Məhkəmə qərarları › İş №2(003)-1138/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1138/2022

11.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1138/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 958.56 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən ona aktlar əsasında əsassız hesablanmış 958.56 manat və 2008.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvan üzrə ’AZƏRİQAZ’' İstehsalat Birliyinin **********02870 saylı kodu ilə abonentidir. 06.10.2018-ci il tarixdə ’’AZƏRİQAZ” İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanında quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz edilmişdir. Həmin sayğac çıxarılarkən oğlu iştirak etmişdir və sayğaca heç bir müdaxilə qeyd edilməmişdir. Sayğacın üzərində olan plomb yerində idi. Bu barədə akt tərtib olundu. ******* saylı aktda sayğacın çıxarılma səbəbi texniki baxış kimi və sayğacın quraşdırılma səbəbi əvəzetmə kimi göstərilmişdir. Bu yaxınlarda ona məlum olub ki, üzərinə 958.56 manat borc hesablanıb. Hazırda üzərinə qoyulduğu borcun yaranmasının səbəbləırini araşdırarkən ona məlum olub ki, ünvanında quraşdırılmış qaz sayğac çıxarıldıqdan sonra müayinə olunub. Müayinə 30 oktyabr 2018-ci il tarixdə aparılıb, yəni ünvanında quraşdırılmış sayğacın çıxarıldıqdan 24 gün sonra. Qaz sayğacın yoxlanılması barədə QSN-29/1710-02022/6-56 saylı aktinda qeyd olunub ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Bu elə bir qusurdur ki, ancaq laboratoriya şəraitində yoxlanılarkən aşkar oluna bilər, yəni sayğacın daxilində olan qüsurdur. Lakın ’’AZƏRİQAZ” İstehsalat Birliyinin işçiləri saxtakarlıq edərək sayğac çıxarılarkən gözə görünməyən qüsuru 06.10.2018-ci il tarixdə aktda qeyd etmişlər. Axı plastmas borusu sayğacın içərisindədir, onlar hardan bilirdilər ki, deşilib. Bu qabaqcadan quraşdırılmış bir işdir. Baxmayaraq ki, tərəfindən sayğaca müdaxilə olunmayıb həmin qusura görə cavbadehlik üzərinə qoyulmuşdur. Belə çıxır ki, sayğacda yaranmış nasazlığa görə təqsirkar odur. O, sayğaca müdaxilə etməmiş və sayğac çıxarılarkən üzərində zədə olması barədə hec bir qeyd aparılmamışdır. Qanuna əsasən istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyırlar. Qaz sayğacına müdaxilə sübut olunmayıbsa qaz sayğacında yaranmış nasazlığa görə istehlakçını təqsirli hesab edib dəymiş zərərin əvəzini tələb etmək olmaz. İstehlakçı ancaq təqsirli hərəktlərinə görə cavabdehdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvana baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, bu barədə müvafiq akt tərtib olunaraq dəymiş ziyan hesablanmış və istehlakçının hesabına yönəldilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, mübahisəli ünvana verilən qaz xətti üzrə abonent kodu **********02870 sayla qeydiyyata alınmışdır. İddia tələbindən görünür ki, iddiaçı 2018-ci ilin oktyabr ayında akt əsasında ona hesablanmış borcu mübahisələndirərək, aktın əsassız tərtib olunduğunu bildirmiş, hesablanmış 958.56 manat borcun silinməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 31.10.2018-ci il tarixli ******* nömrəli akt əsasında 7992 kub metr dəymiş ziyan hesablanmış, 799.2 manat borc yazılmış, 28.02.2022-ci il tarixli ******* nömrəli akt əsasında 16740 kub metr dəymiş ziyan hesablanmış, 2008.8 manat borc yazılmışdır. Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamış, cavabdeh tərəf 799.2 manat və 2008.80 manat borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. İddiaçı iddia tələbinin qalan hissəsinə dair öz tələbini əsaslandıran, yəni ona cavabdeh tərəfindən akt üzrə əlavə borcun yaranmasına dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 2808 manat borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə habelə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, 48.08 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********02870 saylı abonent hesabına əsassız hesablanmış 2808 (iki min səkkiz yüz səkkiz) manat borc silinsin. Cavabdehndən 48.08 (qırx səkkiz manat səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar