Məhkəmə qərarları › İş №2(003)-1080/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1080/2022

07.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1080/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Fərid Abdullayevin iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 777.35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azərişıq” ASC tərəfindən ünvan 1 ünvanı üzrə **********10063 saylı abonent hesabına qanunsuz və əsassız olaraq 777,35 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda işıq ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Lakin 25 yanvar 2022-ci il tarixdə guya elektrik xətti səhv qoşulduğuna görə akt tərtib edilmiş və əsassız olaraq borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də, göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacın qüsurlarına görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərindədir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Akt HDM 027378 saylı xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 777.35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, ünvanına quraşdırılmış sayğaca heç bir müdaxilə etməmişdir. "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış zamanı o işdə olmuşdur. Tərtib edilmiş aktla bağlı qeyd edir ki, əgər sayğacda “0” və ya faza xətti səhv qoşulubsa, onda həmin səhv onun gübahı deyil. Belə ki, əgər həmin xəttlər səhv qoşulubsa, sayğac quraşdırılan zamanı "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən edilmişdir. Belə ki, sayğacın bütün plombları yerində olmuş və həmin plomları zədələməyərək sayğacda olan xəttlərin yerinin dəyişdirilməsi mümkün deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fərid Abdullayev iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş “faza” yuvasına sıfır xətti, “sıfır” yuvasına isə “faza” xətti daxil edilmişdir. Kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsilə sayğac dövrədən kənarlaşdınlmışdır. Kənar mənbə qonşuya məxsus ******* nömrəli sayğacın “sıfır” xəttindən götürülmüşdür. Bu barədə müvafiq akt tərtib edilmiş və ümumilikdə 777,40 manat dəymiş zərər hesablanmışdır. Odur ki, iddia tələbini əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işin materiallarını nəzərdən keçirib hesb edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKT HDM 027378 saylı aktın surətindən görünür ki, E.E.İ.Q uyğun baxış apararkən məlum olmuşdur ki, elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir. Belə ki, sayğacın giriş “faza” yuvasına sıfır xətti, “sıfır” yuvasına isə “faza” xətti daxil edilmişdir. Kənar mənbədən verilmiş “sıfır” xətti vasitəsilə sayğac dövrədən kənarlaşdınlmışdır. Kənar mənbə qonşuya məxsus ******* nömrəli sayğacın “sıfır” xəttindən götürülmüşdür. İş materiallarında olan abunə haqqında çıxarışdan və xx.xx.2022-ci il tarixli AKT HDM 027378 saylı akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçının **********10063 saylı abunə hesabına ümumilikdə 777,40 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Qaydaların 7.7-cı bəndinə əsaəsn bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş “Azərişıq» ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 027378 saylı, xx.xx.2022-ci il tarixli aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar istehlakçı (iddiaçı) tərəfindən ünvanına quraşdırılmış elektrik sayğacına müdaxilə faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı (istehlakçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Həmin aktdan və işin araşdırılmış hallarından görünür ki, iddiaçının ünvanına quraşdırılmış sayğaca baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş, həmin akt onun və 2 hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamış, formal olaraq “imzadan imtina edildi” kimi aktda qeyd edilmişdir. Həmin aktdan başqa “Azərişıq» ASC tərəfindən məhkəməyə aşkar edilmiş pozuntu və həmin pozuntunun məhz istehlakçı tərəfindən edilməsinə dair başqa hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş 027378 saylı, xx.xx.2022-ci il tarixli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış borc silinsin. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDM 027378 nömrəli akt etibarsız hesab edilməli, hesabına həmin akt əsasında iddiaçının abunə hesabına hesablanmış 777,35 manat məbləğində borc silinməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDM 027378 nömrəli akt etibarsız hesab edilsin. "xxxx" ASC tərəfindən həmin akt əsasında iddiaçının abunə hesabına (abonent kodu **********10063) hesablanmış 777.35 manat məbləğində borc silinsin. "xxxx" ASC-dən 30 manat dövlət rüsumu tutularaq Bakı şəhəri Xəzər Rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar