Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1052/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsinə əsasən 2021-ci il buraxılışlı “Khazar LX” markalı ** PV *** dövlət qeydiyyat nişanlı NVABA1HHFMF801905 ban nömrəli ağ rəngli avtomobil lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cəvəlinə əsasən Cavabdeh illik 23% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 450,97 manat, ümumilikdə 19335 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19335 manatın 14750 manatını əsas məbləğ təşkil edir. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar LX” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə ümumilikdə 1229,62 manat məbləğində gecikmə borcu yaranmışdır. Ona görə də xx.xx.2021-ci il tarixli MAS- 5042 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixə 588,41 manat gecikdirilmiş əsas borc, 307,92 manat gecikdirilmiş mükafat, 333,29 manat dəbbə pulu olmaqla, cəmi 1229,62 manatın və 32,30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı MMC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini tədqiq edib, məhkəməyə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lizinq verən “Azərmaş MMC” ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilə üzrə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin 1.3-cü bəndindən müəyyən olunur ki, bu lizinq müqaviləsinin əsas məbləğini 14750 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizin ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür, ödənilmiş 3100 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 23% həcmində müvafiq mükafat məbləği hesablanır. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq verən lizinq alanı 15 gün əvvəldən xəbərdar etməklə bu bəndin müvafiq yarımbəndlərində qeyd olunan hallarda müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndindən müəyyən olunur ki, gecikdirilən lizinq ödənişləri məbləğinə 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas məbləğə görə 14750 manat, faiz məbləğinə görə 4585 manat olmaqla, cəmi 19335 manatı İddiaçı MMC-yə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, “Khazar LX” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, “Khazar LX” minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil kredit borcunu ödəyə bilmədiyi üçün evakuatorla duracağa gətirilmiş, təhvil alınarkən nəqliyyat vasitəsində qapının tutacağı sınıq vəziyyətdə olmuşdur. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 4651 saylı xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsinin 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyini, yaranmış borc və dəymiş zərər ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 588,41 manat, mükafat borcuna görə 307,92 manat, cəriməyə görə 333,29 manat olmaqla cəmi 1229,62 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyini icra edə bilməməsi səbəbindən istifadəsində olan lizinq predmetini iddiaçıya təhvil verməsi, İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə əsas borca görə 588,41 manat, mükafata görə 307,92 manat borcunun qalması öz təsdiqini tapdığından məhkəmə iddiaçının əsas borca görə 588,41 manat, mükafata görə 307,92 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 50 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsi üzrə əsas borca görə 588,41 manat, mükafata görə 307,92 manat, dəbbə puluna görə 50 manat, dövlət rüsumuna görə 32,30 manat olmaqla, cəmi 978,63 (doqquz yüz yetmiş səkkiz manat, altmış üç qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1052/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1052/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver