Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1158/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxx» ASC tərəfindən əsassız olaraq hesablanmış 658,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən elektrik enerfisindən istifadədə pozuntuya yol verilmədiyi halda “xxxxxxxx” ASC tərəfindən iddiaçıya məxsus **********80003 saylı abonent hesabına dair tərtib olunmuş xx.xx.2019-cu il tarixli, aktdan görünür ki, elektrik sayğacı elektrik yükünü tam hiss etmir. Elektrik sayğacı yenisi ilə əvəz olunmalıdır. Bundan sonra həmin akt əsasında iddiaçı tərəfindən elektrik enerğisindən istifadədə pozuntuya yol verilmədiyi halda cavabdeh “xxxxxxxx” ASC tərəfindən iddiaçının abonent hesabına 658,35 manat məbləğində borc hesablanmışdır. Sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut yoxdur. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Mənzildən kənarda quraşdırılmış sayğacda qüsurun yaranmasına görə məsuliyyət enerfi təchizatı müəssisəsinin üzərindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan ünvan 1 mənzil 40 ünvana cavabdeh təşkilatı tərəfindən verilmiş **********80003saylı kod üzrə abunə haqqında arayışından görünür ki, 716,13 qalıq borcu vardır. İş materiallarında olanxx.xx.2019-cu il tarixli 016723 nömrəli aktda qeyd edilmişdir ki, istehlakçı İddiaçı **********80003 nömrəli abonent kodu ilə istifadəsində olan sayğacın dövlət möhüründə müdaxilə işləri vardır. Sayğac keçən elektrik yükünü tam hiss etmir. İş materiallarında olanxx.xx.2020-ci il tarixli “xxxxxxxx” ASC-nin akt komissiyasının rəyində qeyd edilmişdir ki, qüsur olaraq sayğacın dövlət möhürünə müdaxilə izləri var. Qüsur nəticəsində (2,4kvt x(0,7) x 24 saat x 216)-2724 kvt/s=5985 kvt/s hesabat aparılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 016723 saylı, xx.xx.2019-cu il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, borcun yaranmasına səbəb olan akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 216 gün üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş iddiaçıya hesablanmış 658,35 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 20 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus **********80003 saylı abonent hesabına hesablanmış 658,35 manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1158/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1158/2020
11.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver