Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-96/2021 26.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus torpaq sahəsində tikdiyi evin pəncərələrinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarxili 11/755 saylı qərarı ilə “Gilavar” Bağçılıq-yoldaşlığının üzvlərinə Qaradağ rayonu Sıxlar qəsəbəsində bağ sahəsi ayrılmışdır. “Gilavar” Bağçılıq-yoldaşlığının qərarı ilə şəxsən ona 5 sotdan ibarət 57 saylı bağ sahəsi ayrılmış, eyni zamanda baş plan layihələndirilib evin tikintisinə icazə verilmişdir. Həmin layihə əsasında ona ayrılan torpaq sahəsində ev tikmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 57 saylı bağ evi onun adına xx.xx.2019-cu il tarixdə DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh isə onunla qonşuluqda olan 47 saylı bağ sahəsini almışdır. Lakin cavabdeh 47 saylı bağ evini aldığı zaman artıq o, bağ evini tikdirmiş və orada yaşayışını təmin etmişdir. Cavabdeh ilk öncə ona məxsus bağ evinin qarşısında ağac əkmiş, daha sonra ayaqyolu tikmişdir. Sonradan o, cavabdehə kanalizasiya xəttinə qoşulmağa icazə verdikdən sonra cavabdeh həmin ayaqyolunu sökmüş, ağacları kəsərək evi ola-ola qeyri-qanuni şəkildə, heç bir icazəsi olmadan gecəqondu tikili tikmişdir. Hansı ki, həmin tikili onun evinin 90 sm uzaqlığındadır və heç bir sənədi yoxdur. Onun evinin hasarının eni ən azı 40 sm olmaqla, cavabdeh inşa etdiyi tikiliylə onun evi arasında 50 sm məsafə saxlamışdır. Cavabdehin inşa etdiyi həmin tikili onun pəncərələrinin qarşısında tikildiyindən üç otağa gələn günəş işığı tamamilə kəsilmiş, üç otaqda qaranlıq və rütubət yarandığından otaqdan istifadə yararsız hala gəlmişdir. Həmçinin evdə havalandırma mümkünsüz olmuşdur. Dəfələrlə bu barədə cavabdehə bildirsə də, heç bir nəticəsi olmamış, cavabdeh onun iradlarına məhəl qoymayaraq qanunsuz tikintini davam etdirmişdir. Cavabdeh faktiki onun evinə bitişik vəziyyətdə qanunsuz tikili tikməklə tikinti normalarını və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sonradan həmin evin sökülməsi üçün ondan pul tələb etmiş, maddi imkan olmadığını deyəndə isə qanunsuz tikiliyi sökməyəcəyini bildirmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, 47 saylı bağ sahəsi ona ayrılmışdır. Mübahisəli tikiliyə dair hazırda sənədi yoxdur, lakin həmin tikilini öz vəsaiti hesabına böyük əziyyətlə tikmişdir. Tikili üçün təqribən on beş min manat xərc çəkmişdir, iddiaçı heç olmasa həmin xərcin yarısını ödəsə, tikilini sökməyə razı olar. Lakin iddiaçı ona heç bir ödəniş etmir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 57 saylı bağ evi (ümumi sahəsi 241.5 kv.m.) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 171 nömrəli reyestr kitabının 16961 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, ev 57 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Gilavar” Bağçılıq-yoldaşlığının üzvlərinin siyahısının və ərazi üzrə yerləşmə sxeminin surətlərindən, habelə fotoşəkillərdən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 11/755 nömrəli qərarı ilə İddiaçı 57 saylı bağ sahəsi və Cavabdeh 47 saylı bağ sahəsi ayrılmışdır, həmin sahələr qonşudur, tikililər bir-birinə yaxın yerləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2717 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 57 saylı bağ evi ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində inşa olunmuş 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikiliyə dair müvafiq icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəyinə əsasən müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 57 saylı bağ evinin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş tikili (ekspert rəyinə əsasən 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) lazımi icazələr alınmadan, şəhərsalma və tikinti qaydalarını ciddi surətdə pozmaqla tikilmiş özbaşına tikilidir, həmin tikilinin qanunsuz olduğu və iddiaçı olan mülkiyyətçiyə münasibətdə maneə yaratdığı nəzərə alınaraq, iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82.-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülmə si də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hes abına həyata keçirilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 57 saylı bağ evinin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili (6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) cavabdehin hesabına sökülərək maneə aradan qaldırılsın. Ekspertiza xərcinə görə Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-96/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-96/2021
26.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver