)-883/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-883/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-883/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzilinə istifadə hüquqlarına 6500 manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzilindən istifadə hüquqlarına 8000 manat kompensasiya ödəməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzillə bağlı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə təsdiq olunur. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə nəvəsidir. Oğlu ailəsi ilə birgə 1997-ci ildə Rusiyaya getmiş, təqribən 7 il əvvəl qayıdaraq ona məxsus üç otaqlı mənzilin iki otağında yaşayır. Həmin vaxtdan cavabdehlərlə və gəlini Lətifə ilə mübahisələri başlamışdır. Son illər mübahisələr daha da kəskinləşmişdir, üç ildir ki, cavabdehlərdən ayrı yemək yeyir, birgə təsərrüfat aparmırlar. Daimi olaraq cavabdehlər və gəlini Lətifə tərəfindən təhqir və işgəncələrə məruz qalmışdır. Dəfələrlə polis orqanlarına şikayət vermişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında gəlini tərəfindən döyülüb evdən qovulmuşdur, hətta gəlini onu döydüyünə görə inzibati qaydada cərimələnmişdir, hazırda özünə məxsus evdə yaşaya bilmir. Daimi olaraq hədələndiyinə və döyüldüyünə görə dekabr ayından evə qayıtmağa qorxur. Oğlu Cavabdeh1 bunlara göz yumur, arvadını müdafiə edir, rus dilində onu daimi olaraq təhqir edir və hamıya “anamın başı xarab olub” deyir. Onun 74 yaşı var, belə şəraitdə, yəni daimi təhqir, hədə-qorxu, işgəncə görərək cavabdehlərlə birgə yaşaması mümkün deyildir, cavabdehlər onun öz evində yaşamasına imkan vermirlər, özünə məxsus mənzildən faktiki olaraq məhrum edilmişdir. Bundan əlavə, cavabdehlərin Sabirabad rayonunda ayrıca evi vardır, oradan kənd təsərrüfatı malları gətirərək satırlar, həmçinin oğlu yüksək məbləğdə pensiya alır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində iki otaqlı mənzillərin kirayə haqqı təxminən 160-170 manat təşkil edir. Hesab edir ki, cavabdehlərə kompensasiya ödəməsə də onlar öz yaşayışlarını rahatlıqla təmin edə bilərlər. Buna baxmayaraq, hazırda 8000 manat kompensasiya ödəməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmasını tələb edir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla yanaşı, cavabdeh tərəf vəsatət verərək, mülki işin inzibati məhkəməyə göndərilməsini xahiş etmiş, tərəflərin heç biri inzibati orqan olmadığından və onlar arasındakı münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olmadığı aşkar olduğundan, mülki işə inzibati məhkəmədə baxılması barədə vəsatət tamamilə əsassız və qanunsuz hesab edilərək rədd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etməklə və cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etməklə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, iddiaçının qızıdır. Cavabdeh Fuad isə onun qardaşıdır. Mənzil iddiaçının mülkiyyətindədir, Cavabdeh1 ailəsi ilə birlikdə 1997-ci ildə Rusiya Federasiyasına köçmüş, lakin sonradan Azərbaycana qayıdaraq sözügedən mənzildə yaşamışdır. Mənzilə gələn vaxtdan cavabdehlər və qardaşı arvadı Lətifə anasının mənzildə yaşamasına imkan vermirlər. Yaşlı və xəstə anası daimi olaraq mənəvi və fiziki işgəncələrə məruz qalır. Öz evində yaşaya bilmədiyinə görə aylarla onun yanında qalmalı olur. Sonuncu dəfə Lətifə anasını döyən zaman polisə şikayət olunmuş, buna görə Lətifə cərimə edilmişdir, qardaşı isə Lətifəni müdafiə edərək, anasının başının xarab olduğunu demişdir. Tərəflərin birgə yaşamaları qeyri-mümkündür. Eyni zamanda qeyd edir ki, Cavabdeh1 yüksək pensiya alır, həmçinin ailəsi ilə birlikdə kənd təsərrüfatı mallarının satışı ilə məşğul olur, onların Sabirabadda da evləri var, anasına məxsus mənzildən kənarda cavabdehlər özlərini yaşayışla təmin edə bilərlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, iddiaçı onun qaynanasıdır. Mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlər və Fuadın arvadı Lətifə iddiaçının öz mənzilində yaşamasına imkan vermirlər. Yaşlı və xəstə qadın daimi olaraq mənəvi və fiziki işgəncələrə məruz qalır. Öz evində yaşaya bilmədiyinə görə dəfələrlə ağlaya-ağlaya onların evinə gəlmiş, oğlunun və gəlininin onu təhqir etdiyini, döydüyünü bildirmişdir. Tərəflərin birgə yaşamaları həqiqətən qeyrimümkündür. Son hadisədən sonra Lətifə onları hədələyib ki, oğlu Təvəkkülü öyrədəcək, Təvəkkül iddiaçıya və onlara zərər vuracaq. Hədə-qorxu davam etsə, polisə müraciət edəcəklər. Eyni zamanda qeyd edir ki, Cavabdeh1 yüksək pensiya alır, həmçinin ailəsi ilə birlikdə kənd təsərrüfatı mallarının satışı ilə məşğul olur, onların Sabirabadda da evləri var, anasına məxsus mənzildən kənarda cavabdehlər özlərini yaşayışla təmin edə bilərlər. Məhkəmə izahatı və şahid ifadələrini dinləyib, iş materiallarında olan yazılı sübutları və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 4, 34 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, 34 saylı mənzildə yaşayır. Həmin mənzildə özü, Cavabdeh1, Cavabdeh2 daxil olmaqla yeddi nəfər yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(002)- 184/2021 saylı qərarının surətindən görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları mənzildə İddiaçı döydüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan həmçinin görünür ki, işdə iştirak edən şəxslər izahatlarında birgə yaşadıqları mənzildə daimi münaqişə olduğunu qeyd etmişlər. İş materiallarında olan Daşınmaz əmlak mərkəzi tərəfindən 10 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi tərəfdə yerləşən 2 (iki) otaqlı mənzillərin kirayə haqqı təxminən 160 (yüz altmış) və ya 180 (yüz səksən) manat təşkil edir. İş materiallarında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ev alqı-satqı ofisində fərdi qaydada fəaliyyət göstərən X8 (VÖEN: **********) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 8-ci döngə, 4 saylı bina istiqamətində və ona yaxın ərazilərdə yaşamaq üçün hər bir şəraiti olan bina evlərində yerləşən iki otaqlı mənzillərin kirayə haqqı 170-200 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, 34 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır, cavabdehlər isə onun oğlu və nəvəsi olmaqla həmin mənzildə yaşayırlar. İzahatlar, şahid ifadələri və iş materiallarında olan yazılı sübutlar təsdiq edir ki, mülkiyyətçi olan, 74 yaşlı iddiaçının özünə məxsus mənzildə yaşamasına cavabdehlər və onların ailə üzvü tərəfindən ciddi maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur, münaqişə nəticəsində iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Digər tərəfdən, həmin ərazidə eyni şəraitə uyğun mənzillərin kirayə haqqı barədə arayışları, cavabdehlərin özlərini yaşayış yeri ilə təmin etmə imkanına malik olmaları barədə şahid ifadələrini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq məhkəmə müəyyən edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» X5 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına əsasən, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 saylı evin 34 saylı mənzilindən istifadə hüquqlarına İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar