Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1216/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Xəzər rayon Sukanal İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Xəzər rayon Sukanal İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona sudan istifadəyə görə hesablanmış 469,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Xəzər rayonu, Buzovna- Maştağa yolu, M.Ziya küçəsi ev-4/44-də yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. 2024-cü ilin noyabr ayında "xxxx" ASC-nin işçiləri tərəfindən iddiaçının yaşadığı ünvana gələrək sayğaca baxış keçirmişdirlər. Baxış zamanı "xxxx" ASC-nin işçiləri tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan su sayğacı su keçirmədən özü-özünə işləyərək müəyyən məbləğ yazır. Bundan sonra su idarəsinin işçiləri tərəfindən sayğacı çıxarılıb müayinə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentiyində yerləşən labaratoriyaya təhvil verilmişdir. Labaratoriyanm xx.xx.2024-cü il tarixli rəyi əsasında suölcən sayğac istismara yararsız olduğuna görə iddiaçıya "xxxx" ASC tərəfindən 469,80 manat əsassız borc yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən borc yazıldığı bildirilmişdir. İddiaçı qeyd edir ki, müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır.Mülki qanunvericiliyin normalarından görünür ki, zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi hüquqi əsaslar müəyyən edilməlidir. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.Hazırki iş üzrə sübutetməvəzifəsicavabdehinüzərinədüşür. Cavabdeh təşkilat zərərin iddiaçının qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və idiaçının təqsirli olmasını sübuta yetirməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, sayğaca müdaxilə edildiyinin aşkarlandığını və sayğacın yoxlanış üçün laboratoriyaya aparıldığını, lakin cavabdeh orqan tərəfindən bu barədə akt tərtib edilmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 54794/0377481 nömrəli rəyin surətindən görünür ki, “Abşeron İSS-20M markalı, Mexaniki DN-20 tipli, 23054794 nömrəli sayğac xx.xx.2024-cü il tarixdə çıxarılmış, müayinə zamanı suölçən cihazın Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığının normal olduğu, suölçən cihazın buraxıla bilən nisbi xəta faizi- Qnom (+) 6,01 faiz norma çərçivəsindən kənar olduğu, sayğacın verilən sərfiyyatı işlənmiş sayğaclar normativinə uyğun olaraq Qnom (+) 2,01 faiz çox qeydə aldığı, Qmin (-) 16,54 faiz norma çərçivəsindən kənar olduğu, suölçən cihazın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. İş materiallarında olan abonentin kartından görünür ki, verilən su xətti üzrə **********05 sayla qeydiyyata alınmış abonent koduna xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 469,80 manat zərər hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 2.1.1, 2.1.2, 2.1.6 və 2.1.8-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək, istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək), istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin qaydaların 4.1.3 və 4.1.5-ci bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifələridir. Həmin qaydaların 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçıların hüququdur. Həmin qaydaların 6.4, 6.5, 6.9 və 6.16-cı bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə su təchizatı və kanalizasiya müəssisəsinin vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən örtüklə örtülməlidir. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin qaydaların 8.1.8, 8.2, 8.6 və 8.9-cu bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. İstehlakçıya suyun verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının qanununun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının sayğaca müdaxilə etməsini təsdiq edən hər hansı sübut (məsələn akt və sair) məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə sudan istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə bunu təsdiq edən akt tərtib edilməlidir. Lakin, cavabdeh təşkilatın əməkdaşları tərəfindən həmin akt tərtib edilməmişdir. İddiaçının sayğaca müdaxilə etməsi, həmçinin müdaxilənin iddiaçı tərəfindən edildiyi hər hansı vasitə ilə sübuta yetirilmir. Belə olan halda hesablanmış borc silinməlidir. Həmçinin iddiaçının abonent kartından görünür ki, onun 2022-ci ildən 2023-cü ilin noyabr ayına qədər olan müddət ərzində aylıq su sərfiyyatı üzrə borcu ümumilikdə 203 manat təşkil etdiyi halda, 2023-cü ilin 23 noyabr-25 dekabr aralığında olan müddətdə su sərfiyyatı üzrə borcu 423,50 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçının bir ay ərzində istifadə etdiyi suya görə hesablanmış borc onun ümumi borcundan iki dəfə çoxdur. Məhkəmə bu halı ağlabata hesab etmir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bu halı təsdiq eəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı öz iddia ərizəsində ona sudan istifadəyə görə hesablanmış 469,80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə işinin tədqiqatı zamanı iddiaçıya hesablanmış borcun miqdarının 423,50 manat olması müəyyən edilmişdir. Qalan 46,30 manat məbləğindən borcun iddiaçıya hesablanmasına dair iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 591 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Xəzər rayon Sukanal İdarəsi tərəfindən İddiaçı (abonent kodu-**********005) sudan istifadəyə görə 423,50 (dörd yüz iyirmi üç manat əlli qəpik) manat məbləğində hesablanmış borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Xəzər rayon Sukanal İdarəsindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1216/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1216/2025
04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver