Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1219/2024 29.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 160 saylı evə dair tərtib olunmuş texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1936-cı il təvəllüdlü və xx.xx.2000-ci il tarixdə ölmüş X1na məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 160 saylı ev onun mərhum X1na məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. X1 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atası vəfat etdiyi günədək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 160 saylı evdə pasport qeydiyyatında olmuş və həmin evdə yaşamışdır. O, özü də həmçinin anadan olan gündən indiyədək qeyd edilən ünvanda öz ailə üzvləri ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda o, həmin evi qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal-hazırda o, qeyd edilən torpaq sahəsini sənədləşdirmək üçün ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumdan ona evin texniki pasportunda adın “Naib”, soyadın “Mahmudov”, ata adının “Zellabdin oğlu” kimi qeydə alındığını, lakin digər sənədlərdə atasının adının X2 qeyd edildiyi bildirilmişdir. Buna görə də evi sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün olmamışdır. Atası sağ ikən bütün bunlara əhəmiyyət verməmişdir. Anası yaşlıdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi evin öz adına keçirilməsi üçün ona lazımdır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, ərizəçinin atası ilə dost olmuşdur. Ərizəçinin atasının adı Naib olmmuşdur. Babasının adı isə Zeynalabdin olmuşdur. Ərizəçinin atası ilə münasibətləri yaxşı olmuşdur. Ərizəçinin atası 76 yaşında vəfat etmişdir. Ərizəçi öz ailəsi ilə birgə hal-hazırda da qeyd edilən ünvanda yaşayır. İş üzrə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xəzər rayon Buzovna qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 256694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun X1, anası isə X8r. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xx/xx-1277 saylı arayışın surətindən görünür ki, X7 ilə X9 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1961-ci il tarixdə 175 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş xx/xx-1375 saylı arayışın surətindən görünür ki, X7 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. -Bakı şəhəri 25 saylı Notariat Kontorunun notariusu Fuad Səfərovun xx.xx.2023-cü il tarixli x/o 514/23 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisində qanun üzrə vərəsə ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi Nayib oğlunun müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət daşınmaz əmlak daxildir. -"Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə” aid Pasportun surətindən görünür ki, ünvan 1-a dair həmin sənəd X6 adına verilmişdir. - Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş texniki pasportla notariat ofisinin məktubu arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, notariat ofisinin məktubunda “Zeynalabdin” kimi, texniki pasportda isə “Zellabdin” kimi qeyd edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş $özlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənedlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 adına verilmiş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsi 160 saylı evə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” xx.xx.2000-ci il tarixdə vəfat etmiş X4 (İV-JQ seriyalı 472339 saylı ölüm haqqında şəhadətnamə) aid olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 160 saylı evə dair X6 adına verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid Pasportun” xx.xx.2000-ci il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1219/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1219/2024
29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver