Məhkəmə qərarları › İş №2(003)-1150/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1150/2021

08.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1150/2021 08.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablnamış 426.6 manat borcun silinməsi, noyabr ayından qazdan istifadəyə görə cavabdeh tərəfindən ondan tutulmuş məbləğin geri qaytarılması, cavabdehin əməkdaşları barələrində prokurorluğa təqdimatla müraciət edilməsi və mənəvi ziyanla bağlı onun xeyrinə 99 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 426.6 manat borcun silinməsi, 28 manat pulun ona geri qaytarılması, Cavabdeh İB-nin əməkdaşları Hakim Bağırov və Şahin Əliyev barələrində bilərəkdən və səhlənkarlıqla bağlı vəzifə səlahiyyətlərini aşmalarının araşdırılması üçün Prokurorluğa təqdimatla müraciət edilməsi, mənəvi ziyanla bağlı cavabdehdən onun xeyrinə 99 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında qazdan istifadə olunması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən istifadə olunacaq qazla bağlı öncədən karta ödəniş etməklə qazdan istifadə olunmuşdur. Lakin, Cavabdeh İB tərəfindən mütəmadi sayğaca baxış keçirilməklə yararlılıq müddəti ötmüş sayğac və onun qoruyucu qutusu dəyişdirilmirdi. Bununla bağlı o, öz şəxsi vəsaiti hesabına qaz sayğacının qoruyucu qutusunu alınması və quraşdırılması üçün müəyyən vəsait xərcləmişdir. Lakin qoruyucu qutunun quraşdırılması sayğaca hər hansı bir müdaxilə edilməmişdir. xx.xx.2019-cu il tarixdə istehlakçı kimi ona və ya ailə üzvlərinə məlumat verilməyərək sayğac dəyişdirilmişdir. Hakim Bağırov və Şahin Əliyev isə əsassız olaraq aktda istehlakçının qeyd bölməsində imtina qeydini aprmışlar. Halbuki bu barədə heç kimə müraciət etməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının evinə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarından görünür ki, həmin akta əsasən iddiaçının abunə hesabına cəmi 426.6 manat borc hesablanmışdır. Məhkəmə araşdrıması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşikdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 426.6 manat tələb edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşdən müəyyən edilir ki, hazırda zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən iddiaçı tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş, abonentin aktı imzalamaqdan imtina etməsi formal olaraq göstərilməklə aktın bir surəti abonentə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən akt iki nüsxədən ibarət olmaqla tərtib edilməli və bir nüsxəsi barəsində akt tərtib edilən tərəfə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacın daxilində yerləşən çıxış plastmas boruya iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 426.6 manat məbləğində borc silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, 28 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 28 manat pulun abonent hesabına qaytarılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh İB-nin əməkdaşları Hakim Bağırov və Şahin Əliyev barələrində bilərəkdən və səhlənkarlıqla bağlı vəzifə səlahiyyətlərini aşmalarının araşdırılması üçün Prokurorluğa təqdimatla müraciət edilməsi barədə hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin iddiaçıya vurulmuş mənəvi ziyana görə cavabdehdən 99 manat tutularaq ona ödənilməsi haqqında hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçıdan sayğacın pulunun tələb edilməsi nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməklə ona mənəvi zərər dəyməsi barədə dəlilləri hazırki iş üzrə mənəvi zərərin müəyyən edilməsi üçün əsas hesab edilə bilməz. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 500 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının **********10070 saylı abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış 426.6 manat məbləğində borc silinsin. İtirilmiş təbii qazın bərpasına görə ödənilmiş 28 manat cavabdeh «xxxx» ASC alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar