Məhkəmə qərarları › İş №2(003)-110/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-110/2024

22.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-110/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə İddiaçı Cavabdeh (Əlikoviçə) qarşı divarın cavabdehin öz hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı ünvan 1 ünvanında onun evinin divarına bitişik inşa olunmuş tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında onun və ailə üzvlərinin yaşadıqları ünvanda qonşuluqda yaşayır. Belə ki, hasar qonşusu olsa da faktiki olaraq onun tərəfindən hasar çəkilməmişdir, yalnız onların ev aralarında hasar rolunu oynayır. Cavabdeh tərəfindən isə hasarlarına demək olar ki, bitişik əlavə tikili inşa edilmişdir. Faktiki olaraq həmin tikili cavabdeh tərəfindən bilərəkdən onların evlərinə bitişik tikilmişdir ki, evlərinin nəfəsliyinin qarşısı alınsın. Dəfələrlə tikilinin sökülməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinə əhəmiyyət vermədiyindən məhkəmə qaydasında həmin tikilinin sökülməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əslində həmin tikilinin inşa olunması üçün müfaviq icazə də alınmamışdır. Hər bir halda cavabdeh tərəfindən inşa olunan tikili qanunsuz olaraq inşa olunmuş və ona məxus tikilinin zədələnməsinə, evin havalanması üçün açılmış nəfəsliyin bağlanmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçıiddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh tərəfindən inşa olunmuş hasar yaşadığı evin hasarının qarşısında inşa olunmuş və günəş işığın düşməsinə, hava axımının keçməsinə maneçilik törədir. Hasarının hündürlüyü nəfəsliyə qədər olsa ona heç bir maneçəilik törətməz və onun bu barədə heç bir etirazı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, əvvəllər onlara bildirirdilər ki, iddiaçının əri xəstədir və ona görə həmin nəfəslik lazımdır. Bu səbəbdən etiraz etməmişlər. Hazırda isə iddiaçının əri ölmüşdür. Hasarı öz şəxsi torpaq sahəsində inşa etmişlər və inşa edilməsində məqsədləri isə həmin nəfəslikdən onların evlərinin müşahidə aparılmasının qarşısını almaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 4 X3 adınadır. İş materiallarına əlavə edilmiş: -Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş, atası – X5, anası isə X2r. -İİİ-ЖГ seriyalı, 456672 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.1985-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. -Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 Cavabdeh Əlikoviçin mülkiyyətindədir. -AZE 13858214 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Əlikoviç, xx.xx.1977-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş üzrə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə cavabdehin ünvanında baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, cavabdeh öz torpaq sahəsində iddiaçının yaşadığı iki mərtəbəli evin birinci mərtəbəsinin təxminən ortasında yerləşən pəncərənin qabağında eni təxminən 150 sm, hündürlüyü təxminən 250 sm olan divar tikmişdir. Həmin divarın yerdən yuxarıya olan 190 sm hissəsi qoşa mişar daşı ilə, 190 sm-dən yuxarı hissəsi (pəncərənin qarşısı olan hissəsi) tək qatlı mişar daşı ilə inşa olunmuşdur. Divarın yerdən yuxarıya olan 190 sm hissəsi ilə cavabdehin yaşadığı evin arasında olan ara məsafə təxminən 7-10 sm, yuxarı hissəsi (pəncərənin qarşısı olan hissəsi) ilə evin ara məsafəsi təxminən 23 sm təşkil edir. Cavabdehin nümayəndəsinin bildirdiyinə əsasən iddiaçının yaşadığı evdə olan pəncərədən cavabdehin həyətinə baxıldığından cavabdeh həmin divarı inşa etmişdir. İş üzrə qəbul edilmiş məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(003)-1916/2023 saylı qərardadına əsasən: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında İddiaçı məxsus yataq otağında və mətbəxində aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan azdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8855 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında cavabdeh tərəfindən iddiaçının yaşadığı 2 mərtəbəli yaşayış evindən 0,30m ara məsafəsində inşa edilmiş divar tikinti norma və qaydalarına riayət olunmadan inşa edildiyi müəyyən edilir. Mübahisəli divarın (hasar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə uyğun 2.20 m hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllən 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Həmin Məcəllənin 69.1.2-ci maddəsinə əsasən tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən 73.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Həmin Məcəllənin 79.1.3-cü hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində və istifadəsində olan yaşayış evi (birinci mərtəbəsində inşa edilmiş nəfəsliyi olan yaşayış evi) onun mərhum ərinin atasının adınadır. Ona görə də məhkəmə hesab edir ki, mərhum ərinin qanun üzrə vərəsəsi kimi iddiaçı, həmin əmlakla bağlı iddia irəli sürməkdə haqlıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 nömrəli iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin təxminən ortasında yerləşən nəfəsliklə 0,30 m ara məsafədə qonşu, iş üzrə Cavabdeh Əlikoviç öz mülkiyyətində olan ünvan 6 ünvanında divar (hasar) inşa etmişdir. Həmin divarın inşasına səbəb isə iddiaçının yaşadığı evdən onun həyətinin müşahidəsi mümkün olmasın. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələrindən (həmin nəticələrin yanlış olmasına dair hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi nəzərə alınmaqla) müəyyən olunur ki: -ünvan 4 ünvanında İddiaçı məxsus yataq otağında və mətbəxində aparılmış müayinələrin göstəricilərinə əsasən işıqlanma və hava cərəyanının surəti tələb olunan normadan azdır. -ünvan 5 ünvanında cavabdeh tərəfindən iddiaçının yaşadığı 2 mərtəbəli yaşayış evindən 0,30m ara məsafəsində inşa edilmiş divar tikinti norma və qaydalarına riayət olunmadan inşa edilmiş, mübahisəli divarın (hasarın) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə uyğun 2.20 m hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər. Məhkəmə, yuxarıda sadalanan qanunverciliyin tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və ünvan 6 ünvanında olan və qonşu İddiaçı yaşadığı evin birinci mərtəbəsində yerləşən pəncərərinin (nəfəsliyin) qarşısında inşa edilmiş divar 2,20 metr hündürlüyündən yuxarı hissəsi (yəni qeyd olunan nəfəsliyin qarşısına düşən hissəsi) Cavabdeh öz hesabına sökülməlidir. Belə ki, belə qənaətinə gəlməyin əsaslarını qeyd edərək məhkəmə vurğulayır ki, hər iki tərəfə məxsus torpaq sahələrinin sərhədlərini ayıran hasar mövcud olmamaqla iddiaçının istifadəsində və sahibliyində olan yaşayış evi torpaq sahələrinin sərhədində inşa edilmiş, iddia tələbi cavabdeh tərəfindən inşa edilən hasarın (divarın) iddiaçının istifadəsində olan evin strukturuna hər hansı bir ziyanın dəyməsi ilə deyil, məhz evə günəş işığın düşməsinə, hava axımının keçməsinə maneçilik törədilməsi ilə əsaslandırılmışdır. İş üzrə isə iddia tələbinin əsasları müəyyən edilmiş, həmin divarın iddiaçının istifadəsində olan evin strukturuna hər hansı bir ziyanın dəyməsi müəyyən edilməməklə, bu hal iş üzrə həmçinin mübahisə predmeti deyil. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən inşa edilmiş divar 2.20 metr hündürlükdə inşa olunduğu təqdirdə, iddiaçının yaşadığı evə günəş işığının və hava axımının daxil olmasına maneə aradan qaldırıla bilər. İş üzrə qəbul edilmiş qərar isə hazırda mövcud olan mübahisənin həlli zamanı hər iki tərəfin hüquq və vəzifələrinə mütənasib olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, işin hallarını, yəni mübahisənin cavabdehin hərəkətlərindən yaranmasını və bu hərəkətlərinin qanunililiyin müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb olunan ekspertiza tədqiqatının aparılmasına zərurətin yaranmasını nəzərə alaraq hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 6 ünvanında olan və qonşu İddiaçı yaşadığı evin birinci mərtəbəsində yerləşən pəncərərinin (nəfəsliyin) qarşısında inşa edilmiş divar 2,20 metr hündürlüyündən yuxarı hissəsi (yəni qeyd olunan nəfəsliyin qarşısına düşən hissəsi) Cavabdeh öz hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar