Məhkəmə qərarları › İş №2(002)-916/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-916/2023

14.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-916/2023 14.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onun Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə, ev 11 saylı fərdi yaşayış evi vardır. Əsasən o, qeydiyyatda olduğu Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yaşayır, həyət evində isə yayda yaşayır. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə, ev 11 saylı fərdi yaşayış evinə küçə tərəfdə "Smart" kartlı sayğac quraşdırılmışdır. Sayğac küçədə yerləşdiyindən ona nəzarəti “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları etmiş, özü isə sayğaca heç vaxt müdaxilə etməmişdir. 2022-ci ilin avqust ayında Cavabdeh işçiləri tərəfindən quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və yenisi ilə əvəz edilməli olduğu bildirilmişdir. İstifadə edilən qaz sayğacı isə onun xəbəri olmadan laboratoriyaya göndərilmiş, yoxlamanın nəticəsi olaraq bildirmişlər ki, "12365482 nömrəli plomb kəsilərək G-4 SM/7588 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plasmas borusu deşilmişdir, xətalar normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır." Bundan sonra ona əsassız olaraq 1036,80 manat borc məbləği hesablanmışdır. Birinci dəfə Cavabdeh İB əməkdaşları gəlib sayğaca baxış keçirən zaman göstərici 16399 olmuş, təxminən bir həftə sonra həmin əməkdaşlar sayğacı dəyişmək üçün gələndə göstərici artaraq 16408 təşkil etmişdir. Əgər sayğac göstəricini qeydə almırdısa, bu rəqəm necə arta bilərdi. Həmçinin, sayğac açılarkən plombu üzərində olmuş və onun daxilində plasmas borusu deşilmişdir. Plomb üzərində ola-ola onun ora müdaxilə etməsi mümkün deyildi. Sayğaca nəzarət cavabdeh təşkilat tərəfindən edilməli idi və hər ay nəzarət olunurdu. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi. Ona hesablanmış borc əsassız və qanunsuzdur. Həmin borcun əsassız olduğundan silinməsi üçün xx.xx.2022-ci il tarixdə rəsmi olaraq cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir, cavabdeh təşkilat daxil olma barədə möhür vurmaqla ərizəni qəbul etmiş, lakin bu günə kimi ona heç bir cavab verilməmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə ona qanunsuz olaraq hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh təşkilat onun tələblərini yerinə yetirmədiyinə görə məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, 20 ildən çoxdur ki, iddiaçının qonşusudur. Hər ikisi həyət evində yaşayır, həmin ərazidə qaz sayğacları küçədə yerləşir və sayğaclara Cavabdeh əməkdaşları nəzarət edir. Məhkəmə, izahatı və şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək müəyyən edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC Layihə-Konstruktor Bürosu tərəfindən verilmiş Fərdi yaşayış evlərinin qazlaşdırılması barədə 1-2016-15052 saylı izahat və cizgilərdən görünür ki, X2 yaşadığı Müşviqabad qəsəbəsindəki evin qazlaşdırılması layihəsi 2016-cı ildə X10 İdarəsi Bakı Regional Bölməsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş 340 saylı arayışın surətindən görünür ki, X1 rayonu, Müşviqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə, 11 saylı evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Cavabdeh Bakı X8 Departamentinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan, habelə qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, abonent kodu **********00160 olan istehlakçı X3 məxsus Müşfiqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə, ev 11-də qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilmişdir, xətalar normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan və xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent kodu **********00160 olan istehlakçı X3 məxsus Müşfiqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə, ev 11 ünvanında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 1036,80 manat borc hesablanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə istehlakçı ona məxsus qaz sayğacına müdaxilə etmədiyini və ona hesablanmış əsassız borcun silinməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, fiziki şəxs olan istehlakçı iddiaçı üçün qaz sayğacı fərdi yaşayış evinin həyətindən kənarda yerləşən küçədə quraşdırılmış və cavabdeh təşkilatın həmin qaz sayğacına maneəsiz nəzarət imkanı olmuşdur. Belə olan halda, sayğacla bağlı yaranmış problemə görə fiziki şəxs olan istehlakçının hər hansı təqsiri müəyyən edilmədiyindən və sübuta yetirilmədiyindən, habelə mövcud qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, iddiaçının barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən 1036,80 manat borcun hesablanması qanunsuz və əsassız hesab olunmalı, bu səbəbdən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci küçə, ev 11-ə (abonent kodu: **********00160) hesablanmış 1036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar