Məhkəmə qərarları › İş №2(003)-1267/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1267/2022

22.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1267/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 4301.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ona qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan istifadə etdiyi elektrik enerjisi üzrə 5367.04 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia qismən təmin edilərək, cavabdeh İddiaçı elektrik enerjisi sərfiyyatına görə 1007.30 manat pul və 10 manat dövlət rüsumu olmaqla, cəmi 1017.30 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. 1017.30 manat pulu "xxxx" ASC-nin hesabına tam olaraq ödəmişdir, lakin onun abonent hesabında 4301.86 manat pul qalmışdır. Hazırkı iş üzrə cavabdeh təşkilat borcunun olmadığı halda sistemlərində 4301.86 manat borc saxlanılmışdır. Qeyd olunanlara əsasən, "xxxx" ASC tərəfindən hesablanmış 4301.86 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2246/2021 saylı qətnaməsinin təhlilindən müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi 4301.86 manat borc sərfiyyat borcu olmaqla 2016-cı ilə qədər olan müddətdə yaranmışdır. Belə ki, iddiaçı 2016-cı il tarixindən sonrakı dövrlərdə elektrik enerjisindən mütəmadi olaraq istifadə etmiş və hər ay elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borcun ödənilməsi ilə bağlı təqdim etdikləri bildirişlərdə cari borcun qeyd edilməsi ilə bərabər, abonentin köhnə illərdən də qalıq borcunun olması öz əksini tapmışdır. Bu, bir daha onu deməyə əsas verir ki, iddiaçı silinməsini tələb etdiyi borcun mövcudluğundan xəbərdar olmuş, borcun yaranmasından 5 ildən artıq vaxt keçməsinə baxmayaraq, mübahisələndirdiyi məbləğin silinməsi barədə vaxtında məhkəmədə iddia qaldırmamış və qanunvericilikdə bu növ işlər üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı istifadəsində olan **********20020 kodla qeydiyyata alınmış işıq xətti üzrə 197046 saylı akt tərtib edilmiş, istehlakçının akt üzrə yazılmış borcu 4301.86 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2246/2021 09.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət edilərək İddiaçı 5367.04 manat borcun tutulması xahiş olunmuş, lakin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, sərfiyyata görə hesablanmış 8488.88 manat borcun 7481.58 manatı 2016-cı ilin may ayınadək, 1007.3 manatı 2016-cı ilin may ayından hazırkı vaxtadək hesablanmış borcdur. Abonentə 2016-cı ilin may ayınadək hesablanmış borc müddətin keçməsinə görə abonentdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh tərəf iddiaçının silinməsini tələb etdiyi 4301.86 manat borcun sərfiyyat borcu olmaqla 2016-cı ilə qədər olan müddətdə yarandığını əsas gətirərək, iddia tələbi üzrə iddia müddətinin keçdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin sonuncu beş ili əhatə etməyən vaxtaşırı ödənişlərlə bağlı yaranmış borcu tələb etmək hüququ olmadığından, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı, cavabdeh tərəf iddiaçının qeyd olunan borc üzrə 09.06.2021-ci il tarixli qətnamənin qəbul edilməsindən əvvəl məlumatlı olmasına dair öz etirazını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus abonent hesabında mövcud olan 4301.86 manat borc 2016-cı ilin may ayınadək hesablanmışdır və "xxxx" ASC tərəfindən həmin borc istehlakçıdan tələb edilə bilməz. Beləliklə, bütün qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı əsassız hesablanmış 4301.86 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 63 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı **********20020 abonent kodu üzrə əsassız olaraq hesablanmış 4301.86 (dörd min üç yüz bir manat səksən altı qəpik) manat borc silinsin. "xxxx" ASC-dən 63 (altmış üç) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar