Məhkəmə qərarları › İş №2(003)-122/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-122/2021

19.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-122/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Hüseynov Elşən Təbrizoviçin iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilmiş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, dalan 1 ünvanında qanunsuz olaraq tikilmiş hasarın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi onun mülkiyyətindədir və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlərlə qonşudurlar. Yaşadığı dalan 1 ünvanında cavabdehlər yolu hasarlayaraq zəbt etmişdirlər. Həmin yolun təxminən 14 hissəsi hasarlanmışdır. Nəticədə orada nəinki avtomobillərin hərəkəti üçün maneə yaranmış, avtomaşın gediş-gəlişi də problemə çevrilmişdir. Yol daralmış olduğundan avtomobillər sərbəst hərəkət edə bilmir. Bundan əlavə, qonşuların zəbt etdikləri dalan dövlətə məxsusdur. Onlar özbaşına dövlətə məxsus olan yolu zəbt edərək öz mülkiyyətlərinə keçirmək istəyirlər. Bu səbəbdən də hesab edir ki, cavabdehlər tərəfindən qanunsuz tikilmiş hasar sökülməlidir. Qeyd olunanlara əsasən, cavabdehlər tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, dalan 1 ünvanında qanunsuz olaraq tikilmiş hasarın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh 01.05.1999-cu il tarixdə torpaq sahəsini almışdır. Torpaq sahəsi alınarkən hazırki vəziyyətdə hasarda olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* nömrəli 11.03.2014-cü il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, 1-ci dalan, ev 6 X1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 19.02.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2616 nömrəli, 17 sentyabr 2021-ci il tarixli məhkəmə texniki-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 istifadəsində olan və Cavabdeh2 faktiki sahibliyində olan torpaq sahələrinin faktiki ölçüləri; X1 mülkiyyətində olan 0.066138 ha torpaq sahəsinin sənəd üzrə və faktiki ölçülmüş koordinantları müəyyən edilmiş və sxemdə göstərilmişdir. Cavabdeh1 torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 01.05.1999-cu il tarixli, 368 saylı sərəncamı ilə ona ayırılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinant və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən ona ayrılmış torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ona torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 01.05.1999-cu il tarixli, 368 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh3 torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 01.05.1999-cu il tarixli, 366 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinant və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən ona ayrılmış torpaq sahəsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Cavabdeh3 torpaq sahəsi ayrılması haqqında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının 01.05.1999-cu il tarixli, 366 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərinin üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, dalan 1 ünvanında cavabdehlər tərəfindən tikilmiş hasara dair hər hansı bir layihə sənədi olmadığından həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Ekspert rəyindən görünür ki, mübahisəli hasarın tərəflərdən hansısa birinin istifadəsində olan torpaq sahəsində yerləşməsi, qanunsuz inşa edilməsi və onlara maneə yaratmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, tədqiq edilən sənədlərdən və işin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, iddiaçı mübahisəli hasarın tikildiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, həmçinin həmin hasarın tikinti norma qaydalarına uyğun tikilib-tikilməməsini ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilmiş hasarın sökülməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qanunsuz tikilmiş hasarın sökülməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar