Məhkəmə qərarları › İş №2(003)-1227/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1227/2023

31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1227/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi) qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisində Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi ev 5A-ya Cavabdeh adına verilmiş vərəslik şəhadətnaməsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildə vəfat etmiş məhrum anası X3 miras qalmış Bakı şəhəri,. Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 5 A, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1268-ci maddəsinə yəni, mirasdan imtina hüququ və həmin ərizənin geri götürülməsi Məhkəmə səlahiyyətində olduğuna məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirmək istəyir ki, 7 saylı notariusda vərəsəlik işi aparılan zaman gözləri zəif olduğundan, qulağı ağır eşitdiyindən qardaşı Cavabdeh etibarından sui istifadə edərək, onu aldadaraq ona düşən payı özünkiləşdirmişdir. Ona vəd vermişdir ki, fərdi yaşayış evinə müştəri var, dərhal sənəd hazır olan kimi, evi və torpağı müştəri istəyir. Puluda onunla tən yarıya bölməyə vəd vermişdir. Buna baxmayaraq qardaşı Nazim onu aldadaraq tək özünə sənədləşmə aparmışdır. Onun yanında etibarnamə ilə iştirak edən X11 bu işin sənədləşməsini aparmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iş üzrə tərəflər bacı-qardaşdılar. X2 xx.xx.1999-cu ildə ölmüş və ondan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi ev 5 A miras qalmışdır. Həmin miras əmlakın vərəsəlik qaydasında sənədləşdirilməsi zamanı iş üzrə cavabdeh iddiaçını aldatmış, həmin torpaq sahəsinin satılması ilə əlaqədar sənədləşdirilməsi adı ilə Bakı şəhəri 7 saylı Notariat ofisinə aparmış, notariat orqanında mirasdan imtina etməsi barədə ərizəni imzalatdırmışdır. Həmin zaman iddiaçıya hansı sənədinin imza etməsi barədə ona hər hansı izah verilməmişdir. İddiaçının isə gözü pis gördüyündən imzaladığı sənədi oxumamışdır. Bundan başqa notariat orqanı tərəfindən vərəsələrin dairəsi tam müəyyən edilməmiş və yalnız cavabdehin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Ona görədə iddia tələbini əsaslı hesab edir və məhkəmədən təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, X10 onun anası olmuşdur. Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi ev 5A anasından miras qalmışdır. Anası Sayad, xx.xx.1999-cu ildə ölmüşdür. Cavabdeh onun qardaşıdır. Cavabdeh ona bildirmişdir ki, analarından qalmış həmin evi almaq istəyən var və satılması üçün onun tərəfindən razılıq verilməlidir. Aralarında olan razılığa əsasən cavabdeh həmin evi satdıqdan sonra ona çatası paya görə əldə edilmiş puldan ona verməli olmuşdur. O, oğlunun səhətində olan problemlərin müalicəsi üçün ona pul lazım olduğundan razılaşmışdır. Bu məqsədlə o, notariat orqanına getmiş və sənədləri imzalamışdır. Lakin, həmin zaman anasından qalmış miras əmlakdan imtina etməsi barədə sənədi imzalaması barədə məlumatı olmamışdır. Gözü pis gördüyünə görə də imzaladığı sənədi oxumamışdır. Belə ki, 10 ildir ki, şəkər xəstəsi olduğuna görə gözündə problemlər var və notariat ofisində sənəd qəbulu pəncərəsindən ona sənədlər verilmiş, daha sonra isə əlindən tutularaq sənədləri imzalamışdır. İzahatında həmçinin bildirmişdir ki, o, ailə qurduqdan sonra ünvan 1 ünvanında yaşamış, miras qalmış əmlakda isə iş üzrə cavabdeh yaşamış, hazırda da ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin sentyabr ayında oğlu ölmüşdür. 2020-ci ilin sentyabr ayında oğlunun “il” yas mərasimində o, Nazimdən analarından qalmış miras əmlakla bağlı soruşanda, Nazim bildirmişdir ki, ona pay düşmür, o, notariusda imzaladığı sənədlə bağlı soruşanda isə Nazim ona - onun öz payından imtina etməsini və evi yalnız öz adına rəsmiləşdirdiyini bildirmişdir. Daha sonra isə Nazim ona evi satıqdan sonra ona çatası paya uyğun pul verəcəyinə söz versə də, lakin hal-hazıradək vədinə əməl etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X16 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, dayısı Nazim onun anasını aldadaraq nənəsi Sayaddan qalmış evi yalnız öz adına rəsmiləşdirmişdir. Nazim anasına bildirmişdir ki, evə müştəri var və almaq istəyir. Ona görə evin satılması üçün evi sənədləşdirmək lazımdır. Ev satıldıqdan sonra isə anasına çatası paya görə pul verəcəkdir. Lakin, cavabdeh nənəsindən qalmış evi öz adına rəsmiləşdirmişdir. İzahatında həmçinin bildirdi ki, məhkəməyə müraciət etməzdən 1 ay 15 gün əvvəl nənəsindən qalmış evin hasarının üzərində satılır sözlərinin yazıldığını görmüşlər və bundan sonra cavabdehə evə dair onlarının paylarının olduğunu bildirmişlər. Cavabdeh isə onlara həmin evdən heç bir paylarının olmadığını bildirmişdir. Bundan sonra notariusa müraciət etmişlər, notarius isə anasına vərəsəliyə dair şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmənin həmçinin nəzərinə çatdırmışdır ki, nənəsinin bir uşağı Dadaşova Əliyoldaş olmuş, Nazimin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyi vaxtı notarius bunu bilmiş, lakin bu məsələyə diqqət verməmiş və yalnız Nazimin adına vərəsəlik şəhadətnaməsi vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, İddiaçı bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nusrət Məmmədov kuçəsində yerləşən 5A saylı evə dair Cavabdeh 18 iyun 2019-cu il tarixli qanun uzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmışdir. O, qardaşı olan Cavabdeh xeyrinə miras əmlakdan imtina olunmasına dair ərizə vermiş, lakin onun gözləri zəif olduğundan, qulağı zəif eşitdiyindən nəyə qol çəkdiyini bilməmiş, həmçinin qardaşı ona əmlakı satdıqdan sonra əldə olunacaq puldan pay verəcəyini bildirsə də sonradan aldandığını başa duşmüşdür. Hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, o, könüllü olaraq özünun yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan onun xeyrinə imtina etmiş, 18 iyun 2019-cu il tarixdən hazırki dövrə qədər bu halı mübahisələndirməmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cu il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Beləliklə, hesab edir ki, baxılan mübahisə üzrə iddiaçının iddia tələbində qeyd etdiyi halları sübut edilmədiyindən, mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində ( 4 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən, hərəkətsizliyi ilə bu hüququn vaxtından əvvəl xitamına səbəb olduğundan, həmçinin əmlaka sahiblik etmə və ya əmlakı idarə etməyə faktiki başlama iddiaçı tərəfindən deyil cavabdeh tərəfindən olduğundan iddia tələbi təmin olunmamalıdır. İzahatında həmçinin bildirmişdir ki, iddiaçı öz payından cavabdehin xeyrinə imtina etmiş və onlar arasında hər hansı bir razılaşma olmamışdır. Vərəsəliklə bağlı sənədləşmə işlərinin aparılması ilə bağlı iş üzrə dindirilmiş şahid Ədalət Məmmədov cavabdehə köməklik etmiş və bu səbəbdən cavabdeh Ədalətə borclu qalmışdır. Həmin borcu verə bilmədiyinə görə Ədalətin təkidi ilə hazırki iddia iddiaçı tərəfindən qaldırılmışdır. Hətta miras qalmış əmlaka dair Nazimin adına verilmiş çıxarışı Ədalət özündə saxlamaqla Nazimə vermir. İddiaçı könüllü olaraq ailə qurduqdan sonra 20 ildən çoxdur ki, özünün yaşamadığı, cavabdehin faktiki qəbul etdiyi miras əmlakdan onun xeyrinə imtina etmiş, xx.xx.2019-cu il tarixdən hazırki dövrə qədər bu halı mübahisələndirməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı özü də bildirmişdir ki, 2020-ci il tarixdən oğlunun yas mərasimində qardaşı ona demişdir ki, o, notariusda öz payından imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs ünvan 2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iş üzrə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, iş üzrə tərəfləri tanıyır. Belə ki, Həqiqət ilə Nazim bacı-qardaşdırlar və onlarla qonşu olmuşdur. Həqiqət ilə Nazimin ataları ayrıdır, onlar ögey bacı-qardaşdırlar. Anaları Sayaddan qalmış əmlakın Nazimin adına rəsmiləşdirməsində o köməklik etmişdir. Belə ki, Nazim ona anasından qalmış əmlaka müştəri olduğunu bildirmiş və əmlakın sənədləşdirilməsində ona köməlik etməsini xahiş etmişdir. Nazim ona bildirmişdir ki, əmlakı sənədləşdirməyə pulu yoxdur, ona görə də sonda “hallalıq” verəcək. Onun miras qalmış əmlakın sənədləşdirmə işləri ilə bağlı rüsumların ödənilməsi üçün 1000 manat xərci çıxmış, Nazim isə ona 3000 manat pul verəcəyinə söz vermişdir. O, miras qalmış əmlakın Nazimin adına sənədləşdirilməsi işlərini görmüş, çıxarış və texniki pasport almışdır. Hazırda da həmin sənədlər ondadır. Bir müddət əvvəl isə Həqiqət ona yaxınlaşaraq bildirmişdir ki, Nazim ona pul vermir. Bundan sonra bilmişdir ki, Nazim Həqiqəti aldatmışdır. İfadəsində həmçinin bildirmişdir ki, Nazim ondan köməklik istəyəndə o, Nazimə izah etmişdir ki, miras əmlak bütün vərəsələrin adına rəsmiləşdirilməlidir. Lakin, miras əmlak bir şəxsin adına rəsmiləşdirildiyi halda həmin əmlakın satılması daha asan olacaqdır. Bir müddətdən sonra Nazim ona bildirmişdir ki, o, evdə Həqiqətlə danışaraq məsələni həll etmiş və Həqiqət miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etməyəcək. Belə ki, Nazim ona bildirmişdir ki, Həqiqətlə onun arasında razılaşma var ki, o, miras qalmış əmlakı satdıqdan sonra Həqiqətə çatası paya görə pul verəcəkdir. Daha sonra notariusda olan zaman Sayadın ailə tərkibi ilə bağlı arayış əldə edildikdə müəyyən olunmuşdur ki, Sayadın Əliyoldaş adlı bir uşağı da var. Bundan sonra o, çöldə gözləmiş və notarius ilə Nazim təklikdə danışdıqdan sonra Nazim çölə çıxmış, bu məsələni də həll etdiyini bildirmiş və Əliyoldaş vərəsələr sırasından çıxarılmışdır. Nazim ona bildirmişdir ki, Əliyoldaş adlı qardaşları olmuş, lakin ölmüşdür. Nazimin notariusla təklikdə nə haqqında danışmaları barədə məlumatı yoxdur. Daha sonra Həqiqət notarius orqanına gəlmişdir. Həqiqət gələndən sonra notariusun kabinetinə daxil olmazdan əvvəllər koridorda Nazimlə söhbət etmişdir. Həqiqət onun yanında Nazimdən onu aldatmayacağı, sənədləri imzalaması üçün Nazimin ona pul verəcəyi barədə soruşmuş, Nazim də Həqiqətə narahat olmamasını və torpağı satdıqdan sonra ona pul verəcəyini bildirmişdir. Bundan sonra Həqiqət gedib sənədləri imzalamışdır. Həqiqət şəxsən notariusun yanında olmamış, notariat orqanının Səbinə adlı işçisinin yanında olmuş və həmin işçi tərəfindən təqdim olunmuş jurnalı və sənədləri imzalamışdır. Həqiqətin gözləri pis gördüyündən notariat orqanın işçisi tərəfindən əlindən tutularaq sənədlərə imza atdırılmışdır. Həqiqət həmin zaman hansı sənədlərə imza atdığını bilməmişdir. Notariat orqanının əməkdaşı Həqiqətə hüquq və vəzifələrini izah etməmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, Həqiqət sənədləri imzaladığı vaxtda o, koridorda gözləmiş, Həqiqətin yanında olmamışdır. Daha sonra Nazim ona etibarnamə vermiş, o da miras əmlaka dair Nazimin adına çıxarış və texniki pasport almışdır. Nazim, son vaxtlara kimi Həqiqətə pul verəcəyini bildirmiş, lakin verməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin, şahid ifadəsini dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisində açılmış 2V-254 nömrəli vərəsəlik işi materiallarının təsdiq edilmiş surətlərindən görünür ki, həmin vərəsəlik işi xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə qurtarmışdır. X10 xx.xx.1999-cu il tarixdə ölmüş (AZ-İ seriyalı 991490 nörməli ölüm haqqında şəhadətnamə), ondan miras qalmış Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, ev 7 “B” əmlaka dair vərəsəsi, oğlu Cavabdeh 1/1 hissədə payı olması, miras əmlakın 33.1 kv.metr olan fərdi yaşayış evindən və 0,0944 ha olan torpaq sahəsindən ibarət olması barədə xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin notariat işində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5A nömrəli fərdi yaşayış evi və 0.0944 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alınmışdır. Həmin notariat işində olan xx.xx.2019-cu il tarixli ünvan 2 ünvanlanmış Cavabdeh ərizəsindən görünür ki, xx.xx.1999-cu ildə ölmüş anası X3 miras qalmış Şağan qəsəbəsi N.Məmmədov küçəsidə yerləşən 5A nömrəli evi qəbul edir. Həmin notariat işində olan İddiaçı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ünvan 3ir Vədətov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.1999-cu il tarixdə ölmüş X3 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan vərəsəliyi qəbul etmir və qəbul etmək niyyətində deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268ci maddəsi yəni, mirasdan imtinanın hüquqi nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyü ona izah edilmişdir. Gələcəkdə pay tələbi ilə məhkəmədə iddia qaldırılmayacaqdır. Həmin notariat işində olan İddiaçı notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ünvan 3ir Vədətov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Dadaşova Əliyoldaş 1954-cü ildə doğulmuş və 6 aylığında ölmüşdür. Mərhum bacısı Dadaşova Əliyoldaşa ölüm kağızı alınmamışdır. Mərhum anası X3 miras qalmış ünvan 4 ünvanında yerləşən evə və mülkiyyətində olan torpaq sahəsinə dair yeganə vərəsəsi Cavabdeh olmasının nəzərə alınmasını xahiş etmişdir. Həmin notariat işində olan Cavabdeh notariat ofisinə ünvanladığı xx.xx.2019-cu il tarixli ünvan 3ir Vədətov tərəfindən təsdiq edilmiş ərizəsindən görünür ki, Dadaşova Əliyoldaş 1954-cü ildə doğulmuş və 6 aylığında ölmüşdür. Mərhum bacısı Dadaşova Əliyoldaşa ölüm kağızı alınmamışdır. Mərhum anası X3 miras qalmış ünvan 5 ünvanında yerləşən evə və mülkiyyətində olan torpaq sahəsinə dair yeganə vərəsəsi odur. Gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür. Həmin notariat işində olan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 397 nömrəli arayışın surətindən görünür ki, X10 ölənədək, yəni xx.xx.1999-cu ilədək N.Məmmədov küçəsi ev 7b ünvanında yaşamış, ailə üzvləri Cavabdeh, İddiaçı və X12r. X14 ölmüşdür. Həmin notariat işində olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışdan görünür ki, X4 Həqiqət Dadaşova və Əliyoldaş Dadaşova adlı uşaqları vardır. Həmin notariat işində olan AZ-T seriyalı, 084306 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1956-cı ildə doğulmuş Cavabdeh anası X6r. Həmin notariat işində olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh onun adından X1 işlərini aparması, torpaq sahəsinin, tikilinin özgəninkiləşdirilməsi ilə bağlı bütün hüquqi hərəkətlərinin və sairə hərəkətlərin etməsi barədə vəkalətləndirmişdir. İş materiallarında olan ünvan 6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1999-cu ildə ölmüş X3 miras qalmış ünvan 4-ya dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsi, yəni mirasdan imtinanın hüquqi nəticələri və həmin ərizənin geri götürülməsinin mümkünsüzlüyünə əsasən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada verilməsinin mümkün olmaması və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1999-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama nəticəsində aşkar edilmişdir ki, X4 ailə tərkibi qızı, İddiaçı və oğlu, X5r. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, miras qoyan X10 xx.xx.1999-cu il tarixdə ölmüş, vərəsəlik işi isə xx.xx.2019-cu il tarixdə başlanmışdır. Mərhumdan miras əmlak kimi Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsində yerləşən 5A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0944 ha torpaq sahəsi qalmışdır. Mirasqoyanın ölümündən sonra miras qalmış həmin əmlakda cavabdeh, öz ailəsi ilə birlikdə yaşamış, iddiaçı isə ərinə məxsus Mərdəkan qəsəbəsində yerləşən evdə yaşamışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı anası Sayad Dadaşovdan miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan imtina etməsi barədə ərizə vermişdir. Miras əmlaka dair Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisi tərəfindən cavabdeh 1/1 hissədə payı müəyyən edilməklə müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçı anası X4 ölümdən sonra, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmiş, o yalnız mirasın açılmasından 23 il sonra 2023-cü ilin yanvar ayında vərəsəliklə bağlı notariat orqanına müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsə sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Sadalanan qanunvercilik normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, miras qoyanın 3 uşağı olmuş, İddiaçı, X9 və Cavabdeh. Miras qoyanın ölümündən sonra iş üzrə Cavabdeh miras əmlakı faktiki qəbul etmişdir. İşin müəyyən edilmiş hallarına əsasən isə iş üzrə iddiaçı tərəfindən miras əmlakın açıldığı vaxtdan faktiki qəbul edilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Mirasın açıldığı yerin notariusu tərəfindən Cavabdeh müraciəti əsasında vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin vərəsəlik işindən görünür ki, iş üzrə iddiaçı anası X3 qalmış bütün daşınar və daşınmaz əmlakdan imtina etməsi barədə notariusa ərizə vermiş və həmin ərizə notarius tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən mirasın açıldığı yerin notariusuna mirasın qəbul edilməsi barədə müraciəti isə yalnız 23 il sonra olmuşdur. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən vərəsəlik formal qaydada da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul edilməmişdir. Qanunvericiliyə əsasən isə miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə, həmçinin iddiaçının notariat orqanı tərəfindən təsdiq edilmiş miras əmlakdan imtina etməsi barədə ərizəni oxumadan imzalamasına dair iddiaçının əsası ilə bağlı qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, Cavabdeh tərəfindən notariat ofisinə müraciət edilməzdən əvvəl iddiaçı ilə onun arasında miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı danışıqlar aparılmış və həmin danışıqlar əsasında iddiaçı notariat ofisinə getmiş və həmin ərizəni imzalamışdır. Həmin ərizənin iddiaçı tərəfindən imzalanması işin mübahisə edilməyən halından ibarətdir. İddiaçının özünün izahatından və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidin ifadəsindən müəyyən olunur ki, iddiaçının notariat ofisinə hansı məqsədlə getməsi ona qabaqcadan məlum olmuşdur. Belə ki, iddiaçı izahatında miras əmlakın gələcəkdə cavabdeh tərəfindən satıldıqdan sonra əldə edilən pul məbləğindən ona da veriləcəyi təqdirdə özgəninkiləşdirilməsinə razılıq verdiyini bildirməklə dolayısı ilə miras əmlakdan məhrum olacağını anladığını etiraf etmiş, eyni zamanda iş üzrə şahid qismində dindirilmiş və həmin ərizənin imzalandığı vaxtı iş üzrə tərəflərlə birlikdə notariat ofisində olmuş Ədalət Məmmədovun ifadəsindən də məlum olur ki, notariat ofisində Həqiqət Nazimdən sənədləri imzalaması üçün onu aldatmadığına dair sualına cavab aldıqdan sonra ərizəni imzalamışdır. Bununla məhkəmə, iddiaçının imzaladığı sənədin mirasdan imtina etməsi barədə ərizədən ibarət olmasına dair məlumatının olmaması barədə dəlilinə tənqidi yanaşaraq bu halla bağlı mötəbər sübutların məhkəməyə təqdim edilmədiyi qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mirasdan imtina etməsi barədə ərizəsinin etibarsızlığına dair iddia irəli sürülməməklə mübahisələndirilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı, cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsinin mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə xx.xx.2019-cu il tarixdə verilmiş, cavabdeh isə bu barədə məhkəmə iclasında verdiyi izahatına əsasən 2020-ci ilin sentyabr ayında oğlunun yas mərasimində bilmiş, lakin bundan sonra yuxarıda qeyd olunan müddətdə müvafiq hərəkətlər etməmiş, yalnız 2023-cü ildə ona vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə, ordan imtina aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Bununla da mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Qeyd olunanlardan başqa iddiaçı tərəfin cavabdehə vərəsəlik haqqında şəhadətnamə verildiyi zaman miras qoyanın onlardan başqa vərəsəsi olmasını və həmin vərəsənin nəzərə alınmamasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yalnız həmin vərəsənin və ya həmin vərəsənin vərəsələri tərəfindən (irsi transmissiya qaydasında) bu halın mübahisələndirilməsi hüquqları vardır ki, iddiaçının başqa vərəsə əvəzinə çıxış etməklə bu halı mübahisələndirməsi istisna edilir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iş üzrə cavabdehə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisi) qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar