Məhkəmə qərarları › İş №2(003)-1282/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1282/2021

02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1282/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (Xəzər) rayon XDS- İK-nin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarda və Arxiv araşında onun adının Məmməd kimi qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əzizbəyov (Xəzər) rayon XDS- İK-nin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarda onun adı Mamed kimi qeyd edilmişdir. Arxiv arayışında Gülmətov Mamed göstərilmişdir. Lakin qalan bütün sənədlərdə isə Məmməd kimi qeyd edilmişdir. O, Xəzər rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun ərizəsi təmin edilməmişdir. bu barədə Xəzər rayon Qeydiyyat şöbəsinin xx/xx-1184 saylı xx xxxxxx 2020-ci il tarixli məktubu ilə rədd cavabı verilkmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Əzizbəyov (Xəzər) rayon XDS- İK-nin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarda və Arxiv araşında onun adının Məmməd kimi qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşdirmə ərizəsi verərək, Əzizbəyov (Xəzər) rayon XDS- İKnin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarın ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 1993-cü ildən ərizəçi onun qonşusudur. Onlar bir yerdə işləmişlər. Torpaqları bir yerdə almışlar. O, ərizəçini Ərizəçi kimi tanımışdır. Məmməd Gülmətov hal-hazırda həmin torpaq sahəsində inşa edilmiş evdə yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı məktubundan aydın olur ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəyə başılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində faktiki sahə ilə konfiqurasiya fərqi mövcuddur. Həmçinin, təqdim edilmiş sərəncamda torpaq sahəsinin ölçüsündə düzəliş olunub, vətəndaşın adında fərq vardır. Bununla yanaşı, göstərilən ərazi sənəd üzrə 0,08 ha faktiki olaraq 0,1015 ha təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubliası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reystri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsibə əsasən hüquqların qeydiyyatdan imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının ərizəçiyə ünvanladığı xx.xx.2017-ci il tarixli 9-11-112 saylı arxiv arayışından aydın olur ki, Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 12 saylı Qərarin təsdiqlənmiş kserosurətindən görünür ki, Gülmətov Mamed (sənəddə olduğu kimi) Gülmət oğlunun adınadır. İş materiallrında olan Buzovna qəsəbəsində ayrılmış 49 saylı sahənin cizgisi və xəritədən çıxarışından görünür ki, Ərizəçi ayrımışdır. İş materillarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xəzər RİH-i başçsının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ünvan 8 ünvanda qeydiyatsız yaşayır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.1954-cü ildə Qusar rayonunu, Qarat-Oba kəndində doğulmuş Ərizəçi məxsus şəxsiyyət vəsiqəsində onun adı “Məmməd” kimi göstərilsə də, Əzizbəyov (Xəzər) rayon XDS- İK-nin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarda ərizəçinin adı “Mamed” kimi qeyd edilmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsində onun ata adının və soyadının mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız adında olması Əzizbəyov (Xəzər) rayon XDS- İK-nin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarın xx.xx.1954-cü ildə Qusar rayonunu, Qarat-Oba kəndində doğulmuş Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Buzovna qəsəbəsində yerləşən 49 saylı sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) X3 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 92 saylı qərarının xx.xx.1954-cü ildə Qusar rayonunu, Qarat-Oba kəndində doğulmuş Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov rayon (indiki Xəzər rayonu) X3 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 92 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” qərarın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar